İslam Kərimovu qəbrində xəncərlədilər: Brutun Qızılqum çöllərində DOĞULUŞU

Brutun Sezarı xəncərləməsi ilə dünyanın siyasi tarixində “xain ən yaxınımızdadır” aksiomasının əsası qoyuldu. Sezarın yüksəlişində ən yaxın dostu Brutun müəyyən rolu olmuşdu, amma Brutun yüksəlişi birbaşa Sezardan asılı idi. Dahi romalını taxtının yanında əyləşənlər öldürdü.
Sezarın qanına bulaşmış xəncər bu gün Qızılqum çöllərində yenidən peyda olur. Ölümündən sonra patriarxı qəbrində xəncərləyirlər.
Ötən ilin isti yay günlərində - avqustun 29-da 27 il Özbəkistana rəhbərlik etmiş İslam Kərimov öldü. Onun qəfil ölümü yaşının çox olmasına baxmayaraq, sui-qəsd nəzəriyyəsinə də meydan vermişdi. Axı Kərimovun ölümündən cəmi bir neçə ay öncə Qərb texnoloqlarının Mərkəzi Asiya üçün hazırladığı “xəyali ssenari”də Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ölüm tarixi göstərilirdi. “Mərkəzi Asiyada liderlərin qətli” kimi konspriloji fikrini gündəmə gətirən bu qəribə təsadüf özbək liderin əvvəlcə yatağa düşməsi, ardından bir neçə gün sonra ölümünün rəsmi şəkildə açıqlanmasına şübhə ilə yanaşmağa əsas verirdi. Lakin ölümdən bir il keçməsinə baxmayaraq, sui-qəsd nəzəriyyəsi həyata vəsiqə almadı. Kərimov çox yaşlı idi, içkini çox sevirdi və “Allah verdi, Allah aldı” dini deyimlə yanaşsaq, ölüm haqqdır.
Bu gün məsələ Kərimovun ölümündə lupa ilə nəsə axtarmaq da deyil. Əslində qumlu səhrəların “əkə”si (özbəklərdə böyük qardaş – red.) yavaş-yavaş unudulurdu da. Lakin Kərimovdan sonra Özbəkistana rəhbərlik edən prezident Şövkət Mirziyoyevin “ata”nı (özbəklər sağlığında xoş-naxoş Kərimovu ata adlandırırdı) qəbrində Brutcasına xəncərləməsi nəzərləri qumlu səhralarda üfüqə doğru yönəldir.
İyulun 30-da Özbəkistanın rəsmi televiziya kanalının “Tahlilnoma” verlişində mərhum prezident İslam Kərimovun adı çəkilmədən onun bütün siyasəti tənqid olundu. Bu, Özbəkistanın 27 illik müstəqillik dövründə, elə ondan da əvvəl də daxil olmaqla, rəsmi televiziyanın şəriksiz liderin siyasətini pisləməsi kimi nadir hadisədir. 27 il ərzində həmin televiziya Kərimovun hər addımını yüksək səviyyədə dəstəkləyib və “ən doğru addım” adlandırıb. İndi isə aparıcının “Bütün vaxt öz üstünlüyünü sübut etmək və liderlik statusu üçün qonşu ölkələrlə yarışırdı” sözləri təkcə Kərimovun deyil, həm də 27 illik epoxadan qalan hər şeyin üstünü torpaqlamaqdır.

Verişlişdə iştirak edən ekspertlər danışırlar ki, Kərimovun yanlış siyasəti nəticəsində Özbəkistanın qonşu ölkələrlə münasibətləri pis olub. Bundan isə ölkə əhalisi əziyyət çəkib. Lakin prezident Şövkət Mirziyoyevin siyasəti nəticəsində problemlər yoluna qoyulur.
“Tahlilnoma”da Özbəkistanın bütün sferaları – siyasətdən tutmuş kənd təsərrüfatına qədər - təhlil edilib və keçmiş dövr pislənilib.
Verlişin məğzi bundan ibarətdir:
- Qonşu ölkələrlə ciddi problemlər yaşanıb.
- Sərhədlər məsələsi həll olunmayıb.
- Özbəkistanda bütün sahələr böhranla üzləşib.
- Prezident Şövkət Mirziyoyevin ölkəyə rəhbərlik etdiyi 8 ayda bütün problemlər bir-bir aradan qaldırılır.

Mirziyoyev Brut kimi Kərimovu xəncərləyir, lakin Sezardan fərqli olaraq, lider artıq torpağın altındadır. Xəncər canlı bədənə yox, cəsədin çürüdüyü qəbrə saplanır və bu, heç də təsadüfi deyil.
Kərimov öləndən sonra onun yerinə özünün hazırladığı, baş nazir postuna gətirdiyi və ən yaxın adamı hesab olunan Mirziyoyevin gələcəyi üfüqdə görünürdü. Hətta iddialar var idi ki, Kərimov sağlığında Mirziyoyevi “varisi” elan edib. Bunun da əsas səbəbi təkcə oğlan övladının olmaması deyildi. Özbək liderin iki qızından biri – Gülnarə Kərimova şəxsi həyatı ilə atasının nüfuzuna xələl gətirmişdi, hər halda Daşkənddə belə hesab edirdilər. Digər qızı Lola Kərimova siyasət həyatından uzaq idi, kürəkəninə isə etibar etmirdi. Kərimov Şövkət Mirziyoyevə həm də ölümündən sonra ailəsinə baxacağına görə inanırdı. Yəni Mirziyoyev Kərimov üçün Sezarın Brutu idi. Lakin hər şey patriarxı torpağa tapşırana qədər davam etdi.

Gülnarə Kərimova sosial şəbəkədə gizli ad altına “oğul ataya xəyanət etdi” sözlərini elə-belə yazmamışdı. “Üsyankar Kleopatra”nın bir neçə gün öncə həbsi də əslində Kərimovlar ailəsinin özbək tarixində basdırılmağının başlanğıcıdır. Lakin Lola və anası Mirziyoyev idarəçiliyilə razılaşdığı üçün onlara toxunulmur, yaxud bu, hələ ki belədir. Gülnarə isə yeni hakimiyyət üçün əsas başağırısıdır. Təkcə ona görə yox ki, o, sağlığında onu ev dustağı edən atasının taxtına iddia edəcək, həm də Daşkənddə hakimiyyət çevrilişi etmək istəyən Qərb və özbək klanları (Kokand və Daşkənd klanları) ondan istifadə edə bilər.
Özbək klanları: “Səmərqənd” klanının üzvü olan Mirziyoyev digər klanlarla uzlaşaraq, hakimiyyətə gəldi. Əslində Kərimovun ölümünün vəfatından üç gün sonra rəsmi şəkildə elan edilməsi də məhz klanlar arasında razılığın əldə olunması üçün bu vaxta ehtiyacdan irəli gəlirdi. Lakin bu, gələcəkdə həmin klanların Mirziyoyevə qarşı çıxmaması və Gülnarədən istifadə etməyəcəyi demək deyil. Buna görə də yeni lider taxtını möhkəmləndirmək üçün “Üsyankar Kleopatranı” zindana atdı.
Qərb: Amerikanın Mərkəzi Asiyaya daxil olması, Rusiyanı “yumşaq qarnı”ndan vurması, həmçinin, Çinlə uzaq dənizlərdə deyil, sərhədlərinin dibində vuruşması planlarının tarixi uzaqlara qədər gedib çıxır. Əslində qonşularla problemləri olan, Rusiyaya inteqrasiyaya isti baxmayan, Putinin ittifaqlarında yer almayan Özbəkistan Vaşinqton üçün əla “Troya atı” idi, təbii ki, Kərimovun zamanında. Vaxtilə ABŞ-ın Özbəkistanda hərbi bazası da fəaliyyət göstərirdi, Əndincan hadisələrindən sonra isə Kərimov Vaşinqtona üz çevirdi. Amma bu, onun Rusiyanın yanında yer alması ilə də nəticələnmədi. Özbək liderin ölümündən sonra Gülnarə Kərimovanın ABŞ tərəfindən Özbəkistanın başına keçirilməsi ehtimalları olsa da, Rusiya Mirziyoyevə dəstək verərək, taxta çıxardı. Gülnarənin həbsi həm də ABŞ-ın müdaxilə variantlarını sıradan çıxarmaqdır.
Qızını həbs edəndən sonra dövlət televiziyasında Kərimovun tənqidi Mirziyoyevin hədəfləri ilə bağlı müəyyən təsəvvürlər yaradır. Burada daxili və regional olmaqla iki hədəf görünür:
Daxili: 27 illik epoxa basdırılır və bütün problemlər sovetlərdən qalmaq tipik üsulla keçmiş liderin üzərinə yüklənir. Bu, yeni liderə - Mirziyoyevə təmiz libasda iqtidarını qurmaq və gücləndirmək imkanı verir.
Regional: Mirziyoyevin xəncəri “ata”nın qəbrinə saplamasında Rusiya faktoru də görünür. ABŞ-la “ölüm-dirim” savaşına çıxan Moskva Mərkəzi Asiyada Kərimovun dövründə “mərkəzdənqaçma” siyasəti yürüdən Özbəkistanı öz orbitinə qaytarmağı hədəfləyir. Mirziyoyevin iqtidara gəlişinə verilən dəstəyin də məqsədi bu idi. Hesab etmək olar ki, Mirziyoyev Rusiyanın istəyinə uyğun olaraq, xarici siyasət kursunu dəyişir. Proseslərin sonunda Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsinə qayıtması, eləcə də Avrasiya İqtisadi İttifaqına üzv olması perspektivləri görünür.
Bu hədəflərə nail olmaq üçün də təbii ki, ilk növbədə Kərimovla yanaşı, ondan qalan hər şeyi də basdırmaq lazımdır./publika.az/