İslam dövlətlərindən PRİNSİPİAL QƏRAR

Baxış sayı:
3584

Qabil Hüseynli: “İslam həmrəyliyi güclənəcək və Trampın verdiyi qərar heç zaman həyata keçməyəcək”
 
“Birinci dəfədir ki, İslam ölkələri bu cür prinsipial və cəsarətli yanaşma ortaya qoyur”

 
Dekabrın 6-da ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrail dövlətinin paytaxtı kimi tanınması və Birləşmiş Ştatların səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarından sonra İslam Əməkdaşlığı Təşkilatının (İƏT) dekabrın 13-də İstanbulda keçirilən fövqəladə toplantısının İslam həmrəyliyi üçün çox böyük əhəmiyyəti var. Lakin toplantıda 57 üzv ölkədən 48-nin iştirak etməsi, 9 ölkənin tədbiri boykot etməsi təəssüf doğurur. Xüsusilə də toplantıda Səudiyyə Ərəbistanının nazir müavini səviyyəsində iştirak etməsi xoşagələn hal deyil. Doğrudur, Səudiyyə Ərəbistanının rəhbərliyi prezident Rəcəb Tayyib Ərdoğanın çağırışını rədd etməmişdi. Amma Səudiyyə Ərəbistanın dövlət başçısı səviyyəsində toplantıda iştirak etməməsini, bir növ, İslam həmrəyliyinə vurulan zərbə hesab etmək olar.
Bu arada, İslam Əməkdaşlığı Təşkilatına nazir müavini göndərməklə kifayətlənən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı İsrailin kəşfiyyat naziri Yisreal Kats öz ölkəsinə dəvət etməkələ də gündəmə gəlib.
Görünür, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın İsrailə dəvət olunması və İslam Əməkdaşlığı Təşkilatında Səudiyyə Ərəbistanının nazir müavini səviyyəsində təmsil olunması ərəb dünyasının lideri kimi təqdim olunan vəliəhd şahzadənin maraqlarına cavab verir. Bunu eyni zamanda Səudiyyə Ərəbistanının İslam aləminə xəyanəti də hesab etmək olar. Demək olar ki, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri, yəni hansı ölkələr ki, Fələstinə dəstək olmaqdan yayınır, onlar öz maraqları xatirinə Qüdsü İsrailə “hədiyyə” etmək istəyindədirlər. Bu isə həm müqqəddəs “Quran”a, həm də İslam həmrəyliyinə ziddi addımdır.
 
İƏT-in toplantısında Azərbaycanın iştirakı vacib idi...
 
Azərbaycan prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən fövqəladə toplantısında iştirakı isə, təbii ki, təqdirəlayiqdir. Prezidnet İ. Əliyevin İslam həmrəyliyi nümayiş etdirməsi həm ölkəmiz, həm də islam həmrəyliyi üçün vacib addımıdır. Çünki torpaqlarının 20 faizi işğal olunmuş Azərbaycana İslam ölkələrinin dəstəyi hər zaman labüddür. 
İ. Əliev toplantıda çıxışında vurğulayıb ki, Amerika Birləşmiş Ştatları prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olaraq, Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı ölkəmizdə böyük narahatlıq yaradır: “Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır”.
 
İslam Əməkdaşlıq Təşkilatının Qüds bəyənnaməsi...
 
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə toplantısında yekun Bəyannamə qəbul edilib. Hansı ki, İƏT-ə üz ölkələrin imzaladığı bu bəyannamə İslam həmrəylinin göstəricisi oldu.
Bəyannamədə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir, dünya ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır: “ABŞ qanunsuz qərarından geri çəkilməzsə, yaşananlara görə məsuliyyət daşıyacaq. ABŞ-ın qərarı Fələstin xalqının hüquqlarının tapdalanmasıdır”.
Sənəddə vurğulanır ki, BMT Təhlükəsizlik Şurası Qüdsün statusunu müəyyənləşdirən qərar üzərində işləməlidir.
Yeri gəlmişkən, İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən fövqəladə toplantısının yekun bəyannaməsinə və təşkilatın Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımasına Qərbi Qüdsdə MOSSAD əməkdaşlarının şərəfinə təşkil edilən tədbirdə İsrailin Baş naziri Binyamin Netanyahu münasibət bildirərkən deyib ki, bu açıqlamalar onları təsirləndirməyib: “Nəticədə doğru olan qazanacaq. Bir çox ölkə Qüdsü İsrailin paytaxtı olaraq tanıyıb və səfirliklərini bu şəhərə köçürəcək. Fələstinlilər radikallıq etməkdənsə, bu reallığı qəbul edərək, sülh yolunda fəaliyyət göstərsələr daha yaxşı iş görmüş olarlar”.
 
“ABŞ hüquq və əxlaqdan uzaq qərar qəbul edib”
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə deyib ki, İslam Əməkdaşıq Təşkilatı missiyasına uyğun olaraq tarixi sammit keçirdi, Qüdsün sahibsiz olmadığını bütün dünyaya göstərdi.
Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda fövqəladə toplantısından sonra keçirilən mətbuat konfransında bildirib ki, ABŞ hüquq və əxlaqdan uzaq qərar qəbul edib: “Trampın ABŞ-ın səfirliyinin Qüdsə köçürülməsi barədə qəbul etdiyi qərarın bizim üçün əhəmiyyəti yoxdur, özü çalar, özü oynayar. Qüds təkcə müsəlmanların deyil, bütün dünyanın məsələsidir”.
Türkiyə prezidenti vurğulayıb ki, yekun Bəyannamə “Qüdsə azadlıq” adı altında qəbul edilib: “ABŞ-ın qərarı yanlışdır, xətada israr etməyin mənası yoxdur. BMT Təhlükəsizlik Şurasının 478 saylı qərarında ABŞ-ın da imzası var. Donald Tramp BMT Təhlükəsizlik Şurasının ABŞ-ın imzasının da olduğu qərarını necə yox saya bilər? İƏT-in qərarı sammitdə bir ittifaqın yarandığını göstərir. Biz Qüds mücadiləmizi davam etdirəcəyik”.
İsrailin baş naziri Binyamin Netanyahu Brüsseldə səfərdə olarkən Avropa İttifaqının Xairici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini isə deyib ki, yeganə doğru çıxış yolu, Qüdsün hər iki dövlətin paytaxtı olmasını təmin edəcək şəkildə, 1967-ci il sərhədləri çərçivəsində iki dövlətli həll yoludur.
Avropa İttifaqının məsələ ilə bağlı mövqeyinin qəti və aydın olduğunu vurğulayan Mogerini gərginliyin artmasının qarşısının alınmasının lazım olduğunu söyləyib.

İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən fövqəladə toplantısı ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə bildirdi ki, İslam ölkələri arasında birinci dəfədir ki, yüksək həmrəylik nümayiş etdirildi və sərt qərarlar qəbul edildi: “Şərqi Qüdsün Fələsitinin paytaxtı kimi tanınmasının İslam ölkələrinə tövsiyyə edilməsi çox böyük uğurdur. Qətnamə icra ediləcək, edilməyəcək, bu başqa məsələdir. Amma birinci dəfədir ki, İslam ölkələrindən bu cür yüksək həmrəylik və məsələyə daha prinsipial və cəsarətli yanaşma özünü göstərir”.
Politoloq Səudiyyə Ərəbistanının addımını da qınadı: “İslam həmrəylini pozanlara gəlincə, birinci “halaypozanlığı” Səudiyyə Ərəbistanı etdi. Səudiyyə Ərəbistanı özünü böyük, fövqəl dövlət kimi apararaq təkbaşına özü bəyanat verdi və bildirdi ki, Şərqi Qüdsü Fələstin dövlətini paytaxtı kimi tanıyacaq. Yəni bir növ föqalədə toplantı ilə həmrəyliyini verdiyi bəyanatda əks etdirdi, amma İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısının Türkiyədə keçirildiyinə, Türkiyənin İslam aləminin liderliyini ələ ala bilməsi qısqanclığından, həm də Amerikadan müəyyən qədər çəkinərək, özünün nazirini göndərdi. Bir adamın ki 15 arvadı ola, ona kişi demək olar?! Üstəlik də kral olasan”.
 
“İslam ölkələri bir-birini müdafiə etmək zərurətini anlayacaqlar”

Q. Hüseynli Netanyahunun Avropaya səfərinə də diqqəti cəlb etdi: “Avropadan bir dövlətin “həri”sini ala bildi? Yox. Avropa da Fələstinin hüquqlarını müdafiə edir. İslam həmrəyliyi güclənəcək və Trampın verdiyi qərar heç zaman həyata keçməyəcək. Trampın qərarı svilizasiyalararası qarşıdurmanı gərginləşdirdi. Bu gərginləşmənin İslam aləminə bir xeyri olacaq ki, İslam ölkələri bir-birini müdafiə etmək zərurətini anlayacaqlar, milli özünüdərk prosesi daha da dərinləşəcək və İslam həmrəyliyi də güclənəcək”.
“Qüds üç səmavi dinin - müsəlmanlığın, xristianlığın və iudaizmin müqəddəs mərkəzi statusunda qalacaq”
Q.Hüseynli hesab edir ki, ən pis halda, Qüds nə İsrailin, nə də Fələstinin paytaxtı olacaq: “Mən bunu normal hal hesab edirəm. Qüds üç səmavi dinin -müsəlmanlığın, xristianlığın və iudaizmin müqəddəs mərkəzi kimi ayrıca statusda qalacaq. İsrailin bu cür davranışı qonşuluğunda böyük əksəriyyəti müsəlman olan ölkələr tərəfindən həmişə təpki alacaq və bu təpki də İsrailə xeyir gətirməyəcək”.