​Jirinovskiyə qısa tarix dərsi – SƏRDAR CƏLALOĞLUNUN YAZISI

Rusiya əhalisini DNK testindən keçirdikdə sübut olunar ki, etnik ruslar mənşcə slavyan yox, həqiqətən türkdür

Rusiya uzun illər türklərin hakimiyyəti altında olmayıbsa, onda rus dilində bu qədər türk sözü necə meydana çıxıb?!

Əgər Azərbaycan Qriboyedovun “qanbahası” kimi Rusiyaya verilibsə, onda Qriboyedovun ölümündən çox-çox əvvəl “Gülüstan” müqaviləsi necə bağlanib və o, “Türkmənçay” müqaviləsinin bağlanmasında səfir kimi necə iştirak edib?!

Cənab Jirinovski!
Azərbaycanda özünə hörmət edən heç bir siyasətçi sənin türk, islam və Azərbaycan dövləti haqqında tarixi həqiqətləri ört-basdır və təhrif etməklə, zaman-zaman sərsəm çıxış və bəyanatlarına cavab verməyi özünə sığışdırmır. Çünki səni Azərbaycanda “Kreml təlxəyi” kimi tanıyırlar. Avropada da sənin çıxışlarına məhəl qoymurlar. Sənin partiyan ilk dəfə Dumaya seçkilərdə 6 milyon səs yığdıqdan sonra, Avropa analitikləri rus xalqının ruhi vəziyyəti ilə bağlı əndişələrini ifadə etmişdilər. Onlar belə hesab edirdilər ki, ağlı başında olan kimsə sənin kimi ağır psixoloji-ruhi vəziyyətdə olan insana səs verməz...
Rusiya dövlətində tutduğun mövqe və titulların səbəbindən, bəzi sadəlövh insanların sənin sözlərinə inana bilməsini nəzərə alıb, mən bu yazımla sənin bu günə kimi səsləndirdiyin və bundan sonra da səsləndirəcəyin fikirlərə bir cavab yazmağa ehtiyac hiss etdim.
“Erməni dövlətini erməni xalqı yox, rus dövləti yaradıb”
Bu yazımda sənin Rusiya Erməniləri İttifaqının (REM) media kanalına verdiyin müsahibənə əsaslanmağı məqsədəmüvafiq hesab edirəm. Hər şeydən əvvvəl ədalət naminə sənin verdiyin müsahibədə “Ermənilər unutmasınlar ki, Rusiya tarix boyu onları farslardan, türklərdən xilas edib. Biz Ermənistanı ələ keçirdik, Ermənistan yarandı. Bizim köməyimizlə...
Azərbaycanı biz ələ keçirməmişik... 
Dağıstan müsəlmanların yaşadığı yerdir və oranın əhalisinin əksəriyyəti türkdillilərdir. Ümumiyyətlə, qaraçaylar, çərkəzlər - Şimali Qafqazdakı xalqların əksəriyyəti türkdilllilərdir... 
Oktyabr inqilabına qədər Şimali Qafqazda türk dili tədris olunurdu... 
Türkiyənin şimal-şərq əyalətlərini türklərdən alıb ermənilərə vermək lazımdır. Ermənistan bu ərazilərlə birləşməlidir. Onda ermənilər Dağlıq Qarabağı unudacaqlar...
Türklər isə çıxıb Orta Asiyaya, vətənlərinə getsinlər, Daşkəndin yanında yaşasınlar. Bu, 21-ci əsrin ortalarına olan vəzifədir"
 fikrinə görə təşəkkür etməliyəm. Bizdə buna “dəlidən doğru xəbər” deyərlər. Əslində, biz də dünyaya və özünü erməni adlandıran qonşu xalqa məhz bunu inandırmaq istəyirik ki, Qafqazda “haylar” (özlərini erməni adlandıran müasir ermənilər- müəl.) son yüzilliklərdə peyda olublar. Rusiyanın işğal etdiyi Azərbaycan topraqlarını ilhaq etdikdən sonra, Yaxın Şərqdən “haylar” ı sürəkli olaraq bu ərazilərə köçürməsi nəticəsində müasir Ermənistan meydana çıxıb.

Sən bu müsahibəndə rus dövlətinin ənənəvi türk düşmənçiliyini, həm də Dağıstanın Azərbaycan-türk topraqları olduğunu, burada əsasən türkdilli xalqların yaşadığını və rusların zorla onları öz sərhədlərində saxladığını açıq şəkildə etiraf etmisən. Bəli, indiki Dağıstan Azərbaycanın tarixi ərazisidir. Nadir şahın vaxtında Əfşar türk imperiyasının Rusiya ilə sərhədləri indiki Stavropol vilayətindən keçirdi. Sonralar ruslar Azərbaycanın Şimali Qafqaz ərazilərini işğal və ilhaq etmişdir. Amma Dağıstanda türk dilinin yalnız çar dövründə tədrisi ilə bağlı dediklərin həqiqətə uyğun deyil. Bu, sovet dönəmində olmuşdur. Sovet dönəmində nəinki Dağıstanda türk dili tədris olunurdu, hətta 60-cı illərədək Dağıstana rəhbərlər Bakıdan təyin olunurdu. Çünki Dağıstan Bakıya tabe idi. Dağıstanın mərkəzi İnciqala da ruslar tərəfindən sonradan - 1844-cü ildə I Pyotr vaxtında “Petrovski”, sovet dönəmində isə “Maxaçkala” adlandırılmışdı. 
Bir sözlə, Rusyanın öz toraqlarını başqa xalqarın topraqları hesabına genişləndirmə ənənəsi sənin Ermənistanı Türkiyə dövləti hesabına böyütmək kimi sərsəmləmələrinə səbəb olub. Ağlı başında olan erməni yaxşı başa düşür ki, rusların onları gah Azərbaycana, gah Türkiyəyə, gah Gürcüstana, gah da İrana qısqırtması erməni məhəbbətindən qaynaqlanmır. Rusiyaya türk-islam dünyası ilə münaqişdə tərəf olacaq bir xalq lazımdır, hansıki müsəlman dünyası ilə münaqişə meydana çıxsın, özü isə bu münaqişdə vasitəçi kimi çıxış edərək, öz dövlətinin maraqlarını təmin etsin. 
Dağlıq Qarabağ problemini də, sənin də etiraf etdiyin kimi, ermənilərin adından ruslar yaradıb, bu problemin tezliklə və ədalətli həllinə də ruslar mane olur və problemin həllində vasitəçi kimi siyasi alver edir. 

Azərbaycan necə işğal olunub?

Sənin “Azərbaycan isə Çar Rusiyasının tərkibinə İranın qərarından sonra daxil olub - Tehranda Rusiyanın səfiri Qriboyedov qətlə yetiriləndən sonra” fikrin isə tam sənə xas sərsəmləmədir. Əvvala, dünya tarixində, o cümlədən Şimali Azərbaycan ərazilərinin Rusiya tərəfindən işğal edilməsi dövründə dünyada İran adında dövlət olmayıb. Bunu sübut etmək üçün həmin dövrdə imzalanan dövlətlərarası rəsmi əhdnamələrə baxmaq kifayətdir. İstər Napaleon Fransası, istər Çar Rusiyası, istərsə də Osmanlı İmperiyası ilə bütün müqavilələrdə tərəf Qacariyyə dövləti olmuşdur. İran coğrafi yer adıdır. İran adında dövlət rəsmən 1922-ci ildə sonuncu Qacariyyə türk şahı - Əhməd şah ingilis-rus-fars ittifaqının birgə səyi ilə taxtdan salındıqdan və fars mənşəli Pəhləvi sülaləsi hakimiyyətə gətirildikdən sonra meydana çıxıb.
“Gülüstan” və “Türkmənçay” müqavilərinin Qacariyyə dövləti adından imzalanması da bununla bağlıdır. Qacariyyə xalis Azərbaycan türklərinin bu bölgədəki 500 illik imperiyasının tarixi varisi olub və bütün Qacariyyə hökmdarları Azərbaycan türkü olub. 
Azərbaycanın Rusiyanın tərkibinə qatılmasının səbəbi ilə bağlı dediklərin də sərsəmləmədir. Qacariyyənin tərkibində olan iki Azərbaycan xanının - İrəvan və Qarabag xanının şahlıq iddiasında olması və bunun üçün Çar Rusiyasından kömək istəmələri, rusların isə bundan sui-istifadə edib Azərbaycanın Ermənistan və Qarabağ ərazilərini işğal etməsi və bu iki əraziyə özünün də etiraf etdiyi kimi, erməniləri yerləşdirməsinə səbəb olub.
Bəs Qriboyedovun ölümü ilə bağlı həqiqət necədir?Azərbaycanın Rusiyaya birləşdirilməsi iki müqavilə - “Gülüstan” və “Türkmənçay” müqaviləri ilə həyata keçirilib. “Gülüstan” müqaviləsi 1813-cü il oktayabrın 12-də Rusiya İmperiyasi ilə Qacariyyə arasında imzalanıb. Bu müqavilə ilə coğrafi Azərbaycan rus dövləti ilə Qacariyyə arasında bölünüb. Bu müqavilənin imzalanmasında İngiltərənin Qacariyyə hokmdarına təzyiqləri ciddi rol oynamışdır. Bunun səbəbi haqqında aşağıda şərh verəcəyik. Hansı ki, bu müqavilə birinci Rus-Qacariyyə müharibəsinin başa çatdırılmasına xidmət edib. 
Müqaviləyə Qacariyyənin adından şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfindən Ratişev imza atib. Bu müqavilə ilə, İrəvan və Naxçıvan istisna olmaqla, Araz çayından şimaldakı topraqları Rusiya işğal və ilhaq edib. Rusiya işğal etdiyi ərazilərin etnik mənzərəsini dəyişdirmək məqsədilə, orada erməniləri məskunlaşdırmağa başlayıb. Sonra Rusiyanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi nəticəsində ikinci Qacariyyə-Rusiya müharibəsi başlamışdır. Bu müharibədə də Avropa müttəfiqlərinin xəyanəti nəticəsində Qacariyyənin məğlub olması “Türkmənçay” müqaviləsi ilə başa çatıb. Bu müqaviləyə görə, İrəvan və Naxçıvan xanlıqları da Rusiya tərəfindən ilhaq edilib. Həmin müqavilənin imzalanmasında müşahidəçi kimi Qacariyyə tərəfindən vəlihəd Abbas Mirzə, Rusiya tərəfindən səfir A.S.Qriboyedov, tərcüməçi kimi Bakıxanov iştirak edib. Müqavilə Mirzə Əbdül Həsən xan və İvan Paskeviç tərəfindən imzalanıb.
Buradan belə bir sual meydana çıxır: əgər Azərbaycan Qriboyedovun “qanbahası” kimi Rusiyaya verilibsə, onda Qriboyedovun ölümündən çox-çox əvvəl “Gülüstan” müqaviləsi necə bağlanib və o, “Türkmənçay” müqaviləsinin bağlanmasında səfir kimi necə iştirak edib?! 
Tarixin saxtalaşdırılması rusların və ermənilərin adətidir. Azərbaycan Rusiya tərəfindən işgal olunub və həmin dövrün şərtlərinə görə, bir neçə yüz illiyə ilhaq edilib. Heç kəs Azərbaycanı Rusiyaya hədiyyə etməyib. Bəs Qriboyedov məsələsi necə olub? 
Cəvahirat tarixindən məlumdur ki, Rusiyanın almaz fondunda dünyanın ən bahalı brilyantlarından biri – “Şahın-Nadirin almazı” adlanan 88,7 karatlıq brilyant saxlanır. Həmin brilyant Azərbaycan hökmdarı Nadir şahın Hindistan yürüşündən qənimət götürülmüş və rus-erməni fitnəkarlığı nəticəsində Tehranda rus səfiri Qriboyedovun terror edilməsi zamanı Qacariyyə ilə Rusiya arasında yeni müharəbənin qarşısını almaq üçün Qacariyyə şahı bu brilyantı və bununla bərabər, çoxlu olduqca bahalı cəvahiratı I Nikolaya göndərib. Bu faktı orta məktbdə oxuyan hər bir rus uşağı bildiyi halda, görəsən, səni nə məcbur edir ki, tarixi saxtalaşdırasan?
Onu da nəzər-diqqətinə çatdırım ki, Şimali Azərbaycan ruslar tərəfindən işğal olunduqdan sonra, Çar və Sovet Rusiyasının əsarətindən qurtarmaq üçün Azərbaycanda onlarla nəhəng üsyanlar olmuşdur. Hansıki bütün bu üsyanlar ruslar tərəfindən qan içində boğulmuşdur. 
Şeyx Şamilin rus işğalına 25 il müqavimət göstərməsi də bu dirənişin şanlı səhifəsini təşkil edir. Rus əsarəti dövründə ruslar imperiya sərhədlərində “haylar” ın türklərdən “üstünlüyünü” saxlamaq üçün bizim xaqımıza qarşı genosid siyasəti aparmış, Azərbaycan xalqının elitasını zaman-zaman müxtəlif adlar altında məhv etmiş, milli sərvətlərimizi talan etmiş, mədəni, iqtisadi inkişafımızı əngəlləmiş, tariximizi saxtalaşdırmış və Azərbaycan türklərinə qarşı assimlyasiya siyasəti aparmışdır. Azərbaycan türklərinin rus işğalına qarşı son ayaqlanması 1990-cı ilin 20 yanvarında rusların son türk-müsəlman qırğını ilə istiqlal əldə etməyimizlə nəticələndi.

Rusların erməni sevgisi

Görəsən, Qafqaz xalqları arasında rusların ermənilərə olan “tarixi sevgisi” nə ilə bağlıdır? Bunu dinlə əlaqələndirmək olmaz. Çünki Qafqazda ruslarla sərhəddə olan gürcülər yaşayır və ruslar ermənilərdən fərqli olaraq həmişə gürcülərə düşmən münasibətdə olub. Hətta gürcülər çar dövründə ruslardan qorunmaq üçün Azərbaycanın himayəsinə sığınıb. Bu münasibət bu gün də davam edir. Deməli, “erməni sevgisi” dinlə bağlı ola bilməz. Bəlkə, bu ermənilərlə rusların etnik yaxınlığı ilə bağlıdır? Bu suala cavab vermək üçün rusların və ermənilərin etnogenezinə baxmaq lazımdır.

Ruslar kimdir?

Ruslar, iddia edildiyi kimi, hibrid slavyan və ya türk mənşəlidir? Tarix elmində “İqor polku” haqqında dastandan da qabaq, yazılı ədəbiyyatda ruslar haqqında ilk məlumata X111 əsrə aid edilən naməlum məllifin yazdığı “Dünyanın qəriblikləri - Əcaib əd Dünya” adlı coğrafiya kitabında rast gəlmək olar. Həmin kitabda rusların “zəif inkişaf etmiş türk tayfası” olduğu qeyd edilmişdir. Nəzərə alsaq ki, həmin kitabda əksər xalqların etnogenezi haqqında təcrübəyə əsasən dəqiq və təkzibedilməz ətraflı şərh verilmişdir, bu faktı da şübhə altına salmaq mümkün deyildir. 
Ruslar doğrudandamı bəzi sovet rus alimlərinin iddia etdiyi kimi, monqol-tatar və slavyan hibridinə aiddir, yoxsa həqiqətən zəif inkişaf etmiş (türklərə xas etnik əlamətlərin zəifliyi) xalis türkdürlər? Bunun üçün rusların antropologiyasına, tarixinə, coğrafi toponomikasına, dilinə və s. baxmaq lazımdır.
Rusların antropologiyası-irqi mənsubiyyət. Əgər ruslar slavyandırsa, onda gərək onlar hind-avropa irqinə aid olsunlar. Cənab Jirinovski Putinlə özünün antropologiyasını müqayisə etsə, adi gözlə görər ki, Putunin antropologiyası ona yox, Qazaxstan prezidenti Nursultan Nazarbayevə, yəni qıpçaq-türk antropologiyasına uyğundur. Rusiyanın yerli əhalisinin 99 faizi məhz türk-monqol antropologiyasına aiddir. Uzun illər bunu, guya, rus slavyanların monqol istilaları nəticəsində irqlərin qarışması ilə izah ediblər. Amma müasir rus alimləri monqol-tatar istilasının mif olduğunu, Avropaya yürüş edən monqol tatarların Rusiya ərazisinə ayaqlarının dəymədiyini sübut etmişlər. Deməli, rus xalqı abriogen olaraq monqol-tatar antropologiyasına malikdir. Bunun belə olub-olmadığını bilmək çətin deyil. Bunun üçün Rusiya əhalisini DNK testindən keçirmək olar. Onda sübut olunar ki, etnik ruslar mənşcə slavyan yox, həqiqətən türkdür.
Rusiya çarları. Rusiya tarixinin ən möhtəşəm çarları - Boris Qodunov, İvan Qroznı və I Pyotr mənşəcə kim olub? Bunun üçün rus alimlərinin tədqiqatlarına baxmaq kifayətdir. I Ekaterinaya kimi Rusiyanı idarə edən bütün çarların mənşəcə Krım türklərindən olduğunu rus alimləri etiraf edir. Hətta Rusya tarixinin ən möhtəşəm çariçası - Rusiyanın Elizevetası hesab ediləcək Narışkinanın Krım xanının qızı olduğu da məlumdur. Yalnız I Pyotrdan sonra alman-ingilis mənşəli çarlar - Romanovlar Rusiyaya ağalıq edib. 
Bəs türk-rus hakimlərini alman-ingilis hakimlərin əvəz etməsi necə baş verib? Bu, əslində rus tarixinin ən ciddi suallarından biridir. Rus tarixindən məlumdur ki, I Pyotrun anası Natalya Krılovna Narışkina olmuşdur. Narışkinlər xalis Krım türkləri olmuşdur.

Haşiyə çıxım ki, rus türklərinin adları ilk baxışdan çaşqınlıq yarada bilər. Amma bu gün türk dünyasında Tövrat və İncildən götürülmüş müqəddəs şəxslərin adları geniş yayılmışdir. Eləcə də şimal türkləri arasında İsa Məsihin davamçılarının adları dəbdə olmuşdur.
Rusiyada türk mənşəli çarların alman ingilis mənşəli çarlarla əvəzlənməsi I Pyotrun vaxtına təsadüf edir. I Pyotr 05 fevral 1722-ci ildə rus taxtına varsliklə bağlı qanun vermiş (niyə?!), kişi xətti ilə taxta varisliyi ləğv etmişdir və varisin hakm çar tərəfindən təyin edilməsi ilə bağlı qərar qəbul etmişdir(Bu qərarla yalnız bir çariça - I Ekaterina hakimiyytə gəlmişdir!!). Bu qərarın verilməsinin səbəbləri hələ də məlum deyil. Bununla da taxta əsilzadə mənşəyi olmayan təsadüfi insanların gəlməsinə yol açılmışdı. Bu fərmandan sonra rus taxtına istənilən adam gələ bilərdi. I Pyotrun yeganə varisi - böyük oğlu Aleksey senatda istintaq zamanı dar ağacından asılmaqla öldürülmüşdür! 
I Pyotrun öz yeganə varisini - Petr Alekseyi öldürməsi hadisəsi rus tarixində birmənalı izah edilmir. İlkin səbəb kimi I Pyotrun apardığı islahatları müdafiə etməməsinə görə oğlunu edam etdirdiyi göstərilir. Lakin tarixdən məlumdur ki, Petr Aleksey Rusiyada formalaşmış alman-ingilis lobbisi tərəfindən Avropda alman-ingilis düşməni olan fransız-italyan dövlətlərinə casusluqda ittiham edilmiş və Pyotrun oğlunun əfv edilməsi ilə bağlı israrlı göstərişinə baxmayaraq, senat guya onun günahını sübut etmiş və dərhal da edam etmişdir. Bununla da Pyotr faktiki olaraq varislikdən məhrum edilmişdir. Bu da Pyotrun məlum qanunu verməsinə əsas yaratmışdır.
Rus zadəgənları - Dolqorukiy, Qolıçin çar kimi onun oğlunu, zadəgən nəslindən olan nəvəsi Petra Alekseviçi görmək istəmişlər. Lakin qraf Tolstoy, baş prokuror Yaqıjinskiy, kansler qraf Qolovkin və Menşikov(Pyotrun varisini edama məhkum edən əsas simalar) hakimiyyəti Petr Alkseyeviçin əldə saxlaya bilməyəçəyini bəhanə edərək, buna razı olmamışlar. 
Tarixdən məlumdur ki, bir çox hallarda monarxlar lap kiçik yaşlarında taxta əyləşdirilmiş, onun əvəzindən dövlət qəyyumlar tərəfindən idarə olunmuşdur. Rusiya da belə idarə oluna bilərdi. Amma bunu istməyənlər qalib gəlmiş və nəticədə mənşəyi bu günə qədər heç kəsə məlum olmayan və əxlaqı haqqında fantastik şaiyələr gəzişən və I Pyotrun yatağına necə gəlib çıxması, onun sevgisini qazanması haqqında söz səviyyəsində bilgilər olan I Ekaterina taxta çıxmışdır. Pyotrun ömrünün son 20 ilini Ekaterina ilə küsülü yaşaması ortalıqda ciddi bir eşqin yaşanmadığını sübut edir. Bununla da rus taxt-tacında türk mənşəli çarların erası başa çatmışdır.
Rus zadəganları. Hər bir xalqın etnik kimliyi həm də zadəgan silkinin tərkibi ilə müəyyən oluna bilər. Ola bilsin ki, rus çarları təsadüfə görə türk mənşəli olub. Bəs rus zadəganları rus xaqının aristokratik elitası mənşəcə kimlərdən təşkil olunu? 
Rus tədqiqatçıların apardıqları tədqiqata görə, rus zadəganların böyük əksəriyyəti - ən məşhur rus familiyalılar - türk mənşəlidir.
Rus dili. Hər bir xalqın dilinin lüğət tərkibi onun milli kimliyini göstərir. Bu gün rus dilində 100 mindən çox türk mənşəli söz vardır. Dillərin bir-birinə təsiri bir xalqın uzun illər digərinin hakimiyyəti altında olması ilə bağlıdır. Buradan sual doğur: əgər Rusiya uzun illər türklərin hakimiyyəti altında olmayıbsa, onda rus dilində bu qədər türk sözü necə meydana çıxıb? Halbuki rus dilində slavyan, ingilis, alman mənşəli sözlər bundan qat-qat azdır. Rusların öz dillərindəki “mama” və “papa” protosözlərin belə, mənasını slavyan dilində izah edə bilməsələr də, hər bir türkə məlumdur ki, türklər ananın südünü uşağa məmə (mama) kimi, yeməyi pəpə (papa) kimi tanıdırlar. Buradan da mamanın -südverən, papanın - yeməkverən mənası verdiyi aydın olur. Buradan rusların protosözlərinin belə türk dilində olması sübut olunur. Yəni əslində əsl rus dili də türk dilinin bir qoludur.
Rus toponomikası. Hər bir xalqın etnik mənşəyi həm də həmin xalqın məskunlaşdığı coğrafiyanın yer adları toponimikası ilə müəyyən oluna bilər. Bu gün heç bir slavyan Moskva, Kreml, Sibir, Tayqa, Ankara, Yenisey, Ural v s. kimi sözlərin mənasını izah edə bilməz. Ancaq istənilən türkdilli xalqın nümayəndələri bu sözlərin mənasını sizə asanlıqla izah edə bilər.

I Pyotrun vəsiyyəti?!

(Ardı var)

Sərdar CƏLALOĞLU