İstanbul Hava Limanında partlayış: 36 ölü, 147 yaralı - YENİLƏNİR

İstanbul hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu – kamikadze özünü partladıb, nəticədə 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb.
Bunu İstanbulda hadisə yerinə gələn baş nazir Binəli Yıldırım deyib.
Bundan əvvəl ədliyyə naziri Bəkir Bozdaq bildirib ki, terrorçu avtomat silahla ətrafdakılara atəş açıb, sonra isə üzərindəki partladıcı qurğunu işə salaraq partladıb.
NTV telekanalının məlumatına görə, hadisə şahidləri 4 silahlı şəxsin terminaldan çıxaraq qaçdığını görüblər.
Bundan başqa, aeroportun dayanacağında da atışmanın baş verdiyi bildirilir. Lakin bu xəbərə hələlik rəsmi təsdiq verilməyib.

***00:14

Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında baş vermiş güclü partlayış nəticəsində 10 nəfər dünyasını dəyişib.
Hadisə zamanı 60-dan çox adamın yaralandığı bildirilir. Onlardan 6 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Partlayış hadisəsinin terror aktı olduğu üzə çıxıb.
"Reuters"in xəbərinə görə, hava limanında iki nəfər özünü partladıb.
Ədliyyə naziri Bəkir Bozdağ isə bildirib ki, terrorçulardan biri əvvəlcə ətrafdakılara atəş açıb, sonra özünü partladıb.
 
* * *23:43

Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında iki partlayış hadisəsi baş verib.
Bu barədə NTV telekanalı məlumat yayıb.
Telekanalın yaydığı məlumata görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb.
Partlayışlar beynəlxalq uçuş terminalında baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, 4 silahlı şəxs partlayışlardan sonra ərazidən qaçaraq uzaqlaşıb. Hava limanına çoxlu sayda təcili tibbi yardım maşını, polis və yanğınsöndürən göndərilib.
Hava limanının bütün giriş və çıxışlar bağlanıb.
Hadisənin terror aktı olduğu bildirilir.
Baş nazir Binəli Yıldırım aeroportda baş vermiş partlayışla bağlı DİN rəhbəri Əfqan Ala və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi qurub. Binəli Yıldırım həmçinin hadisə ilə bağlı böhran qrupunun yaradılmasına dair göstəriş verib.