​“İstanbul canisi” Tiflisdə MƏHV EDİLDİ

Gürcüstanın paytaxtı Tiflisdə antiterror əməliyyatı zamanı cinayətkar qruplaşmanın bir üzvü saxlanılıb.
Axar.az xəbər verir ki, əməliyyat nəticəsində isə 3 nəfər öldürülüb.
Bu barədə məlumat yayan Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat katibi Nino Giorqobiani əməliyyatın artıq başa çatdığını bəyan edib.
***
Tiflisdə keçirilən xüsusi əməliyyat zamanı zərərsizləşdirilən Əhməd Çatayev və onun mühafizəçiləri olub.
Bu barədə informasiyanı öz Feysbuk səhifəsində Gürcüstan ordusunun hazırlıq və təhsil komandanlığının qiymətləndirilməsi departamentinin keçmiş rəisi David Makişvili söyləyib.
Qeyd edək ki, Çatayev haqqında məlumat ictimaiyyətə ilk dəfə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin hakimiyyətinin sonunda keçirilən Lapankursk əməliyyatından sonra verilmişdi. Bu zamanı Tiflis tərəfindən çeçenlərdən ibarət xüsusi dəstə məhv edilmişdi. Bu dəstə Rusiyaya keçərək, onun Gürcüstana hücum etməsi üçün bəhanə yaratmalıydı.
2012-ci ildə Çatayevin həbsinə baxmayaraq, Gürcü Arzusu Partiyası hakimiyyətə gələn kimi, o, azadlığa buraxıldı. Çatayev, tezliklə, Gürcüstanı tərk etdi. “Təkqol” ləqəbi ilə məşhurlaşan Çatayev bir müddət sonra İŞİD-ə qoşuldu. Məhz o, Rusiya vətəndaşlarının Suriyaya axınını təmin edən böyük bir qruplaşma yarada bildi.
Çatayev həmçinin keçən ilin iyununda İstanbulda törədilən dəhşətli teraktın təşkilatçısı olub. Bu terakt nəticəsində 42 nəfər həlak olub, 239 nəfər yaralanıb. Rusiya kəşfiyyatı isə bir müddət öncə Avropadakı terrorların törədilməsinə məhz Çatayevin rəhbərlik etdiyi haqqında informasiya yayıb.