İstanbulun “fəthi”-2 - MEQAPOLİSDƏ KRİTİK SƏSVERMƏ GEDİR

Baxış sayı:
4466

Bu gün Türkiyənin ən iri şəhəri olan İstanbulun meri postu uğrunda təkrar səsvermə keçriilir.

2019-cu il martın 31-də keçirilmiş ümumi seçkilərdə CHP-İYİ partiya ittifaqının namizədi, o vaxta qədər çoxlarının tanımadığı Əkrəm İmamoğlu hakim AKP ilə MHP-nin ittifaqının namizədi, keçmiş baş nazir Binəli Yıldırıma təxminən 1 faizlik fərqlə qalib gəlmişdi. Lakin AKP əvvəlcə etibarsız sayılmış səslərin yenidən sayılmasını tələb etdi, daha sonra bir sıra məntəqələr üzrə bütün səslər yenidən sayıldı.

Fərq azalsa da İmamoğlu Yıldırımdan 13 minə yaxın səslə irəlidə oldu və seçki komissyası onun bələdiyyə başqanı seçilməsi barədə mandatı verməli oldu. Bu dəfə AKP nəticələrin “çoxsaylı pozuntulara görə” tamamilə ləğvi üçün Yüksək Seçki Komissiyasına müraciət etdi. Və İmamoğlu təxminən iki həftə bələdiyyə başqanı olduqdan sonra nəticələr ləğv olundu, onun mandatı əlindən alındı. İyunun 23-nə təkrar seçkilər təyin edildi.

Təkrar seçki kampaniyası olduqca gərgin keçib və AKP sürətlə populyarlaşan Əkrəm İmamoğluna qarşı bütün imkanları səfərbər edərək əks-təbliğat aparıb. Lakin İmamoğlu da birinci seçkilərdə xeyli populyarlaşdığı üçün rəy sorğularına görə onun yenidən qalib gəlməsi ehtimalı yüksəkdir. Hərçənd prezident Ərdoğan xəbərdarlıq edib ki, İmamoğlu yenidən seçilsə belə Orduvalisinə “it” dediyi üçün üzr istəməsə onun həmin vəzifəni tutmasına imkan verməyəcək. İmamoğlu CHP millət vəkilləri ilə birlikdə Trabzon bölgəsində izdihamlı mitinqlər keçirəndən sonra geri dönərkən onları aerportda VİP-zala buraxmayıblar. Bu zaman təhlükəsizlik əməkdaşları İmamoğlunun üstünü yoxlayıb, qarışıqlıq yaranıb və həmin qarışıqlıqda CHP-nin namizədinin valiyə “it” dediyi iddia olunub. Hərçənd bunu sübut edən qəti dəlil yoxdur. Vali İmamoğlunu təhqir ittihamı ilə məhkəməyə verib.

Təkrar seçkilərin nəticələrinin seçki məntəqələri bağlanandan sonrakı ilk saatlarda bəlli olacağı gözlənilir. Bu seçkilər hakim partiya üçün ona görə kritik əhəmiyyət daşıyır ki, İstanbul ölkənin ən iri şəhəri olmaqla bərabər iqtisadi-biznes potensialının böyük hissəsi də orada cəmlənib. Siyasətçilər arasında belə deyim formalaşıb ki, İstanbulda seçkiləri udan siyasi qüvvə bütün Türkiyədə iqtidar olmağın yolunu açır./Virtualaz.org