İsrail müdafiə nazirinin Bakı səfəri düz beş gün çəkəcək

Baxış sayı:
2419

İsrailin müdafiə naziri Aviqdor Libermanın Azərbaycana sentyabrın 13-dən başlayan səfəri davam edir.

Libermanın olduqca sıx qrafiki var. O, sentyabrın 12-də Gürcüstana qısa səfər edib və ertəsi gün dərhal Bakıya yola düşüb. Bakıda Liberman Azərbaycan prezidenti İlham Əliyevlə saatlarla sürən danışıqlar aparıb, daha sonra müdafiə naziri, fövqəladə hallar naziri, Sərhəd Qoşunlarının komandanı ilə görüşlər keçirib. İsrail müdafiə nazirinin Azərbaycanın xarici işlər naziri, baş naziri və baş nazirin müavini ilə görüşləri də nəzərdə tutulub.

İsrail Müdafiə Nazirliyindəki mənbələrdən virtualaz.org-a məlum olub ki, A.Libermanın Bakı səfəri sentyabrın 17-nə qədər davam edəcək. Beləliklə, İsrail dövlətinin müdafiə naziri və bu ölkənin aparıcı siyasi xadimlərindən biri Azərbaycanda daha 3 gün qalacaq. Bu, misli görünməmiş haldır və hansısa ölkənin müdafiə nazirinin 5 günlük xarici səfərinə rast gəlinməyib.

Libermanın səfərinin bu cür uzun çəkməsi və danışıqların, görüşlərin intensivliyi Azərbaycanla İsrail arasında münasibətlərin strateji xarakterini, İsrail dövlətinin regionda, xüsusən də Azəbaycan ətrafında cərəyan edən geosiyasi proseslərə xüsusi diqqətini nümayiş etdirir.

İsrail üçün Azərbaycan dünyada əsas hərbi-siyasi tərəfdaşlardan biridir və Liberman özü dəfələrlə Bakıda səfərdə olub. Həm xarici işlər naziri, həm baş nazirin dəftərxanasının rəhbəri ranqında. Ancaq ilk dəfədir ki, o müdafiə naziri statusunda Bakıda beş gün qalacaq. Bu səfər regionda gərginliyin artdığı, Azərbaycan-Ermənistan qarşıdurmasının yeni fazaya daxil olduğu, Rusiya ilə Azərbaycanın hərbi-siyasi tərəfdaşlığının genişlənməsi və İran böhranının dərinləşməsi ilə bir vaxta təsadüf edir.

Libermanın Azərbaycan rəhbərliyi ilə danışıqları bağlı qapılar arxasında keçir və proqamı, müddəti baxımından misli görünməmiş bu səfərin nəticələrini şərh etmək tezdir...