İŞİD-ə 500 min dollar yardım göndərən azərbaycanlıların məhkəməsi başlayır

Baxış sayı:
8345

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada terror təşkilatlarının maliyyələşməsində iştirak edən İlqar Ağayev, Namiq Məmmədov və Sahil İbrahimovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Cinayət işi üzrə materiallar hakim Zeynal Ağayevin icraatındadır. Məhkəmənin hazırlıq iclası avqustun 2-ə təyin edilib.

Təqsirləndirilən şəxslər Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs ediliblər.

Məlum olub ki, İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədov və digərləri 2017-ci ilin oktyabrından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvlərinin və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdəki terror təşkilatının üzvləri tərəfindən göndərilən pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib aldıqları pul vəsaitlərinin müntəzəm olaraq, ümumilikdə 500 min ABŞ dollarından çox pulun müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin edib.

Həmin şəxslər vasitəsilə BMT tərəfindən terror təşkilatı kimi tanınan dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib.

İstintaq orqanı tərəfindən İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (cinayətkar birlikdə iştirak etmə), 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham elan edilib.