İsveçrə və Xorvatiya DÇ-2018-ə vəsiqə qazanıb

Beləliklə, DÇ-2018-ə vəsiqə qazanmış komandaların sayı 28-ə çatıb
 
Futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə "play-off" mərhələsinin ilk 2 cavab görüşü keçirilib.
İsveçrə Şimali İrlandiyanı, Yunanıstan Xorvatiyanı qəbul edib.
Hər iki qarşılaşmada hesab açılmayıb. Bu heç-heçə meydan sahiblərindən birinə uğur, digərinə isə uğursuzluq bəxş edib. İsveçrə ilk görüşdəki minimal hesablı səfər qələbəsi sayəsində mərhələ adlayıb. Yunanıstan isə birinci oyunda Xorvatiyaya 1:4 hesabı ilə uduzduğu üçün mundialdan kənarda qalıb.
Beləliklə, DÇ-2018-ə vəsiqə qazanmış komandaların sayı 28-ə çatıb. Daha əvvəl Rusiya, Braziliya, İran, Yaponiya, Meksika, Belçika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Misir, Polşa, İslandiya, Serbiya, Fransa, Portuqaliya, Panama, Uruqvay, Kolumbiya, Argentina, Seneqal, Mərakeş və Tunis bu hüquqa yiyələnib. Dünya çempionatının oyunları gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək. Püşkatma mərasimi dekabrın 1-də Moskvada təşkil olunacaq.
Qeyd edək ki, Avropa zonası üzrə son 2 vəsiqənin sahibi noyabrın 13-də İtaliya - İsveç və noyabrın 14-də İrlandiya - Danimarka görüşlərindən sonra müəyyənləşəcək. Bu komandalar arasındakı ilk görüşlərdə İsveç 1:0 hesabı ilə qalib gəlibsə, Danimarkadakı qarşılaşmada qol vurulmayıb.
DÇ-2018
Avropa zonası, pley-off mərhələsi, Cavab oyunları
12 noyabr
21:00. İsveçrə - Şimali İrlandiya - 0:0
İlk oyun - 1:0
23:45. Yunanıstan - Xorvatiya - 0:0
İlk oyun - 1:4