​İtaliya və Fransa səfirlikləri Bakıdakı yanğından yazdı

Baxış sayı:
2866

İtaliyanın Bakıdakı səfirliyi bu gün Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.
Muxalifet.az xəbər verir ki, bu barədə səfirliyin Feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsin qeyd edilib.
"Səfirliyin bütün işçi heyəti İtaliya dövləti adından dünyasını dəyişənlərin ailələrinin hüznünə qoşulur", - deyə yazıda qeyd olunub.
Fransanın Azərbaycandakı səfirliyi də rəsmi Feysbuk səhifəsində "Bu səhər Bakı şəhərində Narkoloji Mərkəzdə 25 nəfərin həlak olması ilə nəticələnən güclü yanğın haqqında xəbər aldıq. Fransanın Azərbaycandakı səfirliyi həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir", - deyə qeyd edib.
Martın 2-də saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.
Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.
Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.
Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.