Jurnalist istintaq idarəsinə aparılıb

Jurnalist Əziz Orucov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinə aparılıb.
 
Bu barədə hüquq müdafiəçisi Samir Kazımov facebook səhifəsində yazıb.
“Vəkil Elçin Sadıqovla "Siyəzən işi" məhkəməsindəyik. İndicə Elçin bəyə müstəntiq zəng edərək jurnalist Əziz Orucovun Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparıldığını dedi. Müstəntiq bildirib ki, Əziz Orucov vəkil kimi Elçin Sadıqovu istəyib. Vəkil məhkəmədən çıxıb ora gedəcək”, o yazıb.
"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov ötən ay Bakının Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib. O İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılıb.
"Kanal 13" internet televiziyası 2008-ci il oktyabrın 10-dan canlı yayımlanır.
"Kanal 13" saytında bildirir ki, özlərini digər efir məkanlarında azad ifadə etməyə imkan tapmayan QHT-lərin, hüquq müdafiəçilərinin, gənclər təşkilatlarının, ictimai birliklərin və digər qurum və təşkilatların nümayəndələrinə söz demək, həmçinin irqindən, dilindən, dinindən, cinsindən, milliyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabər efir imkanı yaradır.