​İŞİD nəzarət etdiyi ərazilərin 95 faizindən məhrum olub – BMT-dən AÇIQLAMA

İŞİD terror qruplaşması 2014-cü ildə Suriya və İraqda nəzarət etdiyi ərazilərin 95 faizindən məhrum olub.
TASS xəbər verir ki, bu barədə BMT baş katibinin İraq üzrə xüsusi nümayəndəsi Yan Kubiş Təhlükəsizlik Şurasının iclasında bildirib.
O, qeyd edib ki, 7,5 milyondan çox insan terror qruplaşmasının əsarətindən azad edilib. Nümayəndənin sözlərinə görə, İŞİD üzərində qələbə çox böyük məhrumiyyətlər hesabına başa gəlib. Minlərlə hərbçi və dinc sakin öldürülüb və ya yaralanıb. Minlərlə qadın dul, uşaq yetim qalıb.
O, qeyd edib ki, xeyli insan savadsızdır. Bütöv şəhərlər dağıntılar altında qalıb, 6 milyona yaxın insan evlərini tərk edib.
Yan Kubiş İŞİD-lə müharibənin bütün qurbanlarına – dinc sakinlərə, təhlükəsizlik qüvvələrinin əməkdaşlarına və onların ailələrinə başsağlığı verib.