​“İsgəndər Həmidovun vəziyyəti kritikdir, ölkə xaricində xəstəxanaya köçürülə bilməz” – ADİL QEYBULLA

Baxış sayı:
2956

Milli Azadlıq Hərəkatının liderlərindən biri, Əbülfəz Elçibəy hakimiyyəti dövründə daxili işlər naziri olmuş İsgəndər Həmidovun durumu kritik olaraq qalır.
Hazırda sabiq nazirin ölkə daxilində başqa xəstəxanaya köçürülməsi ilə bağlı danışıqlar gedir.
Bu barədə məlumatı Cebhe.info-ya tibb elmləri dosenti, professor Adil Qeybulla verib.
O deyib ki, İsgəndər Həmidovun vəziyyəti kritik olduğundan ölkə xaricində xəstəxanaya köçürülməsi mümkünsüzdür:
“İsgəndər Həmidovun təyyarə və ya başqa nəqliyyat növü ilə xaricə aparılması risklidir. Hazırda Mərkəzi Klinik Xəstəxanada müşahidə və intensiv müalicəsi davam edir. Ola bilsin ki, bu gün başqa xəstəxanaya köçürülsün. Onunla bağlı bir neçə xəstəxana ilə danışıqlar gedir. Hər halda ağır xəstəni götürmək elə də asan deyil”.
Xatırldaq ki, 24 yanvarda təxminən saat 17.00 radələrində bayır gəzintisi zamanı İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib.
Hazırda o, Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsində komadadır və süni tənəffüs aparatına qoşulub.
Alçina Amilqızı