İşsiz qalan suvaqçı-rəngsaz: "İşə bərpa olunmasam, YAP-ın biletini yandıracam"

Baxış sayı:
3668

İxtisara düşmüş başqa keçmiş işçi isə deyir, işini itirdiyi üçün evlənməyi təxirə salıb
 
“56 yaşım var, 1 ildir işdən ixtisara salıblar, pensiya yaşına hələ azı 10 il var, yaş həddimə görə heç yerdə işə də götürmürlər. İndi hökumət mənə yol göstərsin – mən necə yaşayım? Başımı necə saxlayım? İş yox, gəlir yeri yox, pensiya yox…”
 
Muxalifət.az bildirir ki, Meydan TV-yə danışan Gəncə sakini Nadir Qasımov 38 il Gəncə Lokomotiv Deposunda işləyib. Sonuncu vəzifəsi rəngsaz-suvaqçı olub. 1 ildir ki, ixtisara düşüb və Depo rəhbərliyinin əmri ilə işdən çıxarılıb. Deyir, işlədiyi müddətdə Depo rəhbərliyi tərəfindən bircə dəfə də intizam xəbərdarlığı almayıb, işdə hər hansı qüsura yol verməyib. Üstəlik də nə az, nə çox – 38 illik iş təcrübəsi olub. Bu üstünlükləri nəzərə almayan Depo rəhbərliyi ötən ilin aprel ayında onu ixtisara salıb. Üstəlik də o, bundan işə gələrkən xəbər tutub.
 
"Rəhbərlik yerlibazlıqla məşğul olur"
 
“Depo-da axırıncı vəzifəm 6-cı dərəcəli suvaqçı-rəngsaz olub. Aprelin 4-də işə gələndə xəbər tutdum ki, ixtisara düşmüşəm. Mən etirazımı bildirdim. Çünki mənə bu barədə əvvəlcədən bildirilməmişdi. İşdən çıxarılarkən Həmkarlar İttifaqı Təşkilatının qabaqcadan razılığı alınsa da, Həmkarlar Komitəsi mənimlə heç bir bağlantı qurmadan yazılı razılıq verib. Mənimlə eyni sexdə çalışan beş fəhlədən üçü işdən çıxarılıb, ikisi isə işdə saxlanılıb. Halbuki, ixtisar aparılarkən işçinin üstünlükləri nəzərə alınmalıdır. 38 illik iş təcrübəsi olan işçini çıxarıb heç bir təcrübəsi olmayanları işdə saxlayırlar. Ümumiyyətlə, o idarədə rəhbərlik yerlibazlıqla məşğul olur. Kənar bölgələrdən olanları işdən çıxarıb yerinə kəlbəcərliləri götürürlər. Eyni ailənin bir neçə üzvü eyni idarədə çalışır, halbuki, ixtisar zamanı məhz eyni ailənin üzvlərindən biri işdə saxlanmalı, qalanları ixtisara salınmalıdır. Orada fəhlələrə qarşı çox qanunsuzluqlar, haqsızlıqlar baş verir”- Nadir Qasımov deyir.
 
"Deputatın qəbulunda…"
 
Nadir Qasımovun bildirməsinə görə, işdən çıxarılarkən ona verilən 1 aylıq işsizlik müavinətini də kredit borcuna görə bank tutub.
Nadir Qasımov Gəncədən olan deputat Pərvin Kərimzadənin qəbulunda olub. Deputat ona bu məsələni Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovla həll edəcəyini vəd edib.
Şikayətçi deyir, Yeni Azərbaycan Partiyasının üzvüdür və yaxın vaxtlarda işə bərpa olunmasa, partiya biletini hamının gözü qarşısında yandıracaq.
 
"Ezamiyyət, məzuniyyət və yatmamağa görə pulun verilməsini tələb etmişdim"
 
Eyni idarədən işdən çıxarılan daha bir şikayətçi də Yevlaxın Tanrıqulular kənd sakini Babək Ələkbərovdur.
“Maşinist köməkçisi işləyirdim. Rəis çağırıb dedi, subay olduğun üçün işdən azad olunursan, yuxarının əmridir. Əslində isə səbəb bu idi ki, mən ezamiyyət, məzuniyyət və yatmamağa görə pulun verilməsini tələb etmişdim. Hansı ki, təxminən 1000 nəfərə yaxın işçiyə verilməli olan həmin pulları Gəncə Lokomotiv Deposunun rəhbərliyi mənimsəyir. Hər ay fəhlələrin onsuz da az olan məvacibindən səbəbsiz yerə pul tutulur. Bunları dilə gətirən mənim kimi işçiləri isə Depodan uzaqlaşdırırlar”.

Depo.
 
Babək Ələkbərov iddia edir ki, Depo rəhbərliyi pensiya yaşı ötmüş işçiləri tanışlıqla işdə saxlayıb, onun kimi gəncləri ixtisara salır.
Onun cəmi 25 yaşı var. Deyir, işdən çıxarılarkən özünə toy etməyə hazırlaşırmış. Toyqabağı işsiz qalmaq ovqatını təlx edib. Deyir, ailə qurmaq ərəfəsində olan gənci işsiz, çörəksiz qoymaq heç insafdan deyildi.
 
“Depo rəhbərliyi prezidentin siyasətinə qarşı çıxır”
 
Bir də, şikayətçi bildirir ki, Depodakı durum qohumbazlıq, yerlibazlıq və tanışlıq prinsipləri ilə idarə olunur:
“Məsələn, baxmayaraq ki, işinə məsuliyyətlə yanaşırsan, inzibati tənbehin və sair olmayıb, adamın yoxdursa, ixtisar vaxtı çatanda işsiz qalacaqsan. Depo rəhbərliyi prezidentin gənclər haqqında yürütdüyü siyasətin əleyhinə çıxır, Fiziki qüvvəli, bacarıqlı gəncləri işsiz qoyur. Bir daha qeyd edirəm ki, səbəb ezamiyyət, məzuniyyət və yatmamağa görə mənə ödənilməli olan pulları tələb etməyim olub”.
O, bir neçə ay əvvəl prezident İlham Əliyevə müraciət edib. Ancaq müraciəti cavabsız qalıb.
 
İdarə: Məhkəmələr nə qərar çıxarsa, icra etməyə hazırıq
 
Azərbaycan Dəmir Yolları QSC-nin Yük Daşımaları Departamenti Gəncə Lokomotiv Deposundan bildirilib ki, suvaqçı-rəngsaz Nadir Qasımovun işlədiyi sex bağlandığından beş işçidən üçü ixtisara düşüb. Onlardan biri Nadir Qasımov olub. İşdə saxlanılan iki işçi isə başqa sexə keçirilib: “İxtisar şamil olunmayan işçilərdən biri böyrək xəstəsidir, digərinin isə ailə üzvü ixtisara düşdüyündən onu ixtisara salmağa qanun yol vermir”.
İdarədən o da bildirilib ki, Nadir Qasımov işdən çıxarılma ilə bağlı “Əmr”i qəbul etməkdən imtina edib. Sonra da Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata düşüb. İşsiz kimi müavinət də alıb:
“O, əmrin ləğv edilməsi və işə bərpaya görə Kəpəz rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə iddianı əsassız hesab edib və bu ilin martında iddianın təmin olunmaması barədə Qətnamə çıxarıb. Nadir Qasımovun yuxarı məhkəmələrə müraciət etmək hüququ var. Məhkəmələr nə qərar çıxararsa, idarə də həmin qərarı icra etməyə hazırdır”.
Babək Ələkbərova gəlincə, Depodan bildirilib ki, onun ixtisar zamanı ayrı-seçkiliyə yol verilməsi və işçilərə çatacaq pulların mənimsənilməsi ilə bağlı dedikləri həqiqətəuyğun deyil:
“İxtisar zamanı işçilərin ailə vəziyyətləri nəzərə alınır. Üstünlüyü olanlar işdə saxlanılır”.
İdarə qərarı əsaslı hesab edir və bildirir ki, Babək Ələkbərovun məhkəməyə müraciət etmək hüququ var.