İşğal olunmuş torpaqlarımız adına yeganə marka - “Qarabağ” / Ağdam komandası son illərdə hər birimizdən çox QARABAĞLI olmağı bacardı

Baxış sayı:
8560

“Qarabağ” futbol komandası hər bir azərbaycanlınını qürur mənbəyi hesab oluna bilər. Əlbəttə, söhbət Azərbaycan dövlətinə bütün varlığı ilə bağlı olan, ölkəmizin inkişafında maraqlı olan azərbaycanlılardan gedir. Çox təəssüf ki, bu gün Azərbaycanın inkişafını istəməyən, o cümlədən “Qarabağ”ın uğurlarına sevinməyən azərbaycanlılar da yox deyil. Bu haqda növbəti məqalərimizin birində geniş açıqlama verəcəyik. İndiki yazımızda isə “Qarabağ”ın Azərbaycan idmanı və siyasəti üçün gördüyü işlərdən bəhs edəcəyik. Futbol azarkeşlərinə bəlli olduğu kimi, hər hansı bir bölgəni, yaxud şəhər və qəsəbəni təmsil edən klubların azarkeşləri daha çox həmin bölgənin, şəhər və qəsəbənin insanları olur. Məsələn, bir çox nüfuzlu furbol komandaları var ki, eyni ölkənin müxtəlif şəhərlərini təmsil etsələr də, onların azarkeşləri arasında hər zaman qızğın mübarizələrin şahidi olmaqdayıq. Buna “Real Madrid” və “Barselona” klublarını nümunə göstərə bilərik. O cümlədən, qardaş Türkiyədə illərdir “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” azarkeşləri arasında böyük rəqabət getdiyi, hətta bunun zaman-zaman xoşagəlməz hadisələrə səbəb olduğu da çoxumuza bəllidir… Bu gün Azərbaycanın sevilən futbol komandası olan “Qarabağ”ın dövlət və millət qarşısındakı ən böyük xidmətlərindən biri də odur ki, bu klub bütün bölgələrdən olan insanları öz ətrafında birləşdirə bilib. Bu gün milliyətindən, etnik kimliyindən, hansı bölgəni, hansı rayonu təmsil etməsindən asılı olmayaraq, futbol həvəskarı olan hər bir Azərbaycan vətəndaşının “Qarabağ”ın azarkeşi olduğu istisna deyil. Təbii ki, yuxarıda qeyd etdiyimiz kimi, xırda istisnaları nəzərə almaqla. Ümumilikdə, “Qarabağ” qarabağlıların, ağdamlıların klubu olmaq çərçivəsindən çoxdan çıxıb. Hətta belə demək mümkündür ki, “Qarabağ” heç vaxt ağdamlıların klubu olmayıb və yarandığı gündən bu çərçivədə mübarizə aparmağı da qarşısına hədəf qoymayıb. Elə bu səbəbdən də sevilən klubumuz ölkə sərhədlərini aşaraq, Avropanın nüfuzlu futbol klubları səviyyəsinədək yüksələ bilib. Təsadüfi deyil ki, hazırda “Qarabağ”ın azarkeşləri təkcə azərbaycanlılardan və Azərbaycanı sevən insanlardan ibarət deyil, klubun peşəkar oyun nümayiş etdirməsini görən əcnəbilər arasında da artıq komandanın azarkeşlərinin sayı artmaqdadır. Bu fikrimizi UEFA-nın bu günlərdə açıqladığı bir statistika da təsdiq edə bilər. Qeyd edək ki, UEFA sentyabrın 12-də Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində iştirak edəcək klubların sosial şəbəkələrdəki səhifələrində ən aktiv azarkeşləri olan klubları açıqlayıb. Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” klubu fəallığına görə qitə klublarını qabaqlayıb. İzləyicilərin orta fəallıq göstərici 29,9-a bərabərdir. Fəallığa görə ikinci yerdə Serbiyanın "Srvena Zvezda" klubudur. Hollandiyanın "Ayaks" klubu üçüncü sırada qərarlaşıb. Göstəricilər 2018-ci ilin iyunundan bu ilin iyun ayına qədər “Facebook”, “Instagram”, “YouTube” və “Twitter”ə əsaslanıb. Yeri gəlmişkən, sosial şəbəkələrdə ən çox izləyici İspaniyanın “Real” klubuna məxsusdur. Madridlilərin 222 milyon izləyicisi var. "Barselona" 213 milyon izləyiciyə sahibdir. Əlbəttə, bu gün “Qarabağ”ı “Real” və "Barselona" ilə müqayisə etməyimiz doğru olmaz. Amma daha böyük hədəflər uğrunda mübarizə aparan “Qarabağ”ın qarşıda hələ bir çox “aşılmaz” hesab olunan sədləri keçəcəyinə də böyük inam var. Çünki bu komandanın baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında minimum imkanlarla çox böyük nailiyyətlər əldə etdiyi ortadadır. Bu gün ən sevindirici hal odur ki, “Qarabağ” artıq bütün dünyada Azərbaycanı təmsil edir. Üstəlik, bu klub təkcə ölkəmizdə idmanın inkişafı üçün mübarizə aparmır, həm də Azərbaycanın xarici siyasətinə çox böyük dəstək qazandırır. Nəzərə alaq ki, “Qarabağ” öz adı və gözəl oyunu ilə həm də bütün dünyaya Azərbaycan torpaqlarının işğal altında olduğu həqiqətini çatdırır. Klubun bu fəaliyyəti nəticəsində Azərbaycan dövlətinin bir sıra nailiyyətlər əldə etdiyi də şübhəsizdir. Görünür, məhz bu səbəbdəndir ki, bu gün dövlət başçısı səviyyəsində “Qarabağ”ın fəaliyyətinə dəstək var. Çünki “Qarabağ” bütün Azərbaycanın sevilən futbol klubu olsa da, qarabağlı, şəkili, şirvanlı, naxçıvanlı və s. olmasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşından artıq QARABAĞLI olduğunu öz fəaliyyəti ilə ortaya qoymaqdadır. Bu səbəbdən, biz dövlət və millət olaraq “Qarabağ”a daha artıq dəstək göstərməliyik. Üstəlik, bu adı kafe və restoranlara qoymağı yığışdırıb, “Qarabağ” futbol komandasına dəstək ola biləcək beynəlxalq səviyyədə tanınan eyniadlı markalar yaratmalıyıq. Məsələn, iri şirkətlər, ali təhsil ocaqları və s. Bu halda Azərbaycan həqiqətlərini dünyaya daha yaxından tanıda bilərik. Muxalifet.az P.S. Çox təəssüf ki, bu gün "Qarabağ"ın uğurlarına sevinməyən məmurlar da var. Ən üzücü olanı isə odur ki, bu insanların bir çoxu ölkənin idman sahəsinə cavabdeh olan şəxslər sırasındadır. Hansı ki, onlar fürsət düşdükcə bu klubu ölkə rəhbərliyininin gözündən salmağa çalışırlar. Növbəti yazımızda bu haqda geniş açıqlama verəcəyik.