"İşgəncə verib, bədənini yandırıb, döyüb" - 3 uşaq anası ərini niyə öldürüb?

Baxış sayı:
6217

Bakıda ərini qətlə yetirməkdə ittiham edilən qadın növbəti dəfə hakim qarşısına çıxarılıb. Məhkəmədə hadisənin təfərrüatları məlum olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Vəfa Orucova həyat yoldaşı Rövşən Musayevlə qısqanclıq zəminində mübahisə edib. Məlumata görə, Musayev həyat yoldaşının başqa şəxslərlə münasibətinin olmasından şübhələnib. Bu səbəbdən onlar arasında mübahisə başlayıb. Musayev həyat yoldaşını döyməyə başlayıb. Vəfa Orucova mətbəxdən götürdüyü bıçaqla Rövşən Musayevin kürək nahiyəsindən vurub. Musayev xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Elan olunmuş ittihamla Vəfa Orucova özünü qismən təqsirli bilib. Deyib ki, əri onu döyüb, işgəncə verib. O, ərinə xəyanət etməsi ilə bağlı deyilənlərin yalan olduğunu bildirib. Söyləyib ki, əri əsassız yerə onunla mübahisə edərək dava edirmiş.

Vəfa Orucova qeyd edib ki, əri onu bıçaqla vurmaq istəyib. Bu zaman bıçaq onun əlindən düşüb. Orucova yerdən götürdüyü bıçaqla ərini vurduğunu deyib. O, ərini xüsusi amansızlıqla öldürmək ittihamının ağır olduğunu, özünü bu ittihamla təqsirli bilmədiyini deyib.

Məhkəmənin davamında şahid qismində mərhumun atası A.Musayev dindirilib. Şahid bildirib ki, son iki ildə oğlunun evinə cəmi 2-3 dəfə gedib. O, rayonda yaşadığını, oğlunun ailəsində baş verən söz-söhbətdən tam olaraq xəbərdar olmadığını söyləyib.

A.Musayev suallara cavabında oğlu ilə gəlini arasında baş verən mübahisə haqda qısa olaraq məlumatlı olduğunu deyib. Bildirib ki, gəlininin adını bilmədiyi diş həkimi ilə münasibətinin olması haqda eşidib. Onun dediyinə görə, dava da elə bu səbəbdən baş verib.

Vəfa Orucova isə bu sözlərin yalan olduğunu deyib. Bildirib ki, həmin diş həkimini mərhum əri Rövşən Musayevə görə tanıyıb: "Rövşən onun yanında dişlərini düzəltdirirdi. Mənə dedi ki, yaxşı həkimdir, sən də dişlərini elə ona düzəltdirərsən. Sonra Rövşən onu bir dəfə də bizim evə gətirdi. Hətta baldızımın da dişlərini müayinə etdi. Mənim həmin şəxslə heç bir münasibətim olmayıb".

Vəfa Orucovanın başqa bir şəxslə - taksi sürücüsü ilə də münasibətinin olduğu mərhumun atası tərəfindən iddia olunub. Məlum olub ki, Vəfa Orucova ərini bıçaqladıqdan sonra həmin taksi sürücüsünə zəng edib.

Məhkəmə bu iddia ilə bağlı V.Orucovaya sual verib. Orucova deyib ki, taksi sürücüsünü məhəllədə yaşayan şəxs kimi tanıyıb: "Mən təcili yardıma zəng elədim. Fikirləşdim ki, gec gələcək. Ona görə də taksiyə zəng elədim ki, gəlsin və Rövşəni xəstəxanaya tez çatdıraq. Ona zəng etməkdə məqsədim bu idi".

V.Orucovanın vəkili mərhumun atasına sual verib. Soruşub ki, mərhum oğlunun arvadına işgəncə verməsindən, bədənini yandırmasından, döyməsindən xəbəri varmı? A.Musayev qeyd edib ki, oğlu və ailəsi ilə tez-tez görüşmədiyi üçün bu haqda məlumatı yoxdur.

Məhkəmə iclasının davamında Vəfa Orucovanın hadisənin əsas şahidi olan 14 yaşlı oğlu ifadə verib. Hadisə baş verən zaman evdə olduğunu deyən 14 yaşlı uşaq ifadəsində bunları deyib: "Atamla anam mübahisə edirdi. Otağa girəndə atamın əlində bıçaq var idi. Atam anamı vuranda bıçaq yerə düşdü. Sonra anam atamı vurdu".

Məhkəmə xatırladıb ki, şahid istintaqdakı ifadəsində bıçağı anasının əlində gördüyünü deyib. 14 yaşlı uşaq bu ziddiyyəti həyəcanlı olması ilə izah edib. Vəfa Orucova oğlunun dindirilməsinə etiraz edib. Bildirib ki, o, uşaqdır və həyəcanlanır.

14 yaşlı şahid növbəti suallara hadisə baş verəndən sonra yaşananlardan danışıb. Məlum olub ki, təcili yardıma da ilk zəng edən o olub. Azyaşlı atası bıçaqlandıqdan sonra anasının kimə zəng etdiyini bilmədiyini deyib. Söyləyib ki, atası yaralı olanda qanı dayandırmaq üçün dəsmalla onun yarısını sıxıb.

Qeyd edək ki, qətl hadisəsi ötən il noyabrın 24-də baş verib. Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən mərhumun arvadı Vəfa Orucova saxlanılıb. Hadisə mərhumun azyaşlı övladlarının gözü qarşısında baş verib. İlkin məlumata görə, mərhumun spirtli içki qəbuluna görə arvadı ilə tez-tez mübahisələri olurmuş. Sonuncu belə mübahisə isə qətllə nəticələnib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.