İsraillə Sisi rejiminin FƏLƏSTİN ƏLEYHİNƏ ÇİRKLİ OYUNU

Baxış sayı:
406

"Fələstinliləri Sina adasına göndərək” deyən İsrailli nazirə Misir və Fələstindən reaksiyalar gəlməyə başladı. Fələstin “Müqavimət təşkilatları” "vətən tərk olunmazdır” deyərkən, Qahirə rəhbərliyi də "Kiməsə verəcək torpağımız yoxdur” cavabını verib.
 
Birləşmiş Millətlər Təşkilatının Misirin paytaxtı Qahirədə keçirdiyi qadın hüquqları mövzusunda konfransında danışan İsrailin “Sosial Bərabərlik” naziri Gila Gamlielin müstəqil Fələstin dövləti mövzusunda verdiyi açıqlama Misiri və Fələstinliləri qəzəbləndirib. Gamlielin "Bir Fələstin dövləti üçün ən yaxşı yer Sina yarımadasıdır" ifadəsinə Misirin xarici işlər naziri Samih Şukri, "Misir xalqının qanları ilə suvarılan Sina başda olmaqla, Misir ərazisindəki suverenliyi gəmirəcək hər cür açıqlamanı kim edirsə, etsin rədd edirik. Misir, Sinada bir qarış torpağından belə güzəştə getməyəcək" şəklində cavab verib.
 
 SİONİSTLƏR GEDƏCƏK
 
“Həmas” təşkilatının sözçüsü Sami Əbu Zuhri də Gamlielin ifadə etdiyi sözləri pisləyərək, "Fələstin dövlətinin yeri yalnız Fələstin torpaqlarıdır" deyə, bildirib. Zuhri, Sina Yarımadası və ya torpaqları üzərindəki hər hansı bir yerdə suverenliyinə xələl gətirəcək hər cür layihəyə qarşı Misir ilə həmrəylik içində olduqlarının vurğulayıb. “Fəth Hərəkatı”nın sözçüsü Usame el-Kavasimi də verdiyi yazılı açıqlamada Gamlielin sözlərini "həyasız və irqçi" kimi səciyyələndirib. “İslami Cihad Hərəkatının” yazılı cavabında da "Fələstin xalqı, vətəninə alternativ bir yeri heç vaxt qəbul etməyəcək. Sionist düşmən də bu ərazilərdən gedəcək" deyə, qeyd edilib.
 
MİSİRİN PREZİDENTİ SİSİNİN PLANI
 
İsraildə Druz cəmiyyətinin nümayəndələrindən olan dövlət naziri Əyyub Qara, fevral ayında etdiyi açıqlamada, Misirin hərbi çevrilişlə hakimiyyətə gələn prezidenti Abdufəttah əs-Sisinin Fələstinlilərin Sina Yarımadasına yerləşdirilməsini təklif etdiyini, bunun müqabilində İsrail baş naziri Binyamin Netanyahunun da ABŞ prezidenti Donald Trampa "iki dövlətli həll” əvəzinə Fələstinlilərin Sinə Yarımadasına köçürülməsi layihəsini təqdim etməyə hazırlaşdığını bildirmişdi.
Müxalifət.az