​İtkin düşən jurnalistlə bağlı SENSASİON İDDİA: “Əlimizdə səs yazısı var”

Baxış sayı:
1882

“Bəzi Türkiyə rəsmiləri amerikalılara itkin düşən səudiyyəli jurnalist Camalın öldürülməsini təsdiqləyən səs və görüntülərə sahib olduqlarını bildiriblər”. 
Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb. 
Xəbərdə adı açıqlanmayan dövlət rəsmisinin adından bu fikirlər qeyd olunub: “Onun (Camalın-red) səsini və ərəbcə danışan digər adamların səslərini eşitmək olar. Səs yazısında onun necə dindirildiyini, işgəncəyə məruz qaldığını və daha sonra öldürüldüyünü eşitmək mümkündür”. 
Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib. Hətta onun doğranılaraq öldürülməsi barədə məlumatlar da yayılıb. 
“Reuters” türk polisinə istinadən yazıb ki, jurnalist Səudiyyə Konsulluğunda öldürülüb və daha sonra cəsədi oradan kənara çıxarılıb. Hətta qətlin əvvəlcədən planlaşdırıldığı iddia edilib. Lakin Səudiyyə Ərəbistanının İstanbuldakı baş Konsulluğu cinayətlə bağlı ittihamları rədd edib. 
Camal Kaşoqi Ər-Riyadın hazırkı siyasətinin ən böyük tənqidçilərindəndir. 2017-ci ildə o, Səudiyyəni tərk edərək ABŞ-da məskunlaşıb. “The Washington Post” qəzetində çalışan Camal Səudiyyədəki problemləri və Ər-Riyadın daxili-xarici siyasətini tənqid edən məqalələr yazıb.