İsrail növbədənkənar seçkilərə gedir

Baxış sayı:
8257

17 sentyabr seçkilərinin favoriti yenə də sağ partiyalar və Netanyahudur, amma baş nazirə qarşı ciddi müxalifət var

Sentyabrın 17-də İsraildə növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkinin favoriti yenə də hazırkı baş nazir Benyamin Netanyahudur. Ancaq hazırkı baş nazirə qarşı ciddi tənqidlər var.

İsraildə parlament seçkiləri bu ilin 9 aprelində keçirilib. Ancaq seçkilərdə heç bir partiya və ya blok 120 yerlik parlamentdə hökuməti qurmaq üçün lazım olan üstünlüyü, yəni 61 deputat yerini götürə bilməyib. Üstəlik, nəticələrə əsasən 36 mandat qazanmaqla seçkilərdən birinci çıxan baş nazir Netanyahunun partiyası Likud hökumət qurmaq üçün koalisiya formalaşdıra bilməyib. Nəticədə növbədənkənar seçkilər təyin olunub.

Budəfəki seçkilərdə də Netanyahu öndə olsa da, baş nazirin militarist siyasəti etirazlar doğurur. Sabiq baş nazir Ehud Barak deyib ki, 17 sentyabrda Netanyahu yenidən qalib gələrsə, İsraildəki demokratiya təhlükəyə düşə bilər. İsrail Demokratik Birliyinin Təl Əvivdə keçirilən mitinqində Netanyahu kəskin tənqid olunub. Ehud Barak deyib ki, əgər Netanyahu yenidən qazanarsa, o, seçkilərin saxtalaşdırıldığını bəyan edəcək.

İsrail votes ile ilgili görsel sonucu

İsrail Demokratik Birliyindən olan deputat Stav Şaffir 17 sentyabr seçkilərinin İsraildə demokratiya mübarizəsi üçün şans olduğunu bildirib. Şaffir deyib ki, israillilərin böyük əksəriyyəti iki dövlətli həll variantını dəstəkləyir. Onun fikrincə, 17 sentyabr seçkilərində sülh tərəfdarı olanlar qazanacaq.

Bir sıra müşahidəçilərə görə, Netanyahunun 10 ilə yaxındır davam edən militarist, barışmaz siyasi kursu artıq getdikcə dəstək itirir. Apreldə keçirilən seçkilərdə Netanyahu əsas rəqibi olan “Mavi-Ağ” blokunu, sadəcə, bir mandat fərqi ilə üstələyə bilib. Digər tərəfdən, baş nazirin radikal çağırışları da o qədər dəstək görmür.

Məsələn, ötən həftə Netanyahu gözlənilmədən seçiləcəyi təqdirdə İordan vadisini İsrailə birləşdirəcəyini vəd edib. 1967-ci il “altı günlük müharibə” zamanı İsrail tərəfindən ələ keçirilən İordan vadisi BMT sənədlərində Fələstin ərazisi olaraq keçir. Lakin Colan təpələri və ya Şərqi Qüds kimi İordan vadisi də İsrailin faktiki işğalı altındadır. Netanyahu bundan əvvəl Qüds və Colan təpələri qərarının davam olaraq seçkilərdə dəstək almaq üçün İordan vadisini də birləşdirəcəyini dedi. Lakin gözlənildiyinin əksinə olaraq bu dəfə o qədər də ciddi dəstək almadı.

İsrail votes ile ilgili görsel sonucu

Məsələn, bu açıqlamadan bir qədər sonra İsrailin “Kanal-12" və ”Kanal-13" televiziyaları rəy sorğusu keçirib. Və məlum olub ki, İordan vadisi açıqlaması Netanyahuya səs gətirməyib. Belə ki, sorğuya əsasən Likud və “Mavi-Ağ” bloku hər biri 32 mandat qazanacaq. Seçkinin 3-cüsü isə Ərəb Bloku olacaq. Ərəblərin 10-12 mandat qazanacağı gözlənilir. Libermanın “İsrail Bizim Evimizdir” Partiyası isə 4-cü yerdə 9 mandat qazanacaq.

Bu nəticələrə əsasən Netanyahu İordan vadisinə görə yalnız bir mandat artıra biləcək. Çünki bir həftə əvvəl aparılan rəy sorğularında Likud 31, “Mavi-Ağ”ın isə 32 mandat qazanacağı görünürdü.

Son rəy sorğularına görə, Netanyahunun partiyasının da daxil olduğu sağ partiyalar budəfəki seçkilərdə 58-59 mandat qazana biləcək. Keçmiş baş qərargah rəisi Benni Qantzın lideri olduğu “Mavi-Ağ” bloku isə ümumilikdə 43 mandat ala biləcək. Bu isə o deməkdir ki, Netanyahunun hökumət qurmaq şansları daha çox olacaq. Əgər nəticələr sorğularla üst-üstə düşərsə.

2009-cu ildən İsrailin baş naziri vəzifəsini icra edən Netanyahu müharibə tərəfdarı siyasətçi kimi tanınıb. Onun zamanında ABŞ hakimiyyəti Qüdsü İsrailin paytaxtı, Colan təpələrini isə İsrail ərazisi kimi tanıyıb. Bundan başqa, “ərəb baharı” və davam edən terror müharibələri Netanyahunun militarist siyasəti üçün uyğun olub. İsrailin indiki hökuməti Suriyada Əsədə qarşı vuruşan qüvvələrə dəstək verib. İsrail aviasiyası isə tez-tez Suriya ərazilərini bombalayıb. Ötən ay isə İsrail İraq ərazisini və 2006-cı il müharibəsindən sonra Livan ərazisini bombalayıb. Bununla da Hizbullahla toqquşmaya gedib. Bir sıra siyasətçilər Netanyahunun bu addımı ilə seçkiqabağı gərginliyi yüksəltmək və seçici dəstəyini artırmaq istədiyini qeyd edir. Çünki baş nazirin əsas seçici elektoratı adətən sərhəd bölgəsində, Fələstin cihadçılarının raketlərinin çatdığı ərazilərin sakinləri olub.

Əlbəttə, son sözü İsrail seçiciləri deyəcək. Haqqında 3 ayrı istintaq işinin davam etdiyi baş nazirin müharibə tərəfdarı siyasəti, yoxsa sülh və ikidövlətli həll yolu seçiləcək? Ancaq istənilən halda indi Netanyahunun militarist və sərt xətti təkcə İsrailin deyil, həm də regionun havasına uyğundur.//musavat