“İsrafil İsrafilovu o vaxtdan gözüm almırdı...”

Əməkdar artist Telman Əliyev: “O, teatra gəldiyi gündən illuziyalar sərgiləyirdi”

“Brejnev dönəmindəki durğunluq illərinin təfəkkür tərzi ilə müasir idarəetmə yalnış baxışdır”

Qədim Şuşa və Gəncənin ruhunu özünün genetik dəyərlərində yaşadan teatr sənətinin ustadlarından biri də əməkdar artist Telman Əliyevdir. O, gənclik illərindən səhnəmizin sevilən aktyoru, gözəl sənətkar kimi dəyərləndirilib. Azərbaycanın elə bir ərazisi yoxdur ki, orada tamaşalarda rol oynamasın. Həyatda nə əldə edibsə, bunları alının təri ilə qazanıb. T.Əliyev 50 ildir sənət taleyini beləcə yaşamaqdadır. 

–Telman bəy, ilk olaraq səhnəyə gəlişinizlə bağlı oxucularımıza məlumat vermənizi xahiş edərdik...
– Məktəb illəri çox yaxşı yadımdadır. 20 saylı məktəb nizam-intizamına və təmizliyinə görə Gəncədə seçilirdi. Atam rəhmətə gedəndən sonra, ana tərəfim Şuşalı olduğuna görə, dayımın təkidilə təhsilimi Şuşada davam etdirdim. Şuşada Kənd Təsərrüfatı Texnikumunun tələbələrindən ibarət ilk dəfə operaya baxdım. Bütün bunlar mənə qəribə görünürdü. Onlar hara, opera hara? Tofiq və Əli müəllimin təşəbbüsü ilə tələbələrdən ibarət truppa yaradılmışdı. Onlar köhnə “Realny Məktəbdə” tamaşalar hazırlayırdılar. İlk dəfə “Leyli və Məcnun” operasına Opera və Balet Teatrının Şuşaya qastrol səfərində baxdım. Əlövsət Sadıqov, Bakir Haşımov, Rübabə Muradova kimi böyük sənətkarlar sözün həqiqi mənasında məni ovsunladılar. Yaxşı səsim olduğuna görə, o zaman Bakıda keçirilən məktəblərarası 22-ci olimpiadada “Arzular” mahnısı ilə iki qalibdən biri oldum. Münsiflər heyətində Xan Şuşinski də var idi. Ancaq teatr məni elə özünə elə bağlamışdı ki, Şuşaya deyil, Gəncəyə qayıtdım. Gəncə teatrının Məmmədağa Rzayev, Ağa Məmmədov kimi aktyorları “İnşaaatçılar” klubunda dərnək yaratmışdılar...
– Bu dərnək teatrın nəzdindəydi?
- Xeyr. O zaman peşəkar aktyorlar müxtəlif klublarda dərnək yaratmışdlar. İndiki “Uşaq Mədəniyyət Mərkəzi”ndə görkəmli aktyor Hacıbaba Bağırov tələbələri yığıb dərs keçirdi. Orta məktəbi bitirdikdən sonra Gəncə teatrının baş rejissoru Həsən Ağayevə müraciət edərək dedim ki, teatrda çalışmaq istəyirəm. Məni sorğu-suala tutduqdan, danışığımı, tələffüzümü, səsimi yoxladıqdan sonra burada çalışmağıma razılıq verdi. Teatrda təmir işləri getdiyindən üç ay sonra gəlməyimi istədi. Bu zaman əsgərliyə gedəsi oldum. Geri döndükdən sonra teatrda çalışmağa başladım. Əvvəllər kiçik rollarla oyanyırdım. İlk böyük rolum isə “Bəxtsiz Cavan” tamaşasında Fərhad oldu. Arıq olduğum üçün bədən quruluşum baş rolları oynamağa imkan verirdi. Günlərin birində komediya tamaşaya qoyulası oldu. Zülfüqar Baratzadə mənə Altay Məmmədovun “Kişilər” komediyasında qəhrəman obrazı versə də, bundan imtina etdim. Çünki, əsərdə qəhramanların çoxu bir-birinə bənzədiyindən mən xarakterik rollar oynamaq istəyirdim. Ona görə ki, xarakterik rolların fərqli və müxtəlif özünəməxsus xüsusiyyətləri var. “Xarakter üçün məni dublyor seçin” demişdim. Beləcə Zülfüqar müəllim bu rola çox həvəsli olduğumu görüb, özünü xəstəliyə vurdu. Sonucda onun rolunu oynadım. Beləcə həmin rolun sayəsində daha çox tanındım, tamaşaçılar tərəfindən sevildim.
–Bəs bir aktyor kimi püxtələşməyinizdə hansı rejissorların əməyi oldu?
–Təbii ki, həyatım boyu çox rejissorlarla işləmişəm. Hər birinin sənət taleyimdə öz yeri var. Ancaq, Nəsir Sadıqzadənin əməyini heç zaman unutmaram. Onun bizim Gəncə teatrında hazırladığı tamaşaların hər biri əsil sənət məktəbi idi. Çünki, o, həm pedaqoq,  həm də savadlı rejissor idi. Nəsir müəllim qədər sənətə can yandıran insan az tapılardı. Onun təklifi ilə, “Hacı Qara”da, “Əkizlərin nağılı” və bir sıra tamaşalarda oynadım. Bir dəfə Nəsir müəllim birinci dərəcəli aktyor olmağıma baxmayaraq dedi ki, mütləq ali təhsil almalıyam. Beləliklə, Mədəniyyət və İncəsənət universitetinə sənədlərimi verdim və yüksək balla qəbul olundum. “Abituriyent” verilişində mənim və Konservatoriyadan bir qızın haqqında veriliş hazırladılar. Ailəm instituta daxil olduğumu televiziyadan öyrəndi. Beləliklə Bakıda qalmalı, Gəncə teatrı ilə sağollaşmalı idim. Bir ildən sonra “Kütləvi Teatr Tamaşaları Rejissorluğuna” keçdim və Gəncə Teatrına döndüm. “Bəxtsiz Cavan”, “Solğun Çiçəklər” və başqa əsərlərdə maraqlı rollar oynadım. Bunların hamısı mənim dünya görüşümdə və sənətdə püxtələşməyimdə böyük rol oynadı.
–Bir sıra aktyorların bəzən yalnız bir profili olur. Yəni dramatik, ya da komediya janrında rollar ifa edirlər. Ancaq, siz bir qədər fərqli şəkildə, yəni daha çox xarakterik rollarınızla tanındınız. Bu sizin üçün çətin deyildi?
–Nəsir müəllim deyirdi: “Siz opera və ya musiqili teatr artisti deyilsiniz ki, yalnız bir planda çıxış edəsiniz”. Səs tembrlərinə görə aktyorlar rollara uyğunlaşdırılır. Dram Teatrında bir qədər rəngarənglik var. Aktyor üçün rolun və obrazın xarakterinin fərqi olmamalıdır. O,  hər bir rolun öhdəsindən gəlməlidir.
–Heç belə bir hal olubmu ki, tamaşaçılar desin: “Bu gün Telman Əliyev oynayır. Biz onun tamaşasına gedirik”?
–Bəli, olub. Tamaşaçılar tərəfindən seviləndən sonra bu cür deyənlər olurdu. O zamanlar teatrların sayı çox deyildi. Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Mingəçevir və Sumqayıtda teatr var idi. Biz respublikanın bütün rayonlarını qarış-qarış gəzirdik. Çox zaman qarşıma çıxanlar Kənd Təsərrüfatı Akademiyasını bitirən kadrlar idilər. Həmin Akademiyanın nəzdində yaradılmış “İctimai peşə” fakultəsində dərs deyirdim. Kənd təsərrüfatı sahəsində işləyən mütəxəssislərin incəsənət, teatr sənəti, mədəniyyət işləri haqqında bilgiləri olmalı idi. Çünki, istənilən təşkilati məsələlərdə aciz qalmasın deyə öyrədilirdi. Mən orada düz 8 il çalışdım.
–Bu fakultə indi fəaliyyət göstərirmi?
–İndi bundan xəbərim yoxdur, ancaq bilirəm ki, o çox düzgün yol idi. Mən bilirdim ki, çəkdiyim əziyyətlər heçə getmir. Çünki tələbələrimin hərəsi bir rayonda aqranom və başqa sahələr üzrə işləyirlər.
–Gəncədə çalışdığınız dövrdə Azərbaycan sərhədlərindən kənara çıxa bildinizmi?
–Gürcüstana gedirdik. Tiflisdə, eləcə də azrbaycanlılar yaşayan bölgələrdə qastrollarda olduq. Ermənistanda azərbaycanlılar yaşayan bölgələrdə tamaşalar oynayırdıq.
–Siz həm də Azərbaycanda ilk Poeziya Teatrının rəhbəri oldunuz.
–Ötən yüzulin 80-ci illəri idi. Gəncə Dövlət Poeziya Teatrı yaradılanda ilk bədii rəhbər kimi məni təyin etdilər. Burada düz yeddi il çalışdım. Bizdə poetik dillə yazılan əsərlər az olduğu üçün ssenarilərin çoxunu özüm yazırdım. Bununla yanaşı, Nizami Gəncəvinin poemalarını səhnələşdirdim. Bu tamaşalara tərtibat verməklə, geyim eskizləri ilə tam Nizami dövrünü göstərməyə çalışdım. Aktyorun gəliri ilə bizdə yaşamaq hər zaman çətin olub. Ona görə rəssamın işini də özüm görürdüm. Poeziya Teatrında 11 ssenarim səhnələşdirildi. Qeyd edim ki, şeirlə ssenari hazırlamaq çox çətin bir işdir.
–Gəncədə hansı rejissorlarla işləmisiniz?
–Həsən Ağayev, Yusif Bağırov, Nəsir Sadıqzadə, Əşrəf Quliyev, Tofiq Kazımov, ilk qadın rejissoru Gülcahan Güləhmədova, Hilal Həsənov və başqa dəyərli rejissorlarla işləmişəm.
–Bəs necə oldu ki, Gəncədən Bakı teatrlarına döndünüz?
–Bu təklif mərhum böyük sənətkarımız, yaxın dostum Səyavuş Aslandan gəldi. Məni Dövlət Musiqili Komediya Teatrına dəvət eləmişdi. Ancaq həmin dönəmdə teatrın bədii rəhbəri Hacıbaba Bağırov oldu. Bütün bunlara baxmayaraq, hər hansı bir problem də yaşanılmadı. İsa Məlikzadənin “Hərənin öz ulduzu” tamaşasında Kar Kələntər rolu ilə bu teatrda ilk çıxışım oldu. Beləcə Bakıya uyğunlaşmağa başladım. Daha sonra Həsənağa Turabov mənə Dövlət Akademik Milli Dram Teatrında işləməyimi təklif etdi. Mədəniyyət və İncəsənət universitetinin aktyorluq fakultəsində müəllim kimi çalışmağa dəvət etdilər. O vaxtdan universitetdə dərs deyirəm.
–Gəncə Tatrından Akademik Milli Dram Teatrına gələndən sonra özünüzü necə hiss etdiniz?
–Hər bir peşəkar aktyor üçün Azərbaycanın əsas ana teatrı olan Akademik Milli Dram Teatrında işləmək həm də qürur mənbəyidir. Kimlərin burada çalışdığını düşünəndə bir qədər insanı xof basır. Ancaq kollektivə tezliklə uyğunlaşa bildim. Siyavuş Aslan yaşına görə xəstələnəndə məni onun yerinə dublyor verirdilər. Bütün bunlara baxmayaraq mən bilirdim ki, Siyavuş Aslan səhnədə Siyavuş Aslandır. Hərənin öz yeri var. Həsənağa Turabov direktor və bədii rəhbər kimi elə bir şərait yaratmışdı ki, özümü burada yad hiss etmirdim.
–Ancaq, sonradan süni şəkildə konfliktlər yaranmağa başladı.
–Həsənağa Turabov və Əlabbas Qədirovdan sonra teatra yeni direktor təyin olundu. O vaxtdan bəri gözüm almırdı İsrafil İsrafilovu. Çünki bura ənənəyə bağlı teatrdır. Kimlər gəlib kimlər gedib. Özümü daha geniş mənada təsdiqə doğru getdiyim bir vaxtda, İsrafil İsrafilov məni işdən çıxardı. Teatra gəldiyi gündən illuziyalar sərgiləyirdi. Onun verdiyi vədlərə inanmırdım. Axı sənətdən başqa, həm də idarəetməni bilirəm. Deyirdi ki, “sizin səfərləriniz yalnız xarici dövlətlərdə olacaq. Ən aşağı 800 manat maaş alacaqsınız və s.” Bunu reallaşdırmaq üçün böyük bir yükün altına girmək lazım idi. Axı İsrafil İsrafilov bu qədər əziyyətin içinə girəcək insan deyil. Tamaşanın yaranması, bazara çıxarılması, satılması böyük bir prosesdir. Bu insan ömrü boyu pencəyini kresloda sürüdüb. Aktyorla amirlik metodu ilə danışmaq olmaz. Aktyor teatrın ifadə vasitəsidir, simasıdır, bütün sənətlərin kompleks şəkildə təqdimatıdır. Bunu aşağılamaq, öz məhsulunu pisləmək deməkdir.  Bunları dərk etmədiyi üçün indi o iflasa uğramışdır.
–Siz İsrafil İsrafilovla bu barədə görüşüb danışmısınızmı?
–Bəli, üz-üzə söhbətlərimiz olub. Heç kimin deyə bilmədiklərini ona demişəm. Ancaq elə bir davranırdı ki, sanki mən heç nəyəm. Hamının mənim kimi düşündüyünü görəndə aktyorlara qarşı çıxmağa başladı. Bilindi ki, İsrafil İsrafilov tənqidi sevmir. O, təkbaşına idarəçiliyi seçmişdi. Direktor vəzifəsinə başlayanda teatrın bədii və tekniki personalının əlli faizini dəyişdi. Teatrda bir kadr yetişdirmək üçün uzun müddət vaxt tələb olunur. Hətta baş rejissor və digər rejissorlar da teatrda ixtisar olundu. Yalnız qısa müddətli müqavilə rejiminə keçildi. Müqavilə “mən istədiyim vaxt səni uzaqlaşdıra bilərəm” deməkdir. Yuğ teatrını Akademik Milli Dram Teatrına daşıdı. Ölkənin öndə gedən sənətkarları, aktyorları isə kənarda qaldı. Bundan sonra bütün söz-söhbətlər başladı.
(Ardı var)

Söhbətləşdi: Lalə CƏBRAYIL