Jurnalistin atasının ölümünə səbəb olan şəxs hakim qarşısında - 166 MİNLİK İDDİA

Jurnalist İmdad Əlizadənin atasını maşınla vurub ölümünə səbəb olan şəxs hakim qarşısına çıxarılıb.
Muxalifət.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Məhkəmə hakim Samir Məmmədovun sədrliyi ilə keçirilib.
Bildirək ki, qəza zamanı xəsarət alan Əli Əliyev hadisədən 1 il 4 ay 18 gün sonra dünyasını dəyişib.
Məhkəmədə Qarabağ müharibəsi veteranı Əli Əliyevin oğlu, zərərçəkmişin hüquqi varisi jurnalist İmdad Əlizadə vəsatət qaldırıb. İ.Əlizadə hadisənin 1 il 9 ay 13 gün əvvəl baş verdiyini və bu müddət ərzində təqsirləndirilən şəxsin azadlıqda olduğunu söyləyib.
Mərhumun oğlu İ.Əlizadə təqsirləndirilən S.Qarayevin barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirinin həbs-qətimkan tədbiri ilə əvəz edilməsini, onun məhkəmə zalında həbs olunmasını istəyib. Hakim vəsatətin növbəti iclasda yazılı şəkildə təqdim edilməsini istəyib. Prosesin davamında elan edilib ki İ.Əlizadə istintaq dövründə təqsirləndirilən şəxsə qarşı 166 min manat məbləğində mülki iddia qaldırıb.
Qeyd edilən məbləğ mərhumun müalicəsinə xərclənib. Ə.Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxayana əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib.
Mərhumun dəfn və yas mərasimlərinə xərclənən 14000 manat civarında pul da bu məbləğə daxil edilib. Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir.
Məhkəmənin davamında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, S.Qarayev 2016-cı ilin fevral ayının 14-də saat 06:50 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "GAC MİNİK" markalı, 99-AD-434 qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olarkən yolun Z.Bünyadov prospekti 70A saylı ünvanın qarşısına düşən hissəsində "Yol hərəkəti haqqında" qanunun 50-ci maddəsinin 1-ci hissəsinin - sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir, kimi tələbləri pozaraq, piyadalar Əliyev Əli Əlqəmə oğlu və Talıbov Əliəskər Məmmədli oğlunun yolu onun hərəkət istiqamətinə nəzərən sağdan sola keçdiklərini gördüyü halda idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməyib və həmin avtomobilin qabaq tərəfi ilə piyadaların hər iksini vurub.
Nəticədə o, ehtiyatsızlıqdan Ə.Əliyevin sağlamlığına ağır kəllə-beyin travması, kəllə əsası sümüklərinin sınığı, baş beyində çoxsaylı lokal qansızma ocaqları, yan mədəcikdə qansızma, burun sümüyünün sınığı, sol baldır sümüklərinin çoxqəlpəli sınıqları, ağciyərdə kontuziya ocaqları, sağ VI-VII qabırğalarda öndə sınıq, hər iki döş boşluğunda sərbəst yağıntı kimi həyat üçün təhlükəli və ölümü ilə birbaşa səbəbli əlaqədə olan ağır zərər vurmaqla ölməsinə səbəb olan qəza törədib və bu zaman yol nəqliyyatı qaydalarını pozub.
Digər zərərçəkmiş Ə.Talıbovun sağlamlığına ağır zərər vurmaqla yol nəqliyyatı qaydalarını pozub. Elan olunmuş ittiham üzrə S.Qarayev özünü təqsirli bilib, amma mülki iddianı qəbul etməyib. Təqsirləndirilən şəxs məhkəmədə sərbəst ifadə verib, sualları cavablandırıb.
Prosesdə zərəçəkmiş Ə.Talıbov dindirilib. O, da hadisə barədə danışıb və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu söyləyib: "Hadisədən sonra Seymur Qarayev mənə heç bir köməklik göstərmədi. Qəzadan sonra aldığım xəsarətlərə görə işləmirəm. Hazırda sosial vəziyyətim çox acınacaqlı durumdadır. O, mənə yalnız xəstəxanada olan zaman bir az yardım göstərdi. Daha sonra isə mənə heç bir köməklik etmədi. Hətta Seymur Qarayev xəstəxanada mənim MRT müayinə cavablarını özü ilə aparıb və bu günə qədər də qaytarmayıb. O, mənə dedi ki, "get rayona, sənə orada yardım göstərəcəm". Lakin Seymur Qarayev dediyinə əməl etmədi. Hətta ona zəng edəndə dəfələrlə mənə deyib ki, gəlib sənə baş çəkəcəm. Amma bir dəfə də gəlmədi və dediklərinin hamısı yalan çıxdı". 
Ə.Talıbov təqsirləndirilən S.Qarayevin istintaqda və məhkəmədə yalan ifadələr verdiyini söylətəyib. O, deyib ki, sürücü onları gördüyü halda maşının əyləcini basmayıb, maşını nə sağa, nə də sol tərəfə çəkib: "Yalnız bizi vurduqdan sonra maşını saxladı. İndi yalandan deyir ki, güya biz qəfildən avtomobilin qarşısına çıxmışıq. Bunlar hamısı yalandı".
Məhkəmə zərərçəkmişin hüquqi varisi İ.Əlizadəyə ifadə verməsi üçün söz verib. Lakin o, ifadə verməyə hazır olmadığını, növbəti iclasda danışmaq istədiyini qeyd edib.
S.Qarayev Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.
İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Hadisə 2016-cı ilin fevral ayının 14-də baş verib. Qəzadan sonra Ə.Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.
Xatırladaq ki, Ə.Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardan biri olub. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb.
Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Ə.Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Ə.Əliyev və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən "54 gün mühasirədə” adlı sənədli film çəkilib. O, həmçinin "54 gün erməni mühasirəsində” kitabının müəllifidir. Ə.Əliyev altı övlad böyüdüb./musavat.com/