İslamın qəlbində ƏMƏLİYYAT APARILIR – YAXIN ŞƏRQDƏKİ PROSESİN ARXA PLANI

 Yaxın Şərqi yaxından bilən və təqib edən jurnalist yazar Turan Kışlakçı Livan baş naziri Saad Haririnin istefası ilə Səudiyyə Ərəbistanında yaşanan hadisələrlə bağlı mühüm açıqlamalar verib.
 
Livanın kiçik Yaxın Şərq olduğunu qeyd edən Kışlakçı, "Səudiyyə Ərəbistanının, İranın, ABŞ-ın Yaxın Şərq siyasətini anlamaq istəyirsinizsə, Livanı tanımaq məcburiyyətindəsiniz. Kiçikdir, amma Yaxın Şərqin taleyini müəyyən edən bir ölkədir" deyə, fikir bildirib.
Kral Salmanın Səudiyyə Ərəbistanının başına keçməsiylə birlikdə Livan ilə Səudiyyə Ərəbistanının arasının pozulduğunu bildirən Kışlakçı, "Hariri istefasını ər-Riyadda bəyan etməsi Səudiyyə ailəsiylə təkrar yaxınlaşdığını göstərir. Hariri iki il öncə Hizbullah ilə ittifaq edərək, baş nazir olmuşdu. Lakin istefa edərkən Hizbullahı ittiham edən bəyanatlar verdi. Səudiyyə Ərəbistanı İranı Livanda üstələməyin yolunu axtarır. Yaxın Şərqdə bir neçə aydır ki, İsrailin Qəzzaya hücum edəcəyi danışılırdı. Həmas, Ramallah hökuməti ilə razılaşaraq, bunu əngəllədi. İndi bu təcavüz Livana qarşı törədilə bilər" deyə, söyləyib.
 Səud ailəsinin bu gün 25 min nəfərə çatdığını deyən Kışlakçı bunları deyib: "Birinci vəliəhd Məhəmməd bin Salman bir sıra cəhdlər göstərir. Trampdan və İsraildən dəstək aldı. Ancaq içəridən daim maneələrlə üzləşir. Kimdir bunlar, vəliəhd Salmanın əmisi uşaqlarıdır. Vəliəhd Muhəmməd son həmlə ilə bir çox şahzadəni nəzarətə aldırıb. 20 min insanın ölkə xaricinə çıxışını qadağan edib. Səudiyyə Ərəbistanı 12 qəbilənin ittifaqından yaradılıb. Bu qəbilələr hələ də çox güclüdür. Görəsən Muhəmməd bin Salmanın hakimiyyətə gəlməsinə razılıq verəcəklər mi? Əslində, İslam dünyasının qəlbində bir əməliyyat keçirilir. İslam dünyası ikinci sekülyarlaşma dövrünə girib. Qüdsü İsrailin paytaxtı elan etmə, Qəzza və Ramallahdan Fələstinliləri İordaniya və Misirin Sina səhrasına sürgün etmə prosesi başladılıb".
Müxalifət.az