İƏT-in QÜDSƏ DAİR QƏRARI HƏYATA KEÇƏCƏKMİ? – Yaxın Şərq üzrə ingilis ekspert bədbin rəydədir - TƏHLİL

Baxış sayı:
3561

Əgər gərəksiz bir şeydən söz açmaq lazım gələrsə, bu, Qüdsün İsrailin paytaxtı olduğuna dair Donald Trampın uşaqcasına və bədniyyət bəyanatıdır. Müsəlman ölkələrin ona cavabı da cılız idi. Uzun illərdir qulaqlarımızı dəng edən bütün yorğun qocalar bu həftə İstanbulda buna görə toplaşmışdı. O cümlədən Fələstinin yaşlı və yararsız, həmişəkindən daha çox kədərli "prezidenti" Mahmud Abbas.
Türkiyənin ikinci paytaxtında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 57 dövlət başçısının olacağı ehtimal edilirdi, amma onlardan bəziləri sadəcə çox qoca və ələyi ələnib, xəlbiri göydə fırlanan adamlardır. Məsələn, Əlcəzairin komatozlu Buteflikası, ya da digər ərəb ölkələrindən olan qoluzorlular, yaxud Yəmənə hücum etməklə çox məşğul olanlar.
Bəli, əlbəttə, onlar "beynəlxalq birlikdən" Şərqi Qüdsü Fələstinin – mövcud olmayan və heç vaxt mövcud olmayacaq bir dövlətin "paytaxtı" kimi tanımağı tələb etdilər. Bu heç bir ümid, təşəbbüs, ədalət və kollektiv avtokratiyalarla xalqına gələcək verməyən bir bölük dövlətin üzv olduğu (artıq adını iki dəfə dəyişdirmiş) təşkilatın istəyidir.
Yaxın Şərqdə Amerikanın uğursuzluğu ilə üzləşərək, bu cənablardan bəzisi BMT-nin bölgədə yeni bir vasitəçi ola biləcəyini düşünür. BMT-nin qoca eşşəyinin noxtası isə Qüds və Qərbi Şəriyyə, eləcə də saysız-hesabsız başqa yerlərə (o cümlədən Livana) çoxdan bağlanıb, buna görə də indi onun iştirakını təklif etməniz yersizdir. Eşşək dəvət gözləmədən “toya” gəlib.
"Dünya" – Yaxın Şərq baxımından maraqlı bir konsepsiyadır – və Amerika bu yorğun kişilərdən (cəsarətləri varsa) narahat olacaq. Ya da onların əqidəsinin cəsarətindən. Əgər Amerika öz sülh missiyasını bitiribsə, Ağ Evin çağırdığı təqdirdə, Abbasın telefonunu söndürəcəyini düşünmürəm, halbuki bu səlahiyyət sahibləri Birləşmiş Ştatların diplomatik blokadasını, ya da əlaqələrin kəsilməsini, yaxud hətta yumşaq, getdikcə ciddiləşən neft boykotunu nəzərdən keçirməlidirlər. Vaxt vardı, məhz bu cür edirdilər.
Amma bu baş verməyəcək. Səudiyyə Ərəbistanı Yəməni bombalayır və Amerikanı deyil, Qətəri boykot edir, iranlılar, ən azı Ruhani səudilərin hələ Livanda hansı fitnəyə əl atacağını gözləyir. Təəccüblü olsa da, Livanın prezidenti Mişel Aun qəsdlər, qeyri-sabitlik və etnik təmizləmə təhlükəsi barədə danışdı. Filosof olmayan sabiq general doğrunu deyirdi. Bu, İstanbulda yeganə ciddi çıxış idi. Bəlkə də Abbasın Tramp qərarından beynəlxalq məhkəməyə şikayət etməsi müdrik addım ola bilərdi, amma əfəl (korrupsiyalaşmış) Fələstin rəhbərliyinin belə bir hərəkəti hətta xəyalından keçirməsinə şübhəm var.
Problem məhz bundadır. Əgər qarşınızda dişbatmaz ABŞ prezidenti varsa, Yaxın Şərq xalqlarını müdafiə etmək üçün beynəlxalq hüquqşünaslara, müzakirəçilərə, təcrübəli diplomatlara – ciddi gənclərə ehtiyacınız var. Qüdsə və işğal edilmiş ərazilərə dair BMT qətnamələri kifayət qədərdir. Ancaq səs çıxmır. Sanki apatiya və ümidsizliyə boyun əyilib. Türkiyə prezidenti Ərdoğan ən azı Vaşinqtonun artıq müzakirəçi ola bilməyəcəyini bəyan etdi. Amma nə olsun? O, ərəb deyil və öz ölkəsini yarıdiktatura halına gətirib.
Əslində, bu müsəlman liderləri artıq etibar doğurmurlar. Onlar kimsəni təmsil etmirlər. Önümüzdəki həftələrdə Moskvaya boylana bilərlər, lakin Çar Rusiyası və ya Avstriya-Macarıstan imperiyası ilə olan keçmiş təcrübə yada salınmalıdır.
İstanbul zirvəsində varlığını göstərənlər əxlaq və cəsarəti olmayan uğursuz dövlətləri təmsil edirlər. Onlar müsəlman dünyası adından və onun naminə danışmalıdırlar. Müsəlmanları təmsil etdiklərinə inanırlar. Onlar BMT-dən sonra ikinci ən böyük beynəlxalq qurumdur.
Yəqin ki, bölgəni (Körfəzdəki yalançı sələfilər deyil) məhz Yaxın Şərq alimləri, hüquq və tarix professorları dəyişməlidir. Yəqin ki, məhz müəllimlər və xeyriyyəçilər "Fələstindəki" bu cılız səddi dağıda biləcəklər. Onlar öz universitetlərində bunu müzakirə edirlər. Beyrutda belə bir konfrans artıq keçirilir. Ancaq yenə nə isə çatışmır. Onların hakimiyyəti yoxdur. Heç bir Edvard Səid (ərəb mənşəli məşhur şərqşünas, İsrail siyasətinin və sionizmin sərt tənqidçisi – tərc.) artıq dünyadan köçüb – indi boşalmış yeri aydın görünür. Onun iti dili Vaşinqtonu silkələyirdi.
Buna görə də yalnız faciə var. Onun köklərinin yalnız möhtəşəm yüz illiyini bu il qeyd etdiyimiz Balfur Bəyannaməsində deyil, həm də 1914-1918-ci illərin Böyük Müharibəsində (Birinci Dünya müharibəsi – tərc.), Osmanlı imperiyasının çökməsində və həmin günlərdə ərəblərin öz torpaqlarına yiyə dura bilməməsində axtarmaq lazımdır. Bölgənin əzablarını, kütləvi aclıqları, çəyirtkə basqını göstərən Böyük Müharibədə Yaxın Şərqin tarixi gizlənib (Üç il əvvəl Harvard Universiteti Leyla Tərazi Favazın “A Land of Aching Hearts” – “Bataqlıq qəlblərin torpağı” kitabını nəşr edib). Daha sonra Qüdsü fəth edən Edmund Allenbinin (ingilis ordusunun feldmarşalı – tərc.) fəaliyyətində.
Tərcümə: Strateq.az