İsrail ərazisini genişləndirmək niyyətindədir – Tramp xeyir-dua verib...

Baxış sayı:
646

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netenyahu ilə telefon danışığı aparıb. Söhbət zamanı liderlər Təl-Əvivin İordan çayının qərb sahilindəki mübahisəli ərazilərin «yenidən fəth» elilməsi planını müzakirə ediblər.

Netenyahunun sözlərinə görə, Ağ Evin başçısı «İordan dərəsinin İsrailin tanınmış şərq sərhədi elan olunması» ideyasını dəstəkləyib.

Bundan başqa, tərəflər müdafiə sahəsində əməkdaşlıq və «İran tərəfdən gözlənilən təhlükə» məsələlərini müzakirə ediblər. Netenyahu bunu «İsrailin təhlükəsizliyi baxımından əhəmiyyətli söhbət» adlandırıb.

«Biz, İranı və yaxın aylarda İsrail qarşısında açılacaq bir neçə mühüm tarixi imkanları müzakirə etdik. Xüsusilə, İordan dərəsinin İsrailin tanınmış şərq sərhədi elan edilməsi və həm də ABŞ-la müdafiə ittifaqı yaratmaq imkanlarını müzakirə etdik. Bu barədə biz, əvvəllər yalnız arzulaya bilərdik, indi isə bunları həyata keçirə bilərik» - deyə, Netenyahu bildirib («Kan» dövlət radiosu).

Bundan əvvəl İsrailin Nazirlər Kabineti ölkənin suverenliyinin İordan dərəsindəki yəhudi məskənləri üzərində «yayılması» barədə qanun layihəsini təsdiqləyib.

Maraqlıdır ki, belə bir vacib məqamda ərəb dövlətləri «suluq udmuş kimi» susurlar.