İşğalçı ordu ərazilərdən çıxmadıqca gərginlik səngiməyəcək – Azərbaycan XİN

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT regionunda təhlükəsizliyə və sülhə qarşı ən ciddi təhdid olaraq qalmaqda davam edir.
 
BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin ATƏT-ə verdiyi mandata baxmayaraq, biz müşahidə edirik ki, Təşkilat daxilində əsas meyil münaqişə ilə əlaqədar gərginliyi aradan qaldırmaqdır. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin edilmədən gərginliyin aradan qaldırılması problemi həll etməyəcək.
 XİN-nin mətbuat xidmətinin verdiyi xəbərə  görə, bu fikirlər iyulun 11-də Avstriyanın Mauerbax qəsəbəsində ATƏT-ə üzv dövlətlərin XİN rəhbərlərinin qeyri-formal toplantısında Azərbaycan nümayəndə heyətinin çıxışında yer alıb.
 “ATƏT daxilində münaqişədə status-kvonun qeyri-davamlı olması barədə yekdil mövqe təsbit edilməlidir. Ermənistanın cəbhə xətti boyunca münaqişənin gərginləşməsinə yönəlmiş bütün növ təxribatları nəzərə alınaraq status-kvo dəyişilməlidir. Yaşayış məntəqələrinin heç bir fərq qoyulmadan atəşə tutulması nəticəsində iki azərbaycanlı mülki vətəndaşın öldürülməsi Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır və bir daha mülki əhalini hədəfə almaqla Azərbaycanı reaksiya verməyə təhrik etmək siyasətinin sübutudur, eyni zamanda, Ermənistana sülh səylərini pozmaq üçün bəhanə verir”, - deyə nümayəndə heyətinin çıxışında qeyd olunub.
 Qeyd olunub ki, münaqişə həll olunduqdan sonra Ermənistanın hazırkı rejiminin labüd legitimlik böhranı ilə üzləşəcəyi bu rejimi belə təxribatlara əl atmağa sövq edir: “Ermənistanın siyasi rəhbərliyi anlayır ki, münaqişənin sülh yolu ilə beynəlxalq hüquqa uyğun həll edilməsi Azərbaycanın işğal olunmuş ərazilər üzərində suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə nəticələnəcək. Məhz buna görə də Ermənistan rəhbərliyi rejimin ömrünü uzatmaq məqsədilə mövcud status-kvonu möhkəmləndirmək üçün hər yola əl atır. Ermənistan dərk etməlidir ki, mövcud status-kvoya güvəndikcə müstəqilliyini tamamilə itirmək və regiondakı siyasi oyunlarda alətə çevrilmək riski ilə üzləşir. Yalnız münaqişəni sülh yolu ilə həll etməklə, Azərbaycan və regionun digər ölkələri ilə yaxşı qonşuluq münasibətləri yaratmaqla Ermənistan öz xalqı üçün müstəqil və xoş gələcək yarada və regionun inkişafından bəhrələnə bilər”.
 “Təəssüf ki, Ermənistanın xarici işlər naziri Mauerbaxda dialoq imkanını yenə əldən verdi. O, Azərbaycana qarşı əsassız ittihamlarla dolu bəyanatla çıxış etdi. Belə bəyanat daxili siyasi istehlak üçün nəzərdə tutulub. Bu, ATƏT-də gözlənilən çıxış deyil. Bu zalda olan hər kəs anlayır ki, Ermənistan-Azərbaycan münaqişəsində təcavüzkar və təcavüzə məruz qalmış tərəf kimdir. Bizi maraqlandıran sual odur ki, Ermənistanın naziri öz bəyanatı ilə nəyə nail olmaq istəyirdi. Əgər nazir hesab edirsə ki, bu yolla ATƏT daxilində etimad və etibarın bərpasına hansısa töhfə verə bilər, tamamilə aydındır ki, o, iflasa uğradı.
 Bu gün Brüsseldə Azərbaycanın xarici işlər naziri və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə planlaşdırılmış görüşü nəzərə aldıqda, Ermənistanın naziri həddən artıq təxribatçı çıxış səsləndirdi. Biz Ermənistanın nümayəndəliyini həm burada - ATƏT-də, həm də Brüsseldə keçiriləcək danışıqlarda konstruktiv mövqe nümayiş etdirməyə səsləyirik”, - deyə çıxışda qeyd olunur.