​İsgəndər Həmidov partiyasına qurultay keçirə bilmir

“Hakimiyyət Azərbaycan Milliyyətçi Demokrat Partiyasına qurultay keçirmək üçün yer verməsə,  qurultayı meşədə keçirəcəyik. Biz təbiət qoynunda da olsa, qurultayı keçirəcəyik. Lakin bu zaman dünya Azərbaycanda siyasi durumun hansı səviyyədə olduğu haqqında təsəvvürə gələcək”.
Bunu bir neçə il əvvəl Azərbaycan Milliyyətçi Demokrat Partiyasının (“Boz qurd”)  qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov demişdi. Həmin vaxt AMDP rayonlarda konfranslar keçirir və qurultay üçün hazırlıq işləri gedirdi. Lakin müəyyən səbəblərdən qurultay baş tutmadı.
Muxalifət.az xəbər verir ki, İsgəndər Həmidov modern.az-a açıqlamasında qurultay haqqında yenidən düşündüklərini bildirib: “Tufan Kərimlinin rəhbərlik etdiyi bir partiya var, onlar qeydiyyatdan keçib, amma nəsə qurultay keçirmirlər. Amma bizim qanadımız yəqin ki, seçkiqabağı  qurultay keçirəcək. Nədənsə bizim qanadı rəsmi qeydiyyata almırlar. Biz onların çaldığı havaya oynamırıq, bizim çaldığımız havaya da onlar oynamır. Bizdə  bəzi qanunlar işləmir axı... Hansısa bir məmurun fikri qanunu əvəz edir”.
İ.Həmidov partiyanın fəaliyyətindən  də söz açıb: “Milli Strateji  Düşüncə Mərkəzində fəaliyyətimiz görünür. Müsavat Partiyası ilə bir yerdə tədbirlərimiz olur və hamısında iştirak edirik”.
Sabiq daxili işlər naziri ümumi şəxsi vəziyyəti ilə bağlı sualımızı belə cavablandırıb: “Tənhalıq pis şeydir.  Sizə deyim ki, Allah yaşlı kişinin həyat yoldaşı dünyadan köçənə qədər onun canını alsa, daha yaxşı olar”.
Xatırladaq ki, İsgəndər Həmidovun həyat yoldaşı Rəna Həmidova  ötən il  uzun sürən xəstəlikdən sonra vəfat edib.