​İslahatların bəhrəsini millət nə vaxt görəcək? – TANINMIŞ CƏRRAHDAN PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
3771

“Cəmiyyətdə parçalanma, təfriqə yaradan, qarşıdurmanı gücləndirən antimilli ünsürlər xaricdə yox, daxildə oturublar...”

Tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərov Azərbaycanda aparılan islahatlarla bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi dərc edirik:
Cənab Prezident !
Sizi bir vətəndaş olaraq xəbərdar edim ki, Azərbaycanda yüksək vəzifə tutan əksər məmurlar topladıqları haram pulları xaricə qaçırmaq niyyətindədirlər. Bunların qarşısını almaq biz vətəndaşların imkanları daxilində deyil. Siz səlahiyyət sahibi olduğunuz üçün, bu məmurların qarşısını ala bilərsiniz.
Bizlərə də məlumdur ki, bir çox məmurlar işdən çıxıb, ölkəni tərk etmək istəyirdilər, lakin cürətləri çatmırdı. Sizin onlara öz xahişləri ilə ərizə yazıb istefa vermək təklifiniz onlar üçün  bir fürsət oldu. İndi də bir neçə deputat apardığınız islahatları tərifləməklə Sizə mədhiyyə yağdırmaqla məşğuldur. Lakin biz vətəndaşlar hələlik bu islahatların faydasını görmürük.
Sizin apardiğınız islahatlar yalniz kadr dəyişikliyi ilə yadda qalır, bu isə əslində islahatdan daha çox kadr perturbasiyasına bənzəyir. Hazırda icra strukturlarında fil qulağında yatan Asif Əsgərov kimi məmurlar vardır.
Apardığınız islahatlardan polis, prokurorluq orqanları və məhkəmələr dərs götürmür. Hər gün Allaha yalvarırlar ki, bu islahatlar onlardan yan keçsin. Çox təəssüf hissi ilə deyə bilərəm ki, bu islahatlardan hələlik səlahiyyətli şəxslər bir nəticə cıxarmırlar, onlar “boz kardinal”ın (Ramiz Mehdiyevin) əsas vəzifəsindən uzaqlaşdırıldığına belə, inana bilmirlər.
19 oktyabr mitinqində, videolardan göründüyü kimi, iştirakçıların əsas hissəsini polis-prokurorluq orqanlarından, məhkəmələrdən, icra strukturlarından və tikinti şirkətlərindən narazı olan vətəndaşlar təşkil edirdi. Biz vətəndaşlar bu islahatların yalnız kağız üzərində olduğunu görürük. Ona görə ki, Siz bu məmurları cəzalandırmaq əvəzinə, mükafatlandırır və ölkədən qaçmalarına şərait yaradırsınız. Bir zamandan sonra bu məmurların müalicə adı ilə xaricə qaçdıqlarının şahidi olacağıq.
Mənim yeganə evimi qanunsuz sökən, bu günə qədər də mənə kompensasiya verməkdən imtina edən “Regal MTK”-nın  təsisçiləri Yusif və Valeh Ağayev qardaşları da xaricdə dincəlmək məqsədilə Azərbaycanda haram yollarla qazandıqları milyardları xaricə daşımaq üçün yollar axtarmağa getmişdilər. Haram yollarla pullar qazanan şəxslər anlamlıdır ki, əgər dövət onları cəzalandırmayacaqsa, onlar etdiklərindən peşmançılıq keçirməyib halallıq almayacaqlarsa, bunun axırı heç də yaxşı olmayacaq. Onlar anlamalıdırlar ki, hətta xaricə qaçsalar da, şəxsən mən öz işimlə bağlı onların rahat yaşamasına imkan verməyəcəyəm və hər bir fürsətdə onları qanunlar çərçivəsində narahat edəcəyəm.

Qafar İskəndərov

Əksər vətəndaşlar kimi, mənim yolum haqq yoludur, mən öz haqqımı tələb edirəm. Halal zəhmətimlə qazandığım pulları onlara hədiyyə edə və ya bu pulların polislərlə, prokurorlarla, hakimlərlə bölüşüb yemələrinə razı ola bilmərəm. Mənə dəyən ziyanının ödənilməsinə dövlət köməklik etməsə, özüm bəlli olan yollarla onlardan bu dəymiş ziyanı alacağam, sirkət bunu sırğa edib qulaqlarından assın.
Bir sıra deputatlar öz çıxışlarında israrla qeyd edirlər ki, ölkəmizin düşmənləri  müəyyən şəxslərə dəstək verməklə, daxildə vətəndaş müharibəsi törətmək, Qarabağın azad edilməsinin və aparılan islahatların qarşısını almaq, dövlətçiliyimizə zərbə vurmaq niyyəti güdürlər. Məhz bu səbəbdən, onlar bəzi antimilli ünsürlərə ölkələrində sığınacaq verib, onların dili ilə cəmiyyətdə parçalanma yaratmaq, düşmənçiliyi gücləndirmək istəyirlər ki, insanlarımız hakimiyyət uğrunda qan tökməyə belə hazır olsunlar (Qüdrət Həsənquliyev). Çox təəssüf ki, bizim bəzi deputatlar bilmir ki, Qarabağ uğrunda mübarizə aparmaq üçün oncə vətəndaşlarda vətənpərvərlik ruhu, millətə qarşı sevgi hissi yaratmaq lazımdır. Vətəndaşın mülkünü dağıdıb, onu küçələrə atmaqla buna necə nail olmaq olar? Bizim hüqüq-mühafizə orqanlarımız, məhkəmələrimiz, icra başçılarımız (Asif Əsgərov kimi), qoluzorlu “Regal MTK” tikinti sirkətinin rəhbərləri “hacı” Yusif və Valeh Agayev gardaşları, “seyid “ Fərəc Hüseynov və deputat Əsabil Qasımov kimiləri vətəndaşlarda olan bütün nəcib hissləri (millətə, vətənə, dövlətə qarşı) öldürməklə məşğuldur. Bu isə yuxarıda qeyd olunların tam əksini sübut edir. Yəni cəmiyyətdə parçalanma, təfriqə yaradan, qarşıdurmanı gücləndirən antimilli ünsürlər xaricdə yox, daxildə oturub özbaşınalıqla məşğuldurlar.
İslahatlar adı ilə yeni kadrlar təyin olundu, lakin hələ bu kadrların işləri nəzərə çarpmir. Nəzərə alsaq ki, qabaqdan qış gəlir və bu məmurların qış yuxusuna getməsini nəzərə alsaq, bir də yazda oyanıb işlərinə başlaması çox gec olacaqdır. Bu səbəbdən də müxalifət onların qış yuxusuna getməsinin qarşısını almaq üçün yeni mitinq təyin edir.
Möhtərəm Prezident!
Son üç ildə öz konstitusion hüqüqlarımın bərpası ilə apardığım mübarizə zamanı məndə Azərbaycan Respublikasının polis və prokurluq orqanlarına, məhkəmə sisteminə və icra strurkturlarına yalnız nifrət  hissi yarandı. Bu 3 ildə bu orqanlarda bir səlahiyyətli vəzifə sahibi tapılmadı ki, mənim problemimi ədalətlə həll etməyə səy göstərsin. Bu orqanların məqsədi məni və mənim kimi yüzlərlə vətəndaşı dövlətə, Sizə qarşı qaldırmaqdır. 19 oktyabr hadisələri zamanı Siz əmin oldunuz ki, yuxarıda oturan məmurlar artıq idarə edə bilmir və aşağıdakılar (vətəndaşlar) isə bu şəraitdə yaşamaq istəmirlər, ona görə bu islahatlar qaçılmaz oldu. Mən əminliklə deyə bilərəm ki, prokurorluq organları və məhkəmələr dövlətə və millətə deyil, öz korporativ maraqlarına xidmət edir. Çünki bu orqanlarada şikayətlər düzgün araşdırılmır, suründürməçiliyə yol verilir və bu orqanlar cinayətkarların tərəfində olub, onlara vəkillik edirlər.
19 avqust tarixində Apellyasiya Məhkəməsində yanlış qərar verən hakimlər süründürməçiliyə yol verərək, işi Ali Məhkəməyə göndərməkdən imtina edirlər. Əvəzində isə, “hara istəyirsən get, şikayət et” söyləyirlər.
Allah bu millətin yardımçısı olsun!
Hörmət və sayğılarla
Qafar Bədəlxan oglu İskəndərov,
Tibb elmləri üzrə fəlsəfə doktoru,
Avropa endoskopik cərrahlar birliyinin üzvi,
Ali dərəcəli cərrah”.
 
Redaksiyadan: Yazıda adı qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.