İspaniya Kataloniya hökumətini buraxa bilər

İspaniyanın Baş naziri Mariano Raxoy lazım olduğu təqdirdə Kataloniya muxtariyyətinin hökumətini buraxmaq hüququndan yararlanacağını bildirib.
 
El Pais qəzetinə müsahibə zamanı junralist ona - region hökumətlərini buraxmaq hüququ verən İspaniyanın Konstitusiyasının 155-ci maddəsindən yararlanmağa hazır olub olmadığını soruşub.
Cavabında baş nazir qanunvericilik çərçivəsdində heç bir şeyin istisna olmadığını bildirib.
"Ən yaxşı halda sərt addımlardan yayınmaq istərdik. Lakin, bunun üçün vəziyyətin dəyişməsinə ehtiyac var”, - deyə o bildirib. İspaniya hökumətinin başçısının sözlərinə görə, müstəqillik xülyası ilə yaşayan Kataloniya hökuməti referendumun nəticələrini ləğv etməlidir. O bildirib ki, hazırkı vəziyyət davam etsə,  hamı üçün pis nəticələrə gətirib çıxaracaq.
O əmin etdi ki, vəziyyət sakitləşməyincə İspaniya polisi və qvardiyanın bir hissəsi Kataloniya ərazisində qalacaqdır.
Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya muxtar vilayətində regionun müstəqilliyi haqqında referendum keçirilmişdir. Polislə iğtişaşlar nəticəsində 700-dən çox insan xəsarət almışdır. Kataloniya hökumətinin elan etdiyi nəticələrə görə referendumda iştirak edənlərin 90% Kataloniyanın müstəqilliyinə səs vermişdir. İspaniya hökuməti referendumun nəticələrini tanımamışdır.