İşdən çıxarılan aktyor: 'ƏRİZƏNİ İSTƏMƏDƏN YAZMIŞAM'

"İşdən azad olunmağım üçün doğrudan da ərizə yazmışam. Ancaq bunu istəmədən etmişəm. Bu haqda rəhbərliyə də bildirmişəm."
 
Akademik Milli Dram Teatrının aktyoru Ayşad Məmmədov işdən öz istəyi üzrə çıxarılması barədə xəbərləri şərh edərkən belə deyib.
A.Məmmədov bəzi müxalifət partiyalarını birləşdirən Milli Şuranın “Talana yox” şüarı ilə keçirilən etiraz aksiyasında iştirak edən üç aktyordan biridir. Bu gün, oktyabrın 18-i Akademik Milli Dram Teatrı onun öz ərizəsi əsasında işdən çıxarıldığını açıqlamışdı.
“Ərizəni istəmədən yazdığımı rəhbərliyə bildirmişdim, onlar da dedilər ki, bunu nəzərə alacaqlar”, - deyən A.Məmmədovun bildirməsinə görə, hələ işdən çıxması rəsmiləşməmiş ona tapşırılan rollar artıq başqa aktyorlara verilib.
A.Məmmədov işini sevən adam olduğunu, dövlətə qarşı hər hansı çıxışının olmadığını da bildirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 17-də jurnalistlərə açıqlamasında aktyorların müxalif qüvvələrin mitinqinə qatılması haqda danışmışdı.
“Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil”, - deyən nazir vurğulamışdı ki, “dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır.”
Qeyd edək ki, Ayşad Məmmədov 1954-cü ildə Mərdəkanda doğulub. 1982-ci ildə Azərbaycan İncəsənət İnstitutunu bitirib.
1982-ci ildə Şəki teatrında fəaliyyətə başlayan aktyor 2011-ci ildən Akademik Milli Dram Teatrında çalışırdı.
Azərbaycan tamaşaçıları onu daha çox “Bəxt üzüyü” filmində Hüseyn obrazından tanıyırlar.
Xatırladaq ki, oktyabrın 7-də Milli Şura Bakıda mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqdə “Talana yox”, “İstefa” kimi şüarlar səslənib. Mitinqdə çıxış edən Milli Şuranın rəhbərliyi hakimiyyəti sərt tənqid edib. Onlar deyiblər ki, hakimiyyətin neft siyasəti xalqın yox, bir ailənin mənafeyinə xidmət edib.
Mitinqdən sonra KİV-lərə açıqlama verən hakim Yeni Azərbaycan Partiyasından olan deputatlar isə müxalifəti qərəzdə və hakimiyyətin ünvanına böhtan atmaqda günahlandırıblar.
Bu mitinqdən sonra Milli Şuraya daxil olan AXCP-nin bir neçə üzvünün də işdən çıxarıldığı bildirilir(azadliq.org).