İŞĞAL, YOXSA CƏZA?

Əvvəlcə, bir Bəyanatı xaırlatmaq istərdim:
“Prokuror Məmmədxan Əzizxanlının Bəyanatı.
Artıq, 25 sentyabr 1989-cu il tarixdən qüvvədə olan, Azərbaycan SSR-in suverenliyi haqqında Azərbaycan SSR-in 23 sentyabr 1989-cu il tarixli Konstitusiya Qanunu, əslində əsasnamə qüvvəli   sənəddir.
Həmin sənəd tam səlahiyyətlə Azərbaycan SSR-i ilə SSRİ arasında qarşılıqlı hüquqi münasibətlərini respublikanın xeyrinə əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, həmin Qanunun 6-cı maddəsində göstərilir ki, “Azərbaycan SSR-in suveren hüquqlarını pozmayan SSRİ qanunları Azərbaycan SSR ərazisində qüvvədədir.”
Bu norma ilə SSR Konstitusiyasının 74-cü maddəsində göstərilən – “Müttəfiq respublikaların qanunu ümumittifaq qanunu ilə düz gəlmədikdə, SSRİ qanunu tətbiq edilir.” məzmunlu norması birtərəfli qaydada qüvvədən salınır.
Azərbaycan SSR buna tam səlahiyyətlidir. Hüquqəmələgəlmə statusuna görə Azərbaycan SSR -  birincidir, SSRİ isə - ikincidir. Çünki  SSRİ müttəfiq respublikalarının, deməli, o cümlədən, Azərbaycan SSR-nin törəməsidir.
Odur ki, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 19.01.1990-cı il tarixli, Azərbaycanın bir sıra rayonlarında fövqəladə vəziyyət elan edilməsini nəzərdə tutan qərarı, kütləvi vəhşiliyə haqq qazandıran özbaşına, səlahiyyətsiz, zorakılıq aktıdır. Onu da qeyd edim ki, öz ərazisində fövqəladə vəziyyət elan etmə hüququ Azərbaycan SSR-in özünə məxsusdur (8-ci maddə). Ona görə də Sovet Ordusunun bu günlərdə Azərbaycanda törətdiyi misilsiz vəhşiliyin nəticələrinə görə, belə vəhşiliyi “qanuniləşdirən” sənədi imzalayan şəxs – Mixail Qorbaçov beynəlxalq məhkəməyə verilməlidir.
Bu aksiya, erməni və rus birliyinin, dövlət miqyasında Azərbaycan xalqına qarşı, guya qayda yaratmaq pərdəsi altında – s o y q ı r ı m ı-dır.
Qeyd:- SSRİ  Konstitusiyasının 19-cu mad. 14-cü bəndi:-
1. “SSRİ-nin müdafiəsi və onun vətəndaşlarının təhlükəsizliyi mənafeyinə uyğun olaraq bütün ölkədə, habelə ayrı-ayrı yerlərdə hərbi, yaxud fövqəladə vəziyyət elan edir – bu məsələnin müvafiq müttəfiq respublikanın Ali Sovetinin Rəyasət Heyəti ilə hökmən müzakirə edilməsi şərtilə.”
2. Hörmətli Mirzə Xəzər, bu bəyanatı bütün dünya xalqlarının dillərinə çevirib, beynəlxalq aləmə çıxarın. 
                                
Bakı Şəhər Qaradağ Rayon prokurorunun
köməkçisi,  kiçik  hüquqşünas                             Məmmədxan  Əzizxanlı
                                                                                 22.01.1990-cı il
Qeyd:-Həmin Bəyanat şəhidlərin qırxınadək, Metronun “Bakı Soveti” stansiyasında və Şəhidlər  Xiyabanında şəhidlərin 40-dək  asılmışdır. Metronun “Bakı Soveti”stansiyasında Bəyanat axşamlar rus əsgərləri tərəfindən qopardılmış, səhərələr  isə bizim uşaqların dayısı Qasid Süleymanov və dostum Vaqif Əliyev  tərəfindən hər gün səhər yenidən yapışdırılmışdır.”
 
Bu Bəyanat, 19-20.01.1990-cı il tarixdə, qanunsuz olaraq, Şimali Azərbaycana Sovet Xüsusi Cəza Ordusunun yeridilməsi faktının necə deyərlər, qismən siyasi və hüquqi tövsifidir, yəni qiymətləndirilməsidir. Bu hərbi ekspedisyanın tam hüquqi tövsüfi üçün respublika ərazisində Rus Sovet Xüsusi Cəza Ordusunun o ərəfədə törətdiyi qəsdən insan ölümü və yaralanması ilə, qəsdən dağıntı və ziyanvurmalarla  nəticələnən,  bütün cinayətlər ayrıca istintaq olunub məhkəmədə hüquqi qiymət verilməlidir. (Ancaq, bu baş vermədi.)
Lakin bu, məsələnin hamısı deyil.
Ona görə də qoşun yeridilməsinin formal və real əsasları, respublikada və xüsusilə Bakıda siyasi vəziyyət, habelə, imkanca Moskva tərəfindən həyata keçirilməsi nəzərdə tutulan bütün bu tədbirlərdən umulan beynəlxalq məqsəd, fayda ...açıqlanmalıdır.
SSRİ Ali Soveti Rəyasət Heyətinin sözügedən 19.01.1990-cı il tarixli qərarında Bakıda fövqəladə vəziyyət elan olunmaqla qoşun yeridilməsi iki əsasdan irəli gəlir. Birincisi, vətəndaşların (yəni  ermənilərin) təhlükəsizliyini təmin etmək və ikincisi, hazırlanmaqda olan dövlət çevrilişinin qarşısını almaq. (Yeri gəlmişkən, bizim soydaşlarımız 1988-89-cu illərdə, Ermənistandan zorakılıqla, ölümlə müşayət olunmalarla qovularkən SSRİ rəhbərliyi ermənilərə qarşı nəinki heç bir ciddi tədbir görmədi, əksinə, qovulanların özünü müdafiə cəhdlərini təqib etdi, şikayətlərinə baxmadı, nəticədə 200 mindən artıq Azərbaycan türkü öz dədə, baba yurdlarından deportasiya olundu. Tarixdən bizə bəllidir ki, bizə qarşı eyni cür hadisələr rusların erməniləri hərtərəfli dəstəyi ilə 1905 və 1918-ci illərdə baş vermişdir.)
Birinci “əsas” haqqında.
Məlum olduğu kimi, AXC-nin 13 yanvar tarixli, Bakıda Azadlıq meydanındakı mitinqinin sonuna yaxın Hökumət Evinin arxasındakı doqquz mərtəbəli yaşayış binasının (şəkil qalereyasının üstü) hansısa mərtəbəsindən bərk tüstü çıxmağa başladı... Dedilər ki, erməni evidir. Meydanda bunu, bizə yaraşmayan hərəkət kimi qiymətləndirdik. AXC və dövlət tərəfindən belə hərəkətlərin qarşısının alınmasına yönələn tədbirlər kifayət etmədi. Xatırladım ki, AXC İH-nin sədri Ə.Əliyev hadisədən qabaq, həmən mitinqdəcə: - “Bakı Respublikanın düşünən beynidir, ona görə də burada tam sakitlik gözlənilməlidir, heç bir zorakılıq hərəkətlərinə yol verilməməlidir” dedi və elə bil buna cavab olaraq ...erməni evi yandırıldı...
Artıq neçənci ildir ki, dövlət miqyasında ermənilərin xalqımıza qarşı törətdikləri əməllər cəzasız qalmış, təhqiramiz cinayətlər camaatımızı havalandırmışdır. Bütün bunların müqabilində, nisbətən yetkin qüvvələr istisnasız olaraq, bütün məsələlərin həllini, yalnız siyasi mübarizədə görsələr də, haqsızlığın köpürdüyü kifayət qədər qeyri-yetkin qüvvələr isə, bicliklə planlaşdırılmış düşmən zorakılığına qarşı kortəbii zorakılıqla, həm də təcili cavab verilməsində görürdülər ki, bu da milləti təxribata çəkən düşmən qüvvələr üçün başıpozuqluq rolunu oynaya bildi. Beləliklə, bu günədək aşkarlanmayan bacarıqlı düşmən əli yanvarın 13-dən 15-dək başıpozuq kütləni məharətlə isiqamətləndirərək, bir az erməni qanı tökülməsinə nail ola bildi. Bu iç gündə Bakıda törədilənlər, ermənilərin bizə qarşı illərlə törətdiyi saysız cinayətlərə, yalnız cüzi və ədalətli cavab sayıla bilərdi.
Sağlam qüvvələr, yalnız bunu edə bildilər ki, ermənilərin köçürülməsinə yardım etməklə onların canlarını salamat qurtarsınlar.
Əlbəttə ki, bütün bunlar qabarıq şəkildə, dərhal dünya ictimaiyyətinə çatdırılaraq “vəhşiliyimiz” haqda bir daha “əsaslandırılmış” rəy yaradıldı. Ancaq, bu kiçik qanunsuz hərəkətlərin, ermınilərin illərdir bizə qarşı törətdiyi o böyük qanunsuzluqlara bir cavab olduğunu demədilər, ləyaqətləri çatmadı. Türk, müsəlman düşmənçiliyi mövqeyində olan Rusiya, Avropa və Amerika da hadisənin səbəbi ilə maraqlanmadı, çünki bilirdi ki, maraqlansa,  illərdir himayə etdikləri erməni günahkar çıxacaq…
Əlbəttə, milli qüvvələr olaraq həqiqətin üzə çıxarılması yönündə bacardığımızı eləməyə çalışdıq və etdik də. Bu çalışmalardan cüzi bir qismi də elə bu yazı sayıla bilər…
 Hamıya məlum olduğu kimi yanvarın 15-nə qədər Bakıda nisbi sakitlik yaranmışdı. Birinci “əsasın” ömrü əslində buradaca bitdiyindən, hərbi müdaxiləyə səbəb kimi aradan qalxmış olur, çünki, artıq ölkədə müdafiə olunası erməni qalmamışdı…
İkinci “əsas” haqqında.
Yanvarın 16-da camaat yenidən AKP MK-nın qabağında mitinqə toplanıldı. Bu dəfə təşəbbüskarlar EA-sı, səbəb də SSRİ Ali Soveti Rəyasət Heyətinin Azərbaycan SSR-in bir sıra rayonlarında fövqəladə vəziyyət elan edilməsini nəzərdə tutan 15 yanvar tarixli Qərarı oldu.
AKP MK-nın  birinci katibi Əbdürrəhman Vəzirovun istefası tələb edildi.
Yeri gəlmişkən, Azərbaycan SSR dövlət və hakimiyət orqanlarının siyasi və əməli impotentliyinə zərrə qədər xələl gətirmədən demək istərdim ki, görünür yaranmış vəziyyətin və sırasındakı sağlam qüvələrin ucbatından həmən orqanlar, arıtq AXC-yə ölkənin müdafiəsini təşkil etməyə mane olmurdu. Hər halda üzdə belə görsənirdi. Ama, bunun da ikinci “əsasa” xidmət etdiyi sonradan bilinəcəkdi.
Ayrı-ayrı vəzifəli şəxslərin dəyişdirilməsi tələbinin səmərəsizliyini dəfələrlə izah edib bundan çəkindirən və xalqı mövcud idarə üsulunu əsaslı surətdə dəyişdirməyə çağıran AXC rəhbərliyi, daha doğrusu Milli Müdafiə Şurası elə bil ki, xalqdan ayrı düşəcəyindən (1988-ci ilin noyabrın 24-də meydan əməliyyatında olduğu kimi) ehtiyyatlanaraq... mitinqin idarəçiliyindən imtina etmədi (çünki, mən biləni bu mitinqi AXC təşkil etməmişdi).
Beləliklə, AXC İdarə Heyəti tərəfindən tam sakitliyin gözlənilməsi tələb olunan Bakı, lüzumsuz olaraq, pozuculuqda maraqlı tərəflərin əli və MMŞ-nın vasitəsilə daimi qaynar qazana çevrildi. İstər-istəməz fikirləşirsən ki, görünür bu da, kiməsə lazım imiş...
Yanvarın 13-də olan mitinqdə AXC İH-nin beş nəfərdən ibarət Milli Müdafiə Şurasının yaradılması elan edilmişdi. Mən, MMŞ-nın kimin təşəbbüsü ilə, kim tərəfindən yaradıldığını və kimin adından elan edildiyi haqda müzakirəni qarşıma məqsəd qoymasam da, görürəm ki, bunsuz fikirlərimiz tam aydınlaşmayacaq. Mənim bildiyimə görə, MMŞ əvvəlcə İH-dən kənarda yaradılıb, sonradan məlum tərkibdə (Nemət Pənahov, Rəhim Qazıuev, Etibar Məmmədov, Xaliq Bahadur, Əbülfəz Əliyev (Elçibəy)) qəbulu İH-yə təklif olunub və o da, bunu məcburiyyət (?!) üzündən… olduğu kimi qəbul edib. Əgər bu, doğrudan da belədirsə, el arasında buna – üzə salmaqla nəyisə sırıma,  deyilir, axı, AXC rəhbərliyi bunu bilməli, duymalı və əsla yaxın buraxmamalı idi, əgər buraxmaq məcburiyyəti qarşısında qalıbsa, deməli özünün də başı öz əlində deyilmiş, kiməsə bağlı imiş... deyilmi?
Əlbəttə ki, ermənilərin mütəşəkkil hərbi təcavüzünə məruz qalan respublikamızın müdafiəsini təşkil etmək üçün hakimiyyətlə birgə MMŞ-nın təşkili zəruri idi. Lakin, göstərilən qaydada yox.
İndi desəm ki, bizim, o ərəfədə MMŞ-nı yaratmağımız bəlkə daha çox Moskvaya  lazım imiş... mənə inanın.  Sual olunar, bu nəyə lazım ola bilərdi? Bu ona lazım idi ki, Azərbaycanda hədəf olaraq, vuruşmaq üçün əsas, yəni konkret düşmən tərəf olsun. Görünür, dövlət çevrilişinə real düşmən obrazı yaratmaq üçün lazım imiş.
 Bu rolu da öz təyinatına görə MMŞ oynaya bilərdi.
Düzdür, Moskva, “vətəndaşların təhlükəsizliyinin təmini” ilə “dövlət çevrilişi cəhdi” (MK qabağındakı aramsız mitinq, Ə.Vəzirovun istefası tələbi) “faktını” üst-üstə sala bilmədi və bunların arasında bir həftəyəcən vaxt məsafəsi oldu, ancaq nə dəxli vardı ki, haçansa “vətəndaşların təhlükəsizliyinin təmini”nə ehtiyac olub? Olub! Cığal üçün bu, nə vaxt istəsə istifadə oluna bilən əsasdır. MK-nın qarşısında aramsız mitinq gedir? Gedir! (Ümumi gərginlik obrazı.) Birinci katibin istefası tələb olunur? Bəli! (sonradan məlum oldu ki, Moskvanın məqsədi heç də Ə.Vəzirovu müdafiə etmək olmayıb. Əgər belə idisə, onda yanvarın 19-da, hələ günorta vaxtı Ə.Vəzirov niyə vəzifəsindən zorla kənarlaşdırılıb və ümumi gərginliyi daha da kəskinləşdirmək üçün onun guya qaçdığı xəbərini yayırdılar? Bu kimə və nə üçün lazım idi?)
Şəhərə əsas giriş yolları ordu üçün bağlanıb (dəxli yoxdur nə ilə)? Bağlanıb! Hələ üstəlik, Cəlilabadda və Lənkəranda XC-ləri hakimiyyəti ələ alıb? Alıb! (Əlbəttə ki, Lənkəranda XC ilə hakimiyət və partiya orqanlarının eyni, yəni hakimiyyətin dinc yolla (Lənkəranda bu barədə protokol tərtib olunub) təhvil verilməsi məzmunlu bəyanatları Moskvaya sərf eləmədiyindən, hesab deyil.)
Bəlkə növbədə Bakı durur? – deyə, Moskvanın əlində formal nəticəvi “əsas” yaranır? Yaranır!
Bu, hələ hamısı deyil. Moskva Bakıda “dövlət çevrilişi”ni hələ keçən il dekabrın 31-də Naxçıvan, Cəlilabad ərazisində İranla sərhəddə, dövlət sərhəddinin “ekstremistlər” tərəfindən pozulmasına “dözməklə” hazırlamağa başladı və bunu sərhəd boyu yaydı. Məhz bu “dözüm”, qeyri-yetkin  və coşqun kütləni öz hüququnu əldə etmək üçün zorakılığa təhrik etdi, şirnikləndirdi. Bu, o demək idi ki, – bax, görürsünüz, dövlət sərhəddinin sökülməsinə baxmayaraq, ordu öz xalqına güllə atmır. Şirnikləndirdi ki, camaat Bakıda gülləyə yaxşı gəlsin...
Bütün bunlar, Şimali Azərbaycanda fövqəladə vəziyyət elan edilməsi (qanunsuz da olsa) və qoşun yeridilməsi üçün – formal əsas oldu.
Məhz, elə bunun üçün gecə-gündüz boğazımızı yırtırdıq ki, ay “ekstremist” qardaşlar, hiyləgərlikdə və qəddarlıqda misli təsəvvürə gəlməyən, adamyeyən düşmənin əlinə formal da olsa əsas verməyək, verməyək, verməyək!  Ancaq, kimə deyirsən, kütləyəmi?...Kütlə, ağıllı səsləri yox, öz səviyyəsinə uyğun, qavraya bildiyi və eşitmək istədiyi səsləri eşidir.
Azərbaycana qoşun yeridilməsinin real əsası isə budur ki, Sovet İmperiyasının idarəçiləri və onların xalqın sağlam qüvvələrini ovlayan cəza orqanları Şimali Azərbaycanda İmperiyanın zorakılıq nümunəsi olan bütövlüyünə xələl gətirə biləcək sağlam qüvvənin yetişdiyini görür və onun məqsədini dərk edirdilər. Nə qədər ki, Şimali Azərbaycanda yetişməkdə olan milli-demokratik hərəkat məqsədcə İmperiyanın yenidən qurulmaqla möhkəmləndirilməsi fikri (M.Qarbaçovun yenidən qurmasının məqsədi) ilə qətiyyən üst-üstə düşmür və düşə də bilməz, bu hərəkat əvvəl-axır, gizli, yaxud aşkar, İmperiyanın qoruqçuları tərəfindən hər hansı formada təcavüzə məruz qalmalı idi.
Bu da oldu real əsas.
Burada sual oluna bilər ki, əgər Moskva bu cür “real əsaslarla” mübarizə edirsə, onda belə “əsaslar” Şimali Azərbaycandan qabaq İmperiyanın başqa ərazilərində də mövcud olub, bəs niyə onlarla, bizimlə olduğu kimi qəddar rəftar edilmədi? Hə, burada necə deyərlər, “doğma” və “yad” adamlar adlı əlavə  mövzuya müraciət etməliyik ki, məsələ aydınlaşsın.
Əvvəla, onu deyim ki, bizdən başqa “qaynar” ərazilərdə camaatın milli şüur səviyyəsi ümumən kifayət qədər yüksəkdir, xüsusilə, Pribaltika  ölkələrində. Bu səbəbdən onları təxribatlara çəkmək heç də asan deyil…
İkincisi, ermənilər “Böyük Ermənistan” vədinə görə Türk dünyasına qarşı Velikorus şovinistlərinin əlində könüllü alət olduqlarından, siyasi rejimindən asılı olmayaraq, İmperiyaların (istər Çarizm, istərsə də Sovet imperiyası) “sevimlisi” olaraq qalırlar. Buna, sovetləşmə dövründə rusların əlilə bizim torpaqlar hesabına Ermənistan SSR yaradılması, Borçalının Gürcüstana veriləsi, Dərbəndin Rusiyaya qatılması və son iki ildəki hadisələrdə İmperiyanın bizə qarşı tutduğu mövqe bariz sübutdur.
Və üstəgəl, erməni mafiyasının, yenə də rusların dəstəyi ilə İmperiyanın əsas idarə cilovlarını ələ keçirməklə siyasi aləmə öz real təsirini göstərə bilməsini.
Üçüncüsü, bizim, dünya ictimaiyyətinin nəzərində “başqa qaynar ərazilər” qədər hörmətimizin olmaması ki, bu da məlum. Əksinə, çörəyi dizi üstə olan qonşularımızın canfəşanlığı və onun himayəçilərinin onlara dəm tutmaqları, habelə bizim rusbaş hökumətimizin siyasi və əməli impotentliyi, xalqdan ayrı olması sayəsində dünya xalqları bizim xalqın guya vəhşi, insanlıqdan uzaq olması haqda kifayət qədər səhv məlumatlanmışlar.
Üstəgəl, beynəlxalq aləmdə öz səsimizin və əsaslı müdafiəmizin olmaması. Bəli, bütün bunlar bizim kimsəsizliyimizi və deməli, təklənməyimizi şərtləndirən əsas amillərdir. Bakıda bu günədək dinc əhalinin heç bir günahı olmadan Rus Sovet Cəza Ordusu tərəfindən güllələnməsi buna ən bariz sübutdur.
Belə olan təqdirdə və qəsbkar İmperiyanın əsas zor aləti sayılan hərb aparatının ömrünün sonunun yaxınlaşdığı bir ərəfədə hələ ki, əlində olan, bəlkə də axırıncı imkandan Pyotrun Vəsiyyətini başa çatdırmaq üçün niyə istifadə edilməsin, hə?
Doğrudan da, bütün demokratik qüvvələrə də barmaq silkənməsi olacaq “Azərbaycan qulaqburması” nəticəsində müsəlman əhalisinin qırılması, xristian-müsəlman mövqeyindən də yadların ümumi məqsədinə nəinki zidd deyil, əksinə, ona xidmət edir. Bu da hələ hamısı deyil.
Onsuz da, mənliyinə qədər təhqir olunmuş Şimali Azərbaycanı cəzalandırmaqda məqsəd – Türk dünyasının yeganə suveren dövləti olan – Türkiyəni münaqişəyə çəkməklə, özünün onsuz da artıqlıq edəcək, qana susamış işsiz hərbi qüvvələrinə iş tapmaqdır ki, bu da hələ indilərdə özünə gəlməkdə olan Türkiyə dövlətinin sonu demək olardı...
Düzdür, NATO Türkiyənin tam məhv edilməsinə yol verməz, lakin, onun ərazisini Sovetin tapdağına çevirməklə, onu tam iqtidardan saldırıb, özünün müti bir üzvünə çevirmək istəyi – şəksizdir.
Beəliklə, Moskva özünün ali məqsədi olan – türk-müsəlman aləmini tam iflic etməklə, həm də xristian aləminin sevimlisi olardı, deyilmi?
Və çox şükürlər olsun ki, Türkiyənin hakim dairələri bu şəri vaxtında duyub, özlərini girə vermədilər. Bununla belə, Türkiyə bizim siyasi müdafiəmizdən tam kənardır. Ona görə də zənnimcə, indiki siyasi vəziyyət onları heç də bizim qarşımızda qardaşlıq borcundan azad, bizi isə bu umacaqdan məhrum etmir. Odur ki, Türkiyə bu gün-sabah əli çatdığı bütün siyasi, iqtisadi yollardan istifadə etməklə, beynəlxalq miqyasda Şimali Azərbaycan xalqının haqqının müdafiəsini təşkil etməlidir.
Bu da Moskvanın ürəyində tutduğu və bu tədbirlərdən umduğu beynəlxalq məqsədin sonu olardı, deyilmi?
Bir qeydim də var. Bu ilin yanvarında Şimali Azərbaycana Sovet Xüsusi Cəza Ordusunun yeridilməsini çox vaxt fərqinə varmadan işğal adlandırırıq. Məncə, bu düzgün deyil. Bildiyimiz kimi, Şimali Azərbaycan Rusiya İmperiyası tərəfindən iki dəfə işğal olunub: birinci,  qəti olaraq – 1828-ci ildə, bir də - 1920-ci ildə. İndiki yürüş isə, artıq imperiya zəncirindən yaxa qurtarmaq istəyən sağlam milli-demokratik-azadlıq hərəkatının qabaqcıllarını yenidən itaətə gətirmək üçün onları cəzalandırmaq məqsədi güdürdü.
Bu məqsədə xidmət edən qüvvə isə - erməni tərkibli Rus Sovet Xüsusi Cəza Ordusu və imperiyaya həmişə sadiq mərkəzi və yerli repressiya aparatı idi.
 Hörmətli oxucu, bu söhbət məsələnin hərtərəfli təhlili kimi yox, müzakirənin mənim payıma düşən hissəsi kimi qəbul edilməlidir.
                                                                              07.02.1990-cı il.
 
 Hüquqşünas                                                        Məmmədxan  Əzizxanlı
 
Qeyd:- Həmin yazı, Bəyanatla birlikdə, 20 yanvar  şəhidlərinin qırxınadək, Şəhidlər Xiyabanındakı lövhədə  asılmışdır.
                                                         “Sərhəd” qəzeti №1, 19.01.1996-cı il.