İrəvanın blefi, Bakının fürsəti: danışıqlara son, yoxsa...

Baxış sayı:
12604

Ekspertlər Paşinyanın son sərsəmləməsinin ardınca Qarabağda sülh və müharibə şanslarını dəyərləndirdilər; politoloq: “Ermənistanı mütləq ağır itkilərə məruz qoymaq lazımdır ki...” Ermənistanın baş naziri Nikol Paşinyanın iki gün əvvəl Xankəndində keçirilən mitinqində verdiyi təxribatçı açıqlama hər şeydən öncə bir sualı aktual edib: bu düşüncədə olan Ermənistan rəhbəri ilə Qarabağa dair sülh danışıqlarını davam etdirməyin lüzumu qalırmı? Suala sözsüz ki, həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri cavab verməlidirlər. Vasitəçilər isə nə Paşinyanın son bəyanatına - “Dağlıq Qarabağ Ermənistandır, vəssalam” açıqlamasına, nə də işğal altındakı Azərbaycan ərazilərinə onun intensivləşən qanunsuz gəliş-gedişinə reaksiya verməyə tələsirlər. Demək, onsuz da dalanda olan danışıqlar prosesini irəli aparmaq bundan sonra qat-qat çətin olacaq. Müharibə variantı daha ciddiliyi ilə gündəmə gələcək. Çünki öz xalqını aldadan Nikol Paşinyana görə Dağlıq Qarabağın yekun taleyi artıq həll olunubsa, Azərbaycana öz ərazi bütövlüyünü təmin eləmək üçün silaha əl atmaqdan savayı yol qalmır. Zatən, az öncə çıxışlarının birində Nikol Paşinyan özü də sələflərindən fərqli olaraq, etiraf eləmişdi ki, Qarabağ müharibəsi hələ bitməyib. Siyasi şərhçilər də vəziyyətə əsasən bu kontekstdə qiymət verirlər. Eyni zamanda belə bir məqama da diqqət yönəldirlər ki, işğalçı ölkənin sabiq prezidentlərindən heç biri, nə Levon Ter-Petrosyan, nə Robert Köçəryan, nə də Serj Sərkisyan belə bir qələtdə bulunmayıblar. Yəni Dağlıq Qarabağın Ermənistana birləşdirildiyini söyləməyiblər - təbii ki, sırf erməni hiyləgərliyi və taktiki mülahizələr baxımından, formal sülh danışıqlarında axırıncı qapının da qapanmaması naminə. ***** Nikol Paşinyanın Qarabağla bağlı söylədiyi fikirlərin əsas mahiyyətindən danışan politoloq Erkin Qədirli deyir ki, erməni baş nazirin Ermənistanda ciddi problemləri var: “O, seçkilərdə verdiyi sosial-iqtisadi vədləri hələ də gerçəkləşdirə bilməyib, ölkəyə xarici maliyyə yatırımlarını, özəlliklə diaspora ermənilərinin sərmayələrini cəlb edəcəyini söyləmişdi, amma bunu bacarmayıb (ona görə də Xankəndində erməni milyarderlərinə və milyonçularına yenidən səsləndi). Paşinyanın Qarabağ klanı ilə ciddi problemləri var - qarabağlıların orduda nüfuzu hələ də güclüdür, üstəlik, onlar Moskvaya bağlıdırlar. Problem ondadır ki, xalqın dəstəyilə hakimiyyətə gəlmək olur, amma hakimiyyətdə qalmaq üçün bu dəstək yetərli deyil. Paşinyan indi bunu aydın görə bilir, ona görə də mitinqlərdən əl çəkmir. Paşinyanın gücü küçədədir, küçə gücü isə qısa zamanda yox ola bilir”. E.Qədirlinin sözlərinə görə, Bakının razılığı olmasa, heç kəs Qarabağı Ermənistanın ərazisi kimi tanımayacaq. “Bakı da buna razılıq verməyəcək. Üstəlik, heç kim Dağlıq Qarabağa görə Bakı ilə münasibətini pozmaq istəməyəcək. Bu, kimsənin marağında deyil. Odur ki, Paşinyanın söylədikləri populizmdən başqa bir şey deyil və erməni dilində bildirilən mənalardan kənara çıxdıqda önəmini itirir”, - deyə o əlavə edib. ***** “Paşinyanın Dağlıq Qarabağla bağlı heç bir strategiyası yoxdur. O, situasiyaya uyğun hərəkət edən və mitinqlər zamanı emosional vəziyyətdə, ekstaza gəlib müxtəlif fikirlər söyləyən şəxsdir. Bu günə qədər onun Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə diqqət yetirsək, onların bir neçə istiqamətə haçalandığına şahid olarıq”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, son çıxışı ilə Paşinyan faktiki olaraq Ermənistanın işğalçı siyasətini dilə gətirib: “Daha öncə o, Qarabağın müstəqil hüququn subyekti kimi danışıqlar prosesinə cəlb olunmalı olduğunu və Dağlıq Qarabağdakı ermənilərin ona səs vermədiyi üçün onların adından danışa bilməyəcəyini deyirdisə, indi o, Dağlıq Qarabağı Ermənistanın tərkib hissə elan edir. Faktiki olaraq Paşinyan bununla işğal siyasətini dilə gətirir və tərəf olduğunu ortaya qoyur. Bu, indiyədək onun səsləndirdiyi fikirlərdəki ziddiyyət faktorudur. İkincisi, bu, 1989-1990-cı illərdə Ermənistan Ali Sovetində Dağlıq Qarabağın Ermənistana birlədirilməsi ilə bağlı qəbul edilən iki qərara faktiki olaraq növbəti dəfə qayıdılması deməkdir. Bu da bütövlükdə Minsk prosesini inkar edir. Nəzərinizə çatdırım ki, 1990-cı il yanvarın 10-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti həmin qərarları ləğv etmiş və onun SSRİ konstitusiyasına zidd olduğunu bəyan etmişdi. Bu aspektdən təbii ki, həmin qərarlar qüvvəsini itirmişdi”. Politoloq hesab edir ki, hazırda başlanan bu proses 1994-cü ildən bu yana aparılan Minsk prosesinin inkar olunması deməkdir: “Paşinyanın bu bəyanatına ilk reaksiyanı ATƏT-in Minsk Qrupu həmsədrləri verməlidirlər. Çünki bu, bilavasitə onların səlahiyyətinə aiddir. Paşinyan belə yanaşma tərzi ilə dolayı yolla Minsk prosesindən çıxdığını bəyan edib”. E.Mirzəbəyli Paşinyanın son bəyanatının müharibə çağırışı kimi də qəbul edilə biləcəyini deyib: “Bu, digər tərəfdən müharibə çağırışıdır. Ermənistanı burada mütləq ağır itkilərə məruz qoymaq lazımdır ki, Paşinyan və yaxud qeyrisi belə iddialı bəyanatlar verməkdən çəkinsin. Əgər söhbət danışıqlar prosesinə son qoyulmasından və Ermənistanın Dağlıq Qarabağın birləşdirilməsi istiqamətində hüquqi addım atmasından gedəcəksə, o zaman danışıqlar prosesinin davam etdirilməsinə hər hansı ehtiyac qalmayacaq. Şübhəsiz, bu zaman hərbi əməliyyatların keçirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi labüd olacaq. Burada artıq bütün beynəlxalq konsvensiyalardan, regiondakı sabitliyin, təhlükəsizliyin qorunmasından irəli gələn bütün amillər yox olur və ortaya yalnız müharibə faktoru çıxır”. ***** Beləliklə, Nikol Paşinyanın son blefi əslində Bakının əlinə işləyir, torpaqların bu dəfə daha böyük bir qismini işğaldan azad eləmək üçün Azərbaycana hərəkətə keçmək fürsəti yaradır. Söhbət minimum yeni bir uğurlu lokal hərbi əməliyyatdan gedir - hansı əməliyyat ki, Paşinyan iqtidarına, bütövlükdə erməni toplumuna Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutmaqdan savayı yolun olmadığını əyani göstərsin. Erməni baş nazir bir daha belə sərsəmləmələri dilə gətirməsin.../musavat