Jurnalistlərə mənzillərin verilməsi sosial mediada: MÜXTƏLİF BAXIŞLAR

Azərbaycan prezidenti İlham Əliyev Milli Mətbuat Günü münasibətilə 255 jurnalistə yeni tikilmiş binada mənzillərin paylanılması tədbirində iştirak edib.
 
Mərasimdə mənzil alan jurnalistlər prezidentlə selfi çəkdirərək sosial mediada paylaşıblar.
Jurnalistlərə mənzillərin verilməsi sosial mediada müzakirələrə də səbəb olub.
Bəzi istifadəçilər bu addımı alqışlasalar da, tənqid edənlər də olub.
"Jurnalistlər evə də layiqdirlər, yaxşı yaşamağa da, hörmət-izzətə də. Alacaqsınız evinizdə xoşbəxt yaşamağa çalışın. Amma unutmayın.
Sadəcə bilin, o evləri sizlərə əsil jurnalislər verdirir. Onlar olmasa sizə ev-filan tikib verməzdilər…
Hələ ki, onlar var, verəcəklər. Hələ ki, vicdanla çalışan, peşə şərəfini qoruyan, doğruları xəbərləyən jurnalistlərimiz var, jurnalistləri ələ almağa çalışacaqlar. Korrupsiya, israfçılıq, yarıtmaz idarəetməyə jurnalistləri də şərik etmək üçün", Media Hüququ İnstutunun direktoru Rəşid Hacılı Facebook-da yazıb.
Jurnalistlər üçün mənzillərin payılanması mərasimində çıxış edən 525-ci qəzetin baş redaktoru Rəşad Məcid isə ölkə başçısına təşəkkürünü bildirib.
"Cənab Prezidentə bu qədər jurnalist ailəsini sevindirdiyinə görə - bu böyük Savaba görə sonsuz təşəkkürümü bir daha çatdırıram! 4 il öncə olduğu kimi...", jurnalist Facebook-da yazıb.
Khadija Ismayilova @Khadija_Ismayil
Nəfsinə qalib gələn, ev şəklində və bütün digər formalarda rüşvət almayan bütün jurnalistlərə salamlar.
Eviniz qəlbimizdir!
6:42 PM - 19 Jul 2017
  2 2 Retweets   14 14 likes
Jurnalist Xədicə İsmayıl isə "nəfsinə qalib gələn, ev şəklində və bütün digər formalarda rüşvət almayan jurnalistləri" salamladığını yazıb. "Eviniz qəlbimizdir!" jurnalist əlavə edib.
"Ölkə Prezidentinə 4 əməkdaşımıza, bir neçə yazarımıza, Azərbaycanın dəyərli imzalarına hazır, təmirli və hətta döşənmiş mənzil bağışladığına görə təşəkkür edirəm! Böyük qiymətdir!" - Bunu Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu Facebook statusunda yazib.
Bu, jurnalistlər üçün tikilmiş ikinci belə binadır. Binanın tikintisinə və ətraf ərazidə abadlıq işlərinin aparılmasına 22 milyon manatdan artıq vəsaitin sərf olunduğu bildirilir.
Tədbirdən sonra İlham Əliyev jurnalistlər üçün inşa ediləcək üçüncü yaşayış binasının təməlini qoyub.