İVANİŞVİLİ QORXU VƏ TƏLAŞ İÇİNDƏ – “Onlar hər şeyi məhv etmək istəyirlər…”

Baxış sayı:
5959

Gürcüstanda prezident seçkisinin ikinci turu öncəsi siyasi vəziyyət olduqca gərgin həddə çatıb. “AzPolitika” gürcü mətbuatına istinadla xəbər verir ki, öz namizədinin məğlubiyyəti ehtimalının həddən artıq yüksək olduğunu görən hakim partiya hər vəchlə əhalini müxalifətə səs verməkdən çəkindirməyə çalışır.
Vəziyyət o yerə çatıb ki, hakim “Gürcü Arzusu” Partiyasının lideri, milyarder Bidzina İvanişvili birbaşa ölkə əhalisinə müraciət etmək məcburiyyətində qalıb. Və bu müraciətində rəhbərlik etdiyi partiyanın uğurları və planlarından daha çox Mixail Saakaşvilinin tərəfdarı olan Qriqol Vaşadzenin qələbəsinin “təhlükəsi” barədə danışıb. O, seçiciləri heç bir vəchlə müxalifətə səs verməməyə çağırıb: “Mən başa düşürəm ki, siz narazısınız. Siz hesab edirsiniz ki, bəzi məmurlar xalqı yox, öz maraqlarını düşünürlər. Siz düşünürsünüz ki, bugünkü hakimiyyət ədaləti bərpa edə bilməyib… Ancaq bizim vətənimiz tarixi yol ayrıcındadır. Və səhv qərar qəbul etmək riski çox yüksəkdir…”
İvanişvili hakimiyyətdə olduqları dövrdə səhvlərə yol verdiklərini və müxalifətin qələbəsindən qorxduğunu gizlədə bilməyib, eləcə də bunun Gürcüstana böyük ziyan vuracağını iddia edib: “Opponentlərimiz “yalan maşını” vasitəsilə hər şeyin üzərindən xətt çəkmək istəyirlər. Onlar səhvləri düzəltmək istəmirlər. Onlar hər şeyi məhv etmək istəyirlər, özü də nəyin bahasına olursa olsun…”
Həmçinin, hakim partiyanın lideri hazırda həbsdə olan Saakaşvili hakimiyyətinin baş naziri və müdafiə nazirinin Qriqol Vaşadze tərəfindən əfv ediləcəyindən əndişələndiyini gizlətməyib. O, deyib ki, həmin şəxslərin azad olunması cəmiyyətdə və ölkədə destabilizasiyaya səbəb ola bilər.
Xatırladaq ki, Q.Vaşadze prezident seçiləndən sonra ilk addımlarından birinin Saakaşvili ilə birgə sabiq baş nazir Vano Merabişvili və müdafiə naziri Baço Axalayanın əfv edilməsi olacağını bildirib. Ancaq nə Saakaşvili, nə də həbsdə olan tərəfdarları əfv üçün müraciət etməyəcəklərini söyləyiblər.
Onu da qeyd edək ki, rəhbərlik etdiyi partiya 2012-ci ildə qələbə qazanandan sonra 2013-cü ildə siyasətdən gedən İvanişvili bu ilin mayında yenidən siyasi arenaya qayıdıb. Və onuh qayıdışından dərhal sonra baş nazir istefaya göndərilib. Hökumətin işinin yaxşı getmədiyini, çoxlu səhvlərə yol verildiyini, yoxsulluq səviyyəsinin azalmadığını, düzgün kadr siyasətinin aparılmadığını və s. görən B.İvanişvili prezident seçkisində partiyasının məğlub olacağından bərk narahatdır.
Xatırladaq ki, prezident seçkisinin birinci turunda hakim partiyanın namizədi Salome Zurabişvili 38.6, Saakaşvilinin təmsilçisi Qriqol Vaşadze isə 37.7 faiz səs toplamışdı. Lakin ikinci turda digər müxalif namizəd və partiyaların da Vaşadzeni dəstəkləyəcəklərini bəyan etməsindən sonra Saakaşvilinin silahdaşının qələbə şansı çox yüksək dəyərləndirilir.