​İŞİD “zəif bənd” axtarışında-Misir terrorunun gizlinləri

Tanınmış politoloq: “Terror aktını İŞİD-ə biət etmiş ”Müsəlman qardaşları"nın törətdiyi qənaətindəyəm"

Misirin Sinay yarımadasındakı Ravza məscidində baş verən terror hadisəsində ölənlərin sayı  300-dən yuxarıdır. Məlumatlara görə, ölənlər arasında 30 uşaq da var. Yaralı sayının isə 128 olduğu bildirilir. Misir ordusunun sözçüsü Tamir ər-Rufai hadisədən sonra hava qüvvələrinin terrorçuların yerini müəyyənləşdirdiyini və keçirilən əməliyyatda bir neçəsinin  zərərsizləşdirildiyini açıqlayıb. Misirin rəsmi xəbər agentliyi olan “MENA”nın yaydığı məlumata görə, məscidə hücum edərək kütləvi qırğın törədən terrorçuların əlində İŞİD-in bayraqları olub. Araşdırma zamanı məlum olub ki, terrorçuların sayı 30 nəfərmiş. Hadisə yerinə 5 avtomobildə gələn terrorçular məscidin qapısı və pəncərələri ilə üzbəüz mövqe tutaraq gəlib-gedənlərə atəş açmağa başlayıblar. Bəzi terrorçular maska taxıblar, bəziləri isə uzun saç və saqqalları ilə diqqət çəkib. Yaşları 25-30 olduğu güman edilən terrorçular kamuflyaj rəngində şalvar və qara mayka geyiblər.
Məlumata görə, Sinay yarımadasında “Şəhidlər üçün qisas” adlı antiterror əməliyyatı başlayıb.
Qeyd edək ki, Misirin Sinay yarımadasında son 3 ildə İŞİD terrorçuları tərəfindən bir çox qanlı teraktlar törədilib. Terrorçular bölgədə təkcə məscidlərə deyil, həm də xristian kilsələrinə də hücum edirlər. Ancaq bu günə qədər Sinay yarımadasındakı İŞİD qüvvələri bu miqyasda dinc əhalini hədəfə alan terror aktı həyata keçirməyib. Ekspertlər bildirirlər ki, İŞİD Suriya və İraqda məğlub olub əlindəki torpaqları itirərək hər gün ağır zərbələr alır və bu ölkələrdən sıxışdırılıb çıxarıldıqca özünə “zəif bəndlər” axtarışına çıxıb.
Bu barədə danışan politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, İŞİD Suriya və İraqdan sıxışdırılıb tamamilə çıxarıldıqca, digər dövlətlərə olan təhlükə artır. İŞİD ərəb ölkələrində fəaliyyətlərini lokal formada davam etdirə bilər. Misirdəki terror aktı bunu bir daha göstərdi. Bir sıra ərəb ölkələri İŞİD üçün “zəif bənd”dir, ona görə də orada fəaliyyət imkanları əldə edə bilirlər: “Ərəb ölkələrində təhlükəsizlik sistemi yaxşı qurulmayıb. Həm də sərhədlərinin çoxu şərtidir. Terrorçular sərhədlərdən səhralar vasitəsilə asanlıqla sıza bilirlər. İŞİD-in Misirdə Hüsnü Mübarəkdən sonra qısa müddətə hakimiyyətə gəlmiş ”Müsəlman qardaşları" adlanan təşkilatla da müəyyən əlaqələri var. Həmin təşkilatın üzvləri öz rəhbərlərini itirdikdən sonra İŞİD-ə biət edəcəkləri haqda söz vermişdilər. İndi terror aktlarını törədənləri sırf İŞİD yox, daha çox İŞİD-ə biət etməyi elan etmiş və onun bayrağı altında yenidən düzənlənən “Müsəlman qardaşları”nın törətdiyi qənaətindəyəm. Əfqanıstanda da talibançıların bir qismi İŞİD-ə biət edir. Hətta Pakistanda da İŞİD-ə xidmət edən qruplaşmalar var. Yəni İŞİD toxumu dünyanın əksər müsəlman ölkələrinə səpələnib və səpələnməkdədir. Onlar münbit şərait olduqda cücərti verirlər. Misir məhz münbit şərait olan ölkələrdəndir". 

Politoloq vurğuladı ki, bu nöqteyi-nəzərdən dövlətlər sakitləşməməli və terrorizmə qarşı mübarizədə zəiflik göstərməməlidirlər: “Doğrudur ”Müsəlman NATO-su" deyilən Səudiyyə Ərəbistanının başını çəkdiyi dövlətlər İŞİD-ə qarşı sonadək vuruşacaqlarını bu günlərdə bəyan etdilər, amma bu məsələ hələ təşkil edilmiş, yönləndirilmiş şəkildə aparılmır. Müəyyən fasilələrlə, bəzən də koordinə edilmədən həyata keçirilir. O da yüz faizli nəticə vermir. Bütün bunları nəzərdə tutaraq qeyd edilməlidir ki, İŞİD bu gün Avropa ölkələrinə də sızıb. Bu günlərdə Suriyadan qaçmış miqrantlardan biri Almaniyada avtomobili piyadaların üzərinə sürmüşdü. İstisna deyil ki, o şəxs İŞİD-lə əlaqəlidir. Yəni demək istəyirəm ki, İŞİD hər bir ölkə üçün təhlükə olaraq qalmaqdadır. Azərbaycanda da İŞİD-in tərəfdarları var, İŞİD-ə biət edən adamlar mövcuddur".
Qabil Hüseynli qeyd etdi ki, son zamanlar Azərbaycanın təhlükəsizlik orqanları çox düzgün edərək bir sıra əməliyyatlar apardılar. Bu əməliyyatlar uğurlu oldu. Bütün bunları nəzərə alaraq demək olar ki, İŞİD-in tör-töküntüləri hələ mövcud olmaqda davam edir. Deməli, İŞİD təhlükəsi də davam edir. Onlar bu və ya digər ölkə üçün təhlükə kəsb edirlər. Onlara qarşı mübarizə həmişə gündəmdə olmalıdır./musavat.com/