İsraillə Səudiyyə Ərəbistanı arasında GİZLİ ANLAŞMA - "The Washington Post" şok faktları ortaya çıxardı

Baxış sayı:
2443

Şahzadə Məhəmməd ibn Salman düşmənlərini yaxından izləyə biləcək; NSO-nun Pegasus proqramının adı Camal Qaşıqçı olayında hallanır

"The Washington Post" qəzeti ABŞ-ın adının çəkilməsini istəməyən iki rəsmisinə istinadən xəbər verir ki, İsrai Səudiyyə Ərəbistanına NSO-nun Pegasus proqramın satıb. Bu proqram ən üstün texnologiyalar sırasındadır və telefon üzərindən kiber-casusluq əməlləri həyata keçirməyə imkan verir. Belə həssas texnologiyanın ərəb ölkəsinə, xüsusən Səudiyyə Ərəbistanına satılması sıradan bir məsələ deyil.

Qəzet bildirir ki, Səudiyyə tax-tacının sahibi, şahzadə Məhəmməd ibn Salman əl-Səud bu texnologiyadan disidentləri və özünə düşmən bildiyi digər şəxsləri aradan götürmək üçün istifadə edəcək...

Hazırda Kanadada yaşayan səudiyyəli disident Ömər Əbdüləziz bəyan edib ki, sözügedən proqram vasitəsi ilə onun İstanbulda qətlə yetirilmiş jurnalist Camal Çaşıqçı ilə əlaqələri araşdırılıb.

Satışın məqsədi İsrail ilə rəsmi münasibəti olmayan Səudiyyə Ərəbistanı və digər Körfəz Ölkələri arasında münasibətləri irəliyə doğru aparmaqdır. O da İsrail üçün xüsusi önəm daşıyır ki, bu ərəb ölkələri Amerikanın rəhbərlik etdiyi anti-İran ittifaqında yer alır. Bu isə İsrail ilə həmin ölkələr arasında məxfi məlumatları da bölüşməyə təhrik edir.

Qeyd olunur ki, bəzi dairələr iddia edir ki, NSO-nun Pegasus proqramından istifadə etməklə Səudiyyə hakim dairələri Camal Qaşıqçını yaxından izləyə bilib. Ömər Əbdüləzizin də irəli sürdüyü bu versiya ilə bağlı ötən həftə "The Times of Israel" qəzetinə müsahibə verən NSO rəsmisi bu ittihamı rədd edib. Və bildirib ki, bu texnologiyanın Qaşıqçı cinayətində hər hansı bir izi üzə çıxmayıb.

Ömər Əbdüləziz isə bildirir ki, NSO Group həmin texnologiyanı xeyli əvvəl- 2017-ci ildə 55 million dollara Səudiyyəyə satıb.

"The Associated Press"dəki mənbələr isə bildirib ki, sözügedən İsrail şirkəti 21 ölkə ilə alış-veriş yapmır. Həmin ölkələr sırasında Rusiya, Çin və Türkiyə də var.

Ümumiyyətlə, belə satışlar İsrail Müdafiə Nazirliyi tərəfindən qadağan olunub. Elə bu səbəbdən də şirkət son 3 ildə 100 milyon dollar dəyəri olan sifarişlərdən imtina etmək zorunda qalıb.

Qəzet bildirir ki, Meksika və Qətər jurnalistləri də İsrail şirkətini ittiham edənlər arasındadır. Hətta Amnesty International təşkilatının bir işçisi də bu proqram tərəfindən izlənilib.

İsrailin baş naziri Benyamin Netanyahu isə ərəb ölkələri ilə münasibətlərin yaxşılaşmasına çalışır. Ötən ay o, Ommanda səfərdə olmuşdu. Baş nazir Səudiyyə Ərəbistanı ilə münasibətlərin rəsmi müstəviyə qalxmasına çalışır. Həm də tələsir. İsraildə növbəti seçkilərə bir şey qalmayıb. Camal Qaşıqçı məsələsində də Məhəmməd ibn Salmana ən çox dəstək verən də odur. O da bəllidir ki, Benyamin Netanyahu Tramp hökumətinə rəsmən bildirirb ki, şahzadə Məhəmməd ibn Salman anti-İran ittifaqında açar fiqurdur və Yaxın Şərqdə stabilliyin olması üçün Səudiyyə Ərəbistanında əmin-amanlıq olmalıdır...

Xəbərin orijinalı bu linkdə: https://www.timesofisrael.com/israel-okayed-sale-of-pegasus-phone-spying-tool-to-saudi-arabia-report/

Elbəyi Həsənli
Musavat.com