İstefa verən Hariri BƏƏ-yə "AĞIL HOCASI”NA GETDİ - Təhlil

Livanın baş naziri vəzifəsindən istefa edən Saad Hariri Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Muhəmməd bin Salmanı baş verən proseslərə təhrik və idarə edən “müəllim”i kimi tanınan Birləşmiş Ərəb Əmirliklərinin Vəliəhd Şahzadəsi ilə görüşə gedib.

Əl- Rİyaddan BƏƏ-nin paytaxtı Abu Dabiyə səfər edən Hariri, Vəliəhd Şahzadə Şeyx Məhəmməd bin Zayid əl-Nəhyan ilə görüşəcək.
Livanın baş naziri vəzifəsindən ötən şənbə ər-Riyadda istefa etdiyini bildirən Saad Haririnin oradan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabiyə getdiyi bildirilib. Haririnin BƏƏ-də Abu Dabi Vəliəhd Şahzadəsi və baş qərargahın rəis müavini Şeyx Məhəmməd bin Zayid əl-Nəhyan ilə mövcud durumla bağlı müzakirələr aparacağı bildirilir.
İranın lideri Əli Xameneyinin müşaviri və keçmiş İran Xarici İşlər naziri Əli Əkbər Vəlayətini ötən cümə Beyrutda qəbul etməsinin ardından sürpriz bir şəkildə ər-Riyada səfər edən Hariri, burada qatıldığı bir televiziya proqramında baş nazir vəzifəsindən istefa verdiyini açıqlamışdı. Hariri görüşdüyü Birləşmiş Ərəb Əmirliklərinin Vəliəhd Şahzadəsi əl-Nəhyan, Səudiyyə Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanı yönəldən şəxs kimi tanınır. Bu şəxs eyni zamanda həm də Türkiyə düşmənliyi ilə də tanınır. Haririnin istefasını məhz Səudiyyədə bəyan etməsi, ardınca da “ağıl hocaları” olan BƏƏ Şahzadəsinə getməsi göstərir ki, ortada İran və ABŞ-İsrailin dəstəklədiyi körfəz ölkələrindən ibarət böyük qruplaşma arasında ciddi qarşıdurma mövcuddur. Hiss olunur ki, ABŞ-ın ipini çəkdiyi bu qruplaşma hər vəchlə İranın Yaxın Şərqdə yayılmasının qarşısını nəinki almaq, hətta regiondan birdəfəlik süpürüb atmaq planları cızır.
Livanın keçmiş baş nazirinin istefası faktı da gözlənilən yeni bir savaş planının tərkib hissəsi olmaqla bərabər, Livanın baş verəcək proseslərdə əsas diqqət mərkəzi olacağı da aşıkardır. Haririnin Səudiyyədən sonra BƏƏ-yə “ağıl hocaları”nın yanına getməsi də hadisələrin bundan sonrakı inkişafını birinci ağızdan eşitmək istəməsi ilə bağlıdır. Nə də olsa, BƏƏ şahzadəsi bu gün Yaxın Şərqdə baş verən proseslərin episentrində olan Səudiyyə Vəliəhd Şahzadəsinin “ağıl hocası” sayılır. Üstəlik, Haririnin BƏƏ-yə bu səfəri onun təhlükəsizliyi və bundan sonra harada məskunlaşacağı ilə bağlı ola bilər. Çünki Haririnin istefa bəyanatından sonra Livana qayıtması mümkünsüz kimi görünür. Özünün də bəyan etdiyi kimi, Livanda onun can güvənliyinə təminat yoxdur və hər an onu da atası kimi, sui-qəsdlə öldürə bilərlər.

Müxalifət.az