İti və ya atı kəfənləyərək dəfn etmək?.. - İslam bunu necə qarşılayır?

Baxış sayı:
3009

İlahiyyatçı: “Bu, nə ağıla, nə də məntiqə sığır...”

Qubada at kəfənlənərək dəfn edilib. Bugünlərdə yayılan məlumat həm mətbuatda, həm də sosial mediada xeyli maraq doğurub. Xezerxeber.az-ın məlumatına görə, hadisə Qubanın Buduq kəndində baş verib. Adı qeyd edilməyən Quba sakini Məkkədən geri döndükdən sonra atını kəfənləyərək dəfn edib. Onun bu addımı atmasına səbəb isə atın öz sahibini sağ-salamat gətirib kəndə çatdırması olub.

Sakinlərin sözlərinə görə, qədim zamanlarda bu kənddən xeyli insan Məkkə ziyarətinə gedib. Ziyarətə gedən qruplardan birində 20 nəfər olub və onlar atlarla gedib. Atlardan 19-u aclıq və susuzluqdan yolda ölüb. Biri isə müqəddəs torpaqları ziyarət etdikdən sonra sahibini kəndə çatdırıb və oradaca ölüb. Sahibi də ata hörmət əlaməti olaraq onu kəfənləyib və oradaca dəfn edib. Heyvanın qəbrinin yerinin bilinməsi üçün də üzərinə daş qoyub. Sonralar isə ərazidən keçənlər atın basdırıldığı yerə daş atıblar ki, qəbir itməsin. Həmin yeri “Daşqalağı piri” adlandırırlar.

İlahiyyatçılar isə bildirir ki, kəfənləyərək dəfn etmək və qəbir hazırlamaq insan üçün buyurulub. Heyvan üçün bunu etmək doğru deyil və xurafata yol açır.

Qeyd edək ki, bu cür hadisələrin adətən xristian ölkələrində yaşandığının şahidi oluruq. Məsələn, bir neçə il bundan əvvəl ABŞ-da postda ölən it üçün xüsusi təmtəraqlı dəfn mərasimi keçirilmişdi. Qeyd edək ki, ölən it polisə məxsus idi və ölənə qədər postda durub. Bu dəfn mərasimi hər kəsi təəccübləndirmişdi. Çünki it üçün təşkil olunan mərasim xidmət zamanı həlak olan polislərin dəfnindən heç nə ilə fərqlənmirdi.

Beləliklə, Avropa və digər ölkələrdə eyvanlar üçün təşkil edilən nəinki dəfn, həmçinin toy mərasimləri də artıq adi hal kimi qarşılanır. Bu cür mərasimlər zamanı heyvanlar üçün restoranda toy məclisi təşkil edilir, çoxsaylı qonaqlar dəvət olunur, nikah kəsilir, “evləndirilən” heyvanlar üçün tort kəsilir, sağlıqlar deyilir, onlara bahalı hədiyyələr verilir, toy gəzintisi olur və sairə. Məsələn, ötən il yay mövsümündə Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında iki it üçün səs-küylü toy mərasiminin keçirilməsi ilə bağlı dünya mətbuatında məlumat yayılmışdı. Məlumata görə, mərasimə 5 min nəfər qonaq qatılıb. Maraqlıdır ki, toyun daha şən keçməsi üçün dicey də çağırılıb. Həmçinin toyda qədim hind ənənə və ayinlərinə əməl edilib, sanki nikah insanlar arasında bağlanıb.

Artıq ölkəmizdə də bu cür nümunə baş verib. Belə ki, Goranboy rayonunda bir biznesmen itlərinə bahalı toy məclisi keçirmişdi. Məclisdə itlərin şərəfinə tort kəsilməsi, plov, kabab bişirilməsi, qonaqların itlərin şəninə sağlıq deyib, xoşbəxtlik arzulaması, hətta aşıqların çalıb-oxuması və sairə... - bütün bunlar ölkəmiz üçün görünməmiş olay idi və böyük qıcıqla qarşılanmış, qınaq obyektinə çevrilmişdi. Məclisdə çalıb-oxuyan aşığı müşayiət edən balabançı Aşıqlar Birliyindən qovulmuşdu.

Buna qədər isə bəzi sənətçilər də heyvanlarına toy edəcəyi ilə bağlı yarızarafat-yarıciddi açıqlamalar vermişdilər. Məsələn, əməkdar artist Elza Seyidcahan pişiyinə toy etmək arzusunda olması ilə bağlı açıqlama vermişdi. Bəstəkar-müğənni artıq toya dəvət edəcəyi sənətçilərin də siyahısını açıqlamışdı. Müğənni Ceyla, “pişik Günel”, “əjdaha Nadir”, Səməd Səmədovun özü də zamanında itinə toy etmək istədiyini bildirmişdi.

Ötən gün isə müğənni Aysel Əlizadə öz itinə ad günü keçirdi. Sənətçi zamanında 10 min dollara aldığı itinin şamını üfürən yerdə çəkdirdiyi görüntünü sosial şəbəkədə yayımlayıb. Müğənni paylaşımında qeyd edib:

“Bölüşdüklərimi anlaya, cavab verə bilməyən, amma mənimlə sevgisini bölüşən, hiss edən itim. Gözlərimə diqqətlə baxıb, halımı anlayan, bir çoxundan vəfalı itim, səni sevirəm”.

Beləliklə, maraqlıdır, İslam dini heyvanın kəfənlənərək, xüsusi qaydada dəfn olunmasını necə qarşılayır? Mövzu ilə bağlı ilahiyyatçı Emil Rahiloğlu “Yeni Müsavat”a danışdı: “Ümumiyyətlə, İslam dinində insanın və heyvanın öz yeri var. Lakin İslam dinində bu cür dəfn yalnız insana məxsusdur. İnsan Allahın ən üstün varlığıdır. Tanrı insanı yaratdıqdan sonra özünə ”Bərəkallah" deyib. Yəni Allah insanı yaratdıqdan sonra onu şah əsəri olaraq bütün yaradılışa təqdim edib. Məsələn, biri yaxşı insan olduqda barəsində deyərlər ki, “mələk kimi insandır”. Halbuki insan yarandıqdan sonra Allah mələklərə insana səcdə etməyi əmr edib. Dəfn, kəfən, dəfnə aid qaydalar bir növ insanın Allah qarşısında dəyəri və qiymətidir, yəni onun cansızı, meyiti belə dəyərlidir. Ona görə də Allah-təala buyurur ki, insanı bu şəkildə dəfn edəsiniz.

Amma heyvana gəldikdə, hətta at və yaxud hansısa heyvan imama, Həzrət Əliyə məxsus olsa belə, onları adi şəkildə, ən azı iylənməsin, mikrob yayılmasın deyə yer qazıb, basdırmaq olar. Amma onu kəfənləyib, xüsusi qaydada dəfn edəsən, hətta işarət də qoyasan, bu artıq şəxsi məsələdir, bunun İslam dininə aidiyyəti yoxdur. Hətta Qurani-Kərimdə Əshabi Şəfin iti ilə bağlı surələr də var. Amma müqəddəs kitabımızda o itin xüsusi dəfn olunması ilə bağlı heç bir məlumat, göstəriş yoxdur. Ümumiyyətlə, göstəriş verilməsi də ağılla, məntiqlə qəbul olunası deyil. Heyvan və digər məxluqət, yaradılış yalnız insan və bəşəriyyət üçün xəlq olub".