​Jurnalistin atasını öldürən AZAL işçisi ilə bağlı QƏRAR verildi

Baxış sayı:
5881

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) işçisi Seymur Qarayevin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifət.az xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə Seymur Qarayevin cəzasını 4 il 6 aya endirilməsi barədə qərar qəbul edib.
Qərara əsasən, zərərçəkmiş Əli Əliyevin hüquqi varisi, oğlu İmdad Əlizadənin apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə hüquqi varisin maddi, mənəvi və mülki iddiasını qismən təmin edib. Belə ki, 166 min manat maddi və mənəvi zərərdən 120 min 931 manat ziyanın ödənilməsi təmin edilib. Bu, Mərkəzi Klinika və Avrasiya hospitalında mərhum Əli Əliyevin müalicəsinə sərf olunan hissəyə şamil edilib. 120 min 931 manatın 3 min manat isə mənəvi təzminat kimi nəzərə alınıb.
Məhkəmə belə nəticəyə gəlib ki, "Semoşka" və Bakı Sağlamlıq Mərkəzində müalicəyə sərf edilən vəsaitin, eyni zamanda yas mərasimi üçün çəkilən xərclərin qəbzləri məhkəməyə təqdim edilmədiyi üçün həmin hissə baxılmamış saxlanılıb.
İmdad Əlizadə Bakı Apelyasiya Məhkəməsinin qərarından narazı olduğunu və Ali Məhkəməyə kasasiya şikayəti verəcəyini bildirib. O söyləyib ki, apelyasiya şikayətində mülki iddiasının tam təmin edilməsi və təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyir.
Nərimanov rayon Məhkəməsinin hökmü ilə Seymur Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Seymur Qarayevin barəsində həbs qətimkan tədbiri seçməyib. Onun başqa yerə getməməklə bağlı polis nəzarəti qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, hadisədən 1 il 4 ay 18 gün sonra dünyasını dəyişmiş Qarabağ müharibəsi veteranı Əli Əliyevin oğlu, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadə təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırıb. İmdad Əlizadənin istintaq dövründə təqsirləndirilən şəxsə qarşı 166 min manat məbləğində mülki iddia qaldırdığı açıqlanıb. Məlum olub ki, mərhum Əli Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxanaya əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda, dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edib.
İttihama görə, Seymur Qarayev 2016-cı ilin fevral ayının 14-də saat 06:50 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “GAC MİNİK” markalı avtomobil ilə Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olarkən yolun Z.Bünyadov prospekti 70A saylı ünvanın qarşısına düşən hissəsində yol hərəkəti qaydasını pozub. Nəticədə, piyadalar Əli Əliyev və Əliəskər Talıbovu vurub. Baş verən qəza nəticəsində Əliəskər Talıbov tibbi yardım alıb, Əli Əliyevə isə uzun müddət tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzadan sonra Əli Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"da müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Əli Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.
Əli Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardandır. 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Əli Əliyev və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən "54 gün mühasirədə” adlı sənədli film çəkilib. O, həmçinin "54 gün erməni mühasirəsində” kitabının müəllifidir. Əli Əliyev altı övlad böyüdüb, tanınmış jurnalist İmdad Əlizadənin atasıdır.