​İrəvanın bizi bunda ittiham etməsi absurddur - XİN

Baxış sayı:
250

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva CNN telekanalının idman müxbirinin Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununda "Arsenal" futbol klubunun oyunçusunun iştirak etməməsi və Ermənistan XİN-in mövqeyi ilə bağlı ünvanladığı sualı cavablandırıb.
Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Mətbuat katibi Azərbaycanın final oyununda iştirak edəcək bütün oyunçuların, eləcə də pərəstişkarların təhlükəsizliyini tam təmin edəcəyi barədə ölkəmizin müvafiq rəsmi qurumları və Azərbaycan Futbol Assosiasiyası tərəfindən UEFA-ya təminatın verildiyini bildirib və bu barədə XİN-in sözçüsü səviyyəsində “idman və siyasət bir-birindən ayrıdır” mövqeyinin dəfələrlə bəyan edildiyini xatırladıb. Leyla Abdullayeva bildirib ki, Ermənistan XİN-in bu məsələ ilə bağlı açıqlama ilə çıxış etməsi bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasi alət kimi istifadə etdiyinin göstəricisidir.
Mətbuat katibi deyib: “Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirən, monoetnik ölkə olan Ermənistanın Azərbaycanı irqçilikdə ittiham etməsi absurddur. Azərbaycan bütün dünyada dözümlülük və multikulturalizm ənənələri ilə tanınır”.
XİN-in sözçüsü qeyd edib ki, Ermənistanın Bakıda keçiriləcək futbol oyunu ilə bağlı şərhi, bu ölkənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara mənfi təsir etmək və hətta münaqişənin həlli üzrə substantiv danışıqları təxirə salmaq üçün hər bir imkandan istifadə etmək cəhdidir.