İŞİD, yoxsa Səudiyyə Ərəbistanı?

Baxış sayı: 115

Colorado-Boulder Universitetinin jurnalistika professoru Nabil Eççaybi Donald Trampın Səudiyyə kral ailəsi ilə rəqs etməsinə ağrı ilə baxıb.
 
İŞİD, yoxsa Səudiyyə Ərəbistanı?

Colorado-Boulder Universitetinin jurnalistika professoru Nabil Eççaybi "The Guardian" qəzetində islam ekstermizminin baş alıb getdiyi bir vaxtda müsəlman olmağın mənəvi iztirablarından yazır.
O yazır ki, "mən başqalarının müsəlman olaraq mənim barəmdə nə hiss etdiklərini başa düşürəm, amma görəsən ətrafdaklılar da mənim nə hiss etdiyimi hiss edirlərmi?"
Eççaybi yazır ki, Manchester, Orlando, Paris və Berlində baş verənlər barədə onun susmağını bu hadisələrin təqdiri və ya şəriki kimi qəbul etmək lazım deyil.
"Mən özümü tükənmiş hiss edirəm. Məni İŞİD-in iblisanə qüvvəsindən ayıran mənəvi uçurum həm təsəlli verir, həm də vahimələndirir…Mən hiss edirəm ki, onların terroru və dağıntıları mənim dözümlülüyümə çağırışımdam həmişə daha gurultulu olacaq" - yazır jurnalist.
Əslində Nabil Eççaybinin yazısı həqiqətən də professor-jurnalistin məqaləsi təsirini bağışlayır. O məqalənin birinci yarısında terror və onun cəmiyyətə təsirləri barədə bir alim kimi xeyli fikir yürütdükdən sonar çox konkret bir cümləyə keçir:
"Bu terror kampaniyasının əsas dirijoru İŞİD deyildir. O bunun yalnız çox kədərli manifestasiyalarından biridir. Bu gün müsəlman adına hər bir şeyi şikəst hala salan Səudiyyə Ərəbistanı və onun buxovlanmayan vəhşi vəhabilik dinidir. Bu təriqətin hərfi ilahiyyatı boğucudur və ona müasir dünyada yer olmamalıdır".
"Biz müasir dünyamızda insanları ictimai meydanlarda şallaqlayan, qadınların təməl hüquqlarını tanımayan dini sistemə necə dözə bilərik?" - deyilir məqalədə.
Jurnalist yazır ki, o Səudiyyə sözünü çeynəmir və birbaşa deyir, çünki o bütün dünya müsəlmanlarını düşünmək qabiliyyətindən məhrum edib.
Müəllif Əlcəzair yazıçısı Kamal Daudun belə bir qənaəti ilə razılaşır ki, "qara İŞİD" və "ağ İŞİD" mövcuddur. Qara İŞİD baş kəsir, öldürür, yandırır, bəşəri irsi məhv edir, amma ağ İŞİD Səudiyyə Ərəbistanıdır. Onun paltarı təmiz, səliqəlidir, amma əslində İŞİD-lə eyni şeyləri törədir.
Daudun dediyinə görə, Səudiyyə Ərəbistanı "fətva vadisi" yaradıb - onun ilahiyyatçılardan, imam və məscidlərdən, kitablardan, qəzet və peyk televiziyasından ibarət böyük sənayesi var.
Məqalədə deyilir ki, neft təkcə dünyanı kirləndirməyib, o həm də müsəlmanlarla düşüncə arasına hasar çəkib.
Jurnalist yazır ki, məhz buna görə də o keçən ay Donald Trump-ın Səudiyyə kral ailəsi ilə rəqs etməsinə ağrı ilə baxıb.
Bu ona görə ağrılı səhnədir ki, hər bir müsəlmana ibrət dərsi verir: İslamın iki müqəddəs şəhərinin baxıcısı olan səudlar insan haqlarını nə qədər pozsalar da, Yəmən uşaqlarının başına bomba yağdırıb acından öldürsələr də, ABŞ neftə görə özünü görməməzliyə vuracaq.
Nabil Eççaybi sual edir: Bəs biz niyə özümüzün bu strateji oyunda yaşamağımıza yol verməliyik?
Daha sonra jurnalist 20-ci əsrin müsəlman modernisti və şairi Məhəmməd İqbaldan sitat gətirir. O deyirdi ki, azad düşüncəli olmaq üçün, mürtəce və ya gerilikçi olmağa ehtiyac yoxdur.
İqbal üçün İslam daim hərəkətdə olan və dəyişən layihədir, imitasiyaya məhkum ilahiyyatçılıq deyil.
"İslam peyğəmbərliyin sonudur, amma zəkanın sonu deyil, axı…" yazır müəllif.
Onun fikrincə İslam böhran yaşayır və bu, onun üçün ölüm-dirim böhranıdır.