“Jurnalistlər siyasi mövqeyinə deyil, peşəsinə görə evlə təmin olunmalıdır” – ADP-dən BƏYANAT

Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət əsas müzakirə obyekti olub.
Muxalifet.az xəbər verir ki, toplantı iştirakçıları ilk növbədə ötən həftə bir qrup jurnalistlərin dövlət hesabına tikilən yeni binada mənzillərlə təmin olunması məsələsinə diqqət çəkərək, bu hadisənin təqdirəlayiq hal olduğunu qeyd edib, eyni zamanda jurnalistlərin mənzillə təmin olunması prosesinin siyasi konyukturaya məruz qalmasını, şəffaflığın təmin edilməməsini, bir çox jurnalistlərin ayrı-seçkiliyə məruz qalmasını, siyasi sifarişlə bəzi mətbuat işçilərinin dövlət hesabına tikilən mənzillərdən əldə etmək imkanlarının məhdudlaşdırılmasını kəskin tənqid edərək bildirib ki, jurnalistlər siyasi mövqeyinə və fəaliyyətinə görə deyil, peşəsinə görə evlə təmin olunmalıdır. Toplantı iştirakçıları eyni zamanda Milli Mətbuat günü ərəfəsində həbsdə olan jurnalistlərin azadlığa buraxılmamasını təəssüf hissi ilə qeyd edib.
İdarə Heyəti son illər ödənişli təhsil sistemində təhsil alan on minlərlə tələbənin təhsil haqlarını ödəmək imkanı olmadığına görə təhsillərini yarımçıq qoyması faktına diqqət çəkərək ölkədə ödənişli təhsil sistemində müəyyən edilmiş qiymətlərin vətəndaşların real gəlirlərinə uyğun olmadığından minlərlə gənclərin təhsil almaq hüququnu itirməsini kəskin şəkildə pisləyib və müvafiq dövlət qurumlarını bu məsələyə müdaxilə etməsinin vacibliyini qeyd edib.
İdarə Heyəti Rusiyanın separatçı Cənubi Osetiya regionunda dislokasiya olunmuş Rusiya hərbi qüvvələrini Gürcüstanın Kaspi rayonunun Karapila kəndi istiqamətində “sərhədlərin demarkasiyası” adı altında irəliləməsini və Azərbaycanın Bakı-Supsa ixrac neft kəmərinin bir hissəsini öz nəzarəti altına alması faktına da münasibət bildirib. İdarə Heyəti belə hesab edib ki, Rusiyanın bu addımı ilk növbətə beynəlxalq hüquq normalarına növbəti dəfə hörmətsizliyidir, suveren və müstəqil Gürcüstan dövlətinə qarşı işğalçılıq siyasətinin davamıdır. İdarə Heyəti daha sonra bildirib ki, Rusiya son zamanlar Azərbaycana qarşı da təzyiqlərini artırıb. Azərbaycan diaspor təşkilatının Rusiyada qeydiyyatının ləğv olunması, rus hərbi gəmilərinin Azərbaycana gətirilməsi, erməni mənşəli Rusiya vətəndaşları ilə bağlı verilən bəyanat, Ermənistanla hərbi ittifaqın yaradılması Rusiyanın Azərbaycana artan təzyiqlərinin göstəricisidir ki, bu təzyiqlərlə Rusiya gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində öz maraqlarını təmin etmk məqsədi daşıyır.
İdarə Heyəti iyulun 19-da qondarma “DQR”-da keçirilən prezident seçkilərinə də münasibət bildirib. İdarə Heyəti bu addımı Ermənistanın növbəti provakasiyası və atəşkəs rejiminin tələblərinə zidd addım kimi dəyərləndirərək, Azərbaycan hakimiyyətini işğal olunmuş ərazilərimizdə işğalçıların həyata keçirdiyi bütün layihələrin qarşısını almağa çağırıb.
İdarə Heyəti son zamanlar əsgəri xidmətdə olan gənclərin müəmmalı ölüm hallarından ciddi narahatçılığını ifadə edərək, Azərbaycan Müdafiə Nazirliyini bu tipli ölüm halları ilə bağlı ictimaiyyətə məlumat verməyə çağırıb.
 
Muxalifet.az