İstanbulu necə əldə saxlamalı... - AKP-NİN ÜÇ PLANI VAR, BİRİ YENİ SEÇKİLƏRDİR

Baxış sayı:
13264

Türkiyədə hakim AKP-nin martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələrini şübhə altına alması ilə bağlı yaranmış ziddiyyət davam edir. Son məlumatlara görə Yüksək Seçim Kurulu (YSK) AKP-nin İstanbulda bütün səslərin yenidən sayılmasına dair tələbini qəbul etməyib, amma 51 məntəqədə səslərin yenidən sayılmasına qərar verib. Etibarsız hesab edilmiş 330 minə yaxın səsin yenidən sayılması isə başa çatmaq üzrədir. Bu səslərin yenidən sayılmasından sonra CHP-nin namizədi Əkrəm İmamoğlu AKP-dən olan rəqibi Binəli Yıldırımı 14.500-ə yaxın fərqlə qabaqlayır.

Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, AKP  üzvlərinin bir qismi seçkilərin nəticələrini tanımağı və qalib tərəfi təbrik etməyi təklif edir. Amma AKP rəhbərliyinin seçkilərdə qanun pozuntularının olması və buna görə bütün etiraz üsullarından istifadə ediləcəyi ilə bağlı qərarından sonra bu qrupun təklifi müzakirədən kənarda qalıb.  

Uzun illərdir partiyada olan və aralarında tanınmış siyasətçilərin də olduğu bir qrup isə hüquqi etiraz üsullarından istifadə etməyi təklif edir. Onlar hesab edirlər ki, əks halda bütün müxalifət partiyaları Əkrəm İmamoğlunun ətrafında birləşə bilər. Ona görə də səsvermənin ləğvi ilə bağlı tələb düzgün addım deyil.

Partiya daxilində digər bir qrup isə hesab edir ki, nə olursa olsun, İstanbulda qələbə qazanmaq AKP-nin haqqıdır. Onlar bütün hüquqi vasitələrdən istifadə edərək seçkilərin ləğvi təklifini irəli sürürlər. Ərdoğan və Ali İhsar Yavuzun açıqlamalarına diqqət çəkilsə, bu qrupun təklifinin daha real olduğu görünür.

Bu dəqiqələrdə isə AKP sədrinin müavini Əli İhsan Yavuz açıqlama verərək İstanbulda yenidən seçki keçirilməsini istədiklərini deyib.  O, bildirib ki, İstanbulun bütün seçki məntəqələrində  qanun pozuntularına yol verilib.

“Seçki qutusundan çıxan nəticələrin bəzisi boşdur, bir hissəsi möhürsüzdür. Belə hallar yüzlərlədir. Bu qədər sənədin səhv olması mümkündürmü? Biz YSK-ya müraciət etdik, bunlar yenidən sayılsın istədik. YSK isə bunu rədd etdi. Bu qərarı tənqid etmək haqqımız var. Mən bu 51 seçki məntəqəsində bülletenlərin yenidən sayılması ilə bağlı qərarı anlamıram. Bu bizim tələblərimizin yerinə yetirilməsi demək deyil. 51 məntəqədə nəticələrin yenidən sayılmasının heç bir mənası yoxdur”, - deyə Yavuz bildirib.

Hazırda həmin 51 məntəqədə bütün səslərin yenidən sayılması və eyni zamanda İstanbul üzrə etibarsız səslərin yenidən sayılması davam edir. Prosesin uzağı sabaha yekunlaşacağı gözlənilir. Əgər AKP-nin nəticələrin ləğvinə dair etirazı rədd edilsə İmamoğluna bələdiyyə başqanı seçildiyi barədə mandatın verilməsi qaçılmaz olacaq.