​İsmayıl Ömərovun qardaşı hakimin qardaşı ilə necə şərik olub? - DƏLƏDUZLUQ İŞİ

Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşı hakim qarşısına çıxarılır.
Muxalifət.az 
musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mahir Kərimovun cinayət işi üzrə məhkəmə iclası keçirilir.
İşə hakim Azad Məcidovun sədrliyi ilə baxılır.
Sonuncu iclasda hakim bildirib ki, işdə adı keçən əsas şəxslərdən biri istintaqa cəlb olunmayıb. A.Məcidov qeyd edib ki, zərərçəkmişlər pulu birbaşa Ramil Şükürova verdikləri barədə ifadə versələr də, müstəntiq onu dindirməyib.
Hakim R.Şükürovun məhkəməyə çağırılıb dindiriləcəyini söyləyib. Həmin şəxs də bir müddət əvvəl dələduzluqda və sənədləri saxtalaşdırmaqda təqsirləndirilərək, Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əlövsət Abbasovun hökmü ilə məhkum edilib. Sonradan şərti azadlığa buraxılıb.
Növbəti prosesi noyabrın 15-nə təyin edilib.
Musavat.com bu iş üzrə Mahir Kərimovun istintaqa ifadəsini əldə edib.
Mahir Kərimov ifadəsində necə şirkət rəhbəri olmasını danışıb.
30 ilə yaxın tikinti sahəsində işlədiyini deyən M.Kərimov 1987-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Baş Təmir Tikinti İdarəsində işləyərkən orada taxta sexinin rəisi olan Ələsgər Ömərovla tanış olduğunu söyləyib.
Bildirək ki, Ələsgər Ömərov İTV telekanalının sabiq rəhbəri İsmayıl Ömərovun qardaşıdır.
M.Kərimov deyib ki, uzun illər dostluq etdiyi Ələsgər Ömərov 2005-ci ildə ona çoxmərtəbəli bina tikintisi ilə məşğul olmaq üçün “Fateh-N” adlı şirkət açacağını deyib.
"Mənə də direktor olmağı təklif etdi. Ələsgər dedi ki, başqa bir neçə şirkətin təsisçisi və sədri olduğu üçün burada rəsmi sənədlərdə adı keçə bilməz, ona görə mənim sənəd üzərində imzam olmasını, lakin bütün işləri özünün görəcəyini dedi. Mən də onu çoxdan tanıdığım üçün razılıq verdim. Şirkət təsisçisi Nəsir İsayev, direktor isə mən oldum. 2007-ci ildə Ələsgərin tapşırığı ilə Nəsir İsayev təsisçilikdən çıxdı, bütün paylarını mənə verdi. Beləliklə, mən həm təsisçi, həm də direktor oldum. 2005-ci ildə Neapol küçəsi 26A ünvanında 11 mərtəbəli, 5 bloklu 290 mənzilli binanın tikintisinə başlandı, özül qazılan andan mənzillər satılmasına start verildi. Satışı birbaşa Əlsəgər özü tənzimləyirdi, müştərilərlə görüşürdü, pulu da mənim iştirakım olmadan alırdı. 2010-cu ilə qədər mənzillər 99 faizi satıldı, həmin il binanın tikintisində problemlər yarandı"- deyən M.Kərimov bu problemlərin səbəbini də göstərib.
O qeyd edib ki, müştərilərdən alınan pullar həmin binaya deyil, onun yanındakı ikinci binanın tikintisinə xərclənirmiş.
Hakim qardaşının sözlərinə görə, bu səbəbdən də həmin bina üçün tikinti avadanlıqlarının alınmasında, işçilərin maaşlarının verilməsində çətinlik yaranıb: "Bu da tikintinin dayandırılmasına gətirib çıxartdı. 2012-ci ildə Ələsgər Ömərov ürəktutmasından vəfat etdi. Bundan sonra mən binanın tikintisini öz gücümə davam etdirməyə çalışdım. Lakin maliyyə imkamlarım məhdud olduğu üçün başa çatdıra bilmədim".
O, istintaqdakı ifadəsində zərərçəkənlər Fikrət Cəfərli, Namiq Qaraşov, Şahin Yusifov və Asif Yusifovla bağlı da ifadə verib.
M.Kərimov deyib ki, Namiq və Şahin adlı zərərçəkmiş şəxslər binada malyar işlərini görüblər: “Nağd pul olmadığı üçün işlərin müqabilində onlara binadan qeyri-yaşayış sahəsi verməyə razılaşdıq. Aramızda müqavilə olmasa da, şifahi formada anlaşmışdıq. Asif isə bizim binadan bacısı üçün ev almışdı. 2014-cü ildə Firkət Asiflə birlikdə mənim yanıma gəlib dedilər ki, Namiqin binadakı obeykti ona məxsusdur və Namiq onlardan 12 min dollar alaraq gizlənib. Bundan sonra Namiq mənə dedi ki, Şahin Yusifovun adına rəsmiləşdirdiyi həmin obyekti Fikrətə verəcək. Mən də dedim ki, razılıq ərizəsi və müqaviləni gətirsin, sənədləşdirək. Bir müddət sonra Namiq başqa təkliflə mənim yanıma gəldi. Onun istəyi ilə 2016-cı ilin aprelində gördüyü işlərin müqabilində ona verəcəyiniz 425 kvadrat obyektdən 60-nı Firkətin adına girov kimi keçirtdik. Bu dəfə isə Fikrət həmin yeri istəmədiyini dedi. Namiqlə Fikrət arasında baş verənlərdən sonra xəbər tutdum. Şahin öz adına olan 30 kvadrat obyekti başqa adama satıbmış. Həmin obyekti Namiq də Firkətə satıb. Bundan sonra Fikrət şikayətlər yazmağa başladı, Namiqi də tapmaq olmurdu. Mən də 9 min dollar pulu Namiqdən alıb Fikrətə verəcəyim barədə qəbz yazdım, amma Namiqdən pulu ala bilmədim”.
Xatırladaq ki, M.Kərimov "Fateh-N" MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir mənzili bir neçə nəfərə satmaqda ittiham edilir.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
M.Kərimov Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşıdır. "Fateh-N" MMC-nin təsisçisi isə Ələsgər Ömərov olub. O, bir müddət əvvəl dünyasını dəyişdiyi üçün barəsindəki cinayət işinə xitam verilib.
Qeyd edək ki, M.Kərimov məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini söyləyib.