İspaniya ermənipərəst türk yazıçını Türkiyəyə ekstradisiya edir - ALMANİYADAN ETİRAZ

Baxış sayı: 103

Almaniyanın xarici işlər naziri İspaniyanı almaniyalı yazıçını Türkiyənin orderi ilə Ankaraya təslim etməməyə çağırıb.
 
Sigmar Gabriel Qranadada istirahətdəykən həbs edilmiş Doğan Akhanlının həbsi ilə əlaqədar ispaniyalı həmkarına zəng edib.
Azadlıq Radiosu xəbər verir ki, Türkiyədə doğulmuş Akhanlı 1984-cü ildə baş vermiş hərbi çevrilişin ardınca illərlə həbsxana cəzası çəkdikdən sonra, 1991-ci ildə Almaniyaya mühacirət edib.
Prezident Recep Tayyip Erdoğan hökumətinin qatı tənqidçisi olan Akhanlı Türkiyənin verdiyi İnterpol orderi əsasında həbs olunub.
Yazıçının vəkili İlias Uyar Der Spiegel jurnalına deyib ki, onun həbsi “Türkiyə hökumətinin Avropada yaşayan tənqidçiləri ovlamaq” siyasətinin bir hissəsidir.
“The Guardian” qəzeti yazır ki, mövcud beynəlxalq qaydalara görə İnterpolun “qırmızı orderini” istənilən ölkə verə bilər, lakin İspaniyanın yazıçını ekstradisiya etməsi üçün Ankara Madridə onun həqiqətən də müqəssir olduğunu isbat etməlidir.
Şərhçilər xatırladırlar ki, Türkiyədə ötən ilin uğursuz çevriliş cəhdindən sonra Ankara və Berlin arasında münasibətlər tarıma çəkilib.
Türkiyə hakimiyyəti 150 min nəfəri işindən kənarlaşdırıb və 50 min nəfəri həbs edib. Bunların arasında Almaniya vətəndaşı olanlar da var.
Almaniya sosial-demokratlarının lideriMartin Schulz özünün seçki kampaniyası zamanı etdiyi çıxışda Türkiyədə baş verənləri “Erdoğanın antiçevriliş paranoyası” adlandırıb.
Schulz deyib ki, “Erdoğan indi də bizim öz vətəndaşlarımızı Avropa İttifaqı ölkələrinin ərazisində yaxalamağa çalışır”.
Sentyabr seçkisində Angela Merkellə kanslerlik yarışına çıxacaq Schulz Türkiyə ilə Avropa İttifaqı arasında üzvlüyə dair danışıqların dayandırılmasına çağırıb.
O deyib ki, “Erdoğan hər gün bizim səbrimizi sınağa çəkməkdə davam edir”.
Almaniya Jurnalistlər İttifaqı Ankaranı tənqid edən jurnalistlərə məsləhət görür ki, xaricə səfər etməzdən əvvəl Almaniya polisində onların adına İnterpol orderinin olub-olmadığını yoxlasınlar.
İttifaqın sədri Frank Überall deyib ki, Akhanlı qanundankənar heç bir əmələ yol verməyib.
PEN ədəbiyyat şəbəkəsinin Almaniya filialı bəyan edib ki, Akhanlı Türkiyədə olmadığı müddətdə orada törədilmiş cinayətə görə ittiham edilir.
Təşkilat bildirir ki, yazıçıya qarşı ittihamların siyasi motivli olduğuna və onun Türkiyədə 1915-ci il erməni qırğınlarından yazmasından qaynaqlandığına inanır.
“The Guardian” yazır ki, Türkiyədə Almaniya vətəndaşlarının həbslərinə baxmayaraq Merkel Erdoğanın tənqidində ehtiyatlı olmağa çalışır.
Qəzet yazır ki, Akhanlı 1980 və 1990-cı illərdə müxalif fəaliyyətinə görə həbs edilib. O həmin illərdə solçu qəzet buraxırdı.
Yazıçı-jurnalist Türkiyədən 1991-ci ildə qaçıb və 1995-ci ildən bəri Almaniyanın Köln şəhərində yaşayır.
Avqustun 19-da Erdoğan Almaniyada yaşayan 3 milyon türk əsilli insanı qarşıdan gələn seçkidə Almaniyanın əsas siyasi partiyalarına, onları dəstəkləməməklə “dərs verməyə” çağırıb.