İrəvanda nümayişçilər prezident iqamətgahına can atır - ÜSYAN

Bu dəqiqələrdə İnterfax xəbər verib ki, İrəvanın mərkəzində toplaşan 2 mindən çox nümayişçi prezident Serj Sərkisyanın iqmətgahına doğru yürüşə can atır.
Nümayişçilər polis polkunun binasını ələ keçirən silahlı qrupu dəstəkləyir. Polis Sərkisyanın iqamətgahına aparan Baqramyan prospektini bağlayıb və nümayişçilərin hərəkətini dayandırmağa çalışır.
Qarşıdurma gözlənilir.
 
*    *   *22:44
 
Ermənistanda Qarabağdakı aprel döyüşlərindən sonra silahlı dövlət çevrilişi cəhdinə görə həbs edilmiş Jirayr Səfilyanın hazırda yarıgizli fəaliyyətə keçən “Təsis parlamenti” prezident Serj Sərkisyana xəbərdarlıq edib.
Radikal müxalif hərəkat bildirir ki, əgər Sərkisyan Çauşeskunun aqibətini yaşamaq istəmirsə hakimiyyətin dinc yolla təhvil verilməsi prosesini başlatmalıdır. Bəyanata əsasən prosesin başlanğıcı kimi İrəvanda polis polkunun binasını tutan silahlı qrupla danışıqlar başlamalıdır. Çauşesku keçmiş Rumıniya diktatorudur və qiyamçılar tərəfindən güllələnib. “Bu, Sizin üçün və xalq üçün dinc siyasi islahatlara başlamağın yeganə yoludur”-bəyanatda deyilir.
Hazırda İrəvanın mərkəzi Azadlıq meydanında müxalifətçilərin silahlı qrupa dəstək nümayişi gedir. Nümayişçilərin bir qismi yaxınlıqdakı Respublika meydanına yürüş edib. Polis polkunu ələ keçirən silahlılara qarşı xüsusi əməliyyatın başladığına dair xəbərlər hələ təsdiqlənmir.
 
 
*   *   *21:41
 
İrəvnda post-patrul polisi polkunun binasını nəzarətdə saxlayan silahlılara qarşı xüsusi əməliyyata hazırlıq getdiyi bir vaxtda onların lideri Jirayr Səfilyanın həbsxanadan müraciəti yayılıb.
Erməni KİV-ləri xəbər verir ki, Səfilyan əhalini təhlükəsizlik qüvvələri ilə polis polkunun binası arasında canlı qalxan olmağa çağırıb.
Səfilyan bildirir ki, prezident Sərkisyanın məsələni siyasi dialoq yolu ilə həll etmək niyyəti yoxdur. “O, qanlı yolu seçib və üsyan qaldıran bu oğlanların fiziki, mənəvi məhvinə qərar verib. Erməni xalqı mümkün qədər tez bir vaxtda dinc mitinq keçirmək yolu ilə polislə post-patrul alayının binası arasında canlı qalxan olmalıdır”-Səfilyan bildirib.
Səfilyanın sözlərinə görə iki həftədən çoxdur ki, onun ideya yoldaşları öz canları bahasına hakimiyyətlə qarşıdurmaya girib və erməni xalqının üsyana qoşulacağını ümidlə gözləyir. “Hamıya aydın olmalıdır ki, bu oğlanlar öz canlarını xalqın ölkənin naminə qurban verir”-o bildirib.
 
*   *   *20:52
 
“Arminfo” agentliyinin əməkdaşı hadisə yerindən xəbər verir ki, yaraqlıların nəzarətində olan post-patrul polku binasının yerləşdiyi ərazidə işıqlar söndürülüb. Hətta svetoforlar da yanmır.
Ətraf qaranlıq içərisindədir. Polkun ərazisindən isə güllə səsləri eşidilir və xüsusi vasitələrin tətbiq olunduğu müşahidə edilir. Lakin rəsmilər hələlik binaya hücumun başladığını təsdiq etmir.
 
*   *   *20:40
 
İrəvanda post-patrul polisi polkunun binasını nəzarətdə saxlayan silahlıların açdığı atəşlə daha bir polis əməkdaşının öldürülməsindən sonra təhlükəsizlik qüvvələrinin xüsusi əməliyyata başladığı haqda xəbərlər yayılıb.
Virtualaz.org xəbər verir ki, polkun ərazisində güclü atışma səsləri eşidilir. Lakin Ermənistan Polisi yaraqlılara qarşı hələlik hücum əməliyyatının başlamadığını bildirir. Hazırda yaraqlıların əlində təcili yardım briqdasının iki personalı girovdur. Girov saxlanılan həkim isə onların əlindən qaça bilib.
İrəvan meriyası xəbərdarlıq edib ki, polkun binası ətrafında-Xorenatsi küçəsində hər hansı kütləvi aksiya qadağan edilir. Milli Təhlükəsizlik Xidməti isə təhlükəsizlik qüvvələrinin keçirəcəyi əməliyyata mane  olanların terrora dəstəkdə ittiham olunacağı haqda xəbərdarlıq edib.
Xatırladaq ki, radikal müxalifətçi, “Şuşa” batalyonun komandiri olmuş Jirayr Səfilyanın tərəfdarları iyulun 17-də İrəvanda polis polkuna hücum edib və binanı ələ keçirib. Yaraqlılar Səfilyanın azadlığa buraxılmasını, Sərkisyanın istefasını, Qarabağda ərazilərin qaytarılmasının istisna edilməsini tələb edirlər. Səfilyan isə aprel döyüşlərindən sonra Ermənistanda silah yolu ilə hakimiyyəti devirmək cəhdində ittiham olunaraq həbs edilmişdi.
 
 *   *   *19:46
 
Ermənistan Polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib ki, 30 yaşlı polis əməkdaşı yaraqlıların nəzarətində olan polkun ərazisindən açılan snayper atəşi ilə öldürülüb. Bu, yaraqlılar tərəfindən öldürülən ikinci polis əməkdaşıdır. Onlar iyulun 17-də polkun binasına hücum edəndə bir polis polkovnikini öldürmüşdülər.
Hadisə yerində olan jurnalistlərin verdikləri xəbərlərə görə yaraqlılara verilən ultimatumun vaxtı başa çatsa da təhlükəsizlik qüvvələri hələlik onlara qarşı hücum əməliyyatına başlamağa tələsmir. Bununla belə polkun ətrafında xüsusi təyinatlı qüvvələr və yüngül zirehli texnika cəmləşdirilib, ehtimal edilir ki, yaraqlılara qarşı xüsusi əməliyyat axşam saatlarında keçiriləcək.
 
 
*   *   *19:33
 
İrəvanda post-patrul polisi polkunun binasını nəzarətdə saxlayan silahlı qrupla təhlükəsizlik qüvvələri arasında yeni atışma baş verib və nəticədə bir polis öldürülüb. Erməni KİV-lərinin məlumatına görə öldürülən polis əməkdaşı yaraqlıların nəzarətində olan binanın 350-400 metrliyində maşında olub. O, 1986-cı ildə anadan olmuş Yura Tepanosyandır.
Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti yaraqlılardan binanı iyulun 30-u saat 17-yə qədər boşaltmağı tələb etmişdi. Əks halda yaraqlılara qarşı xəbərdarlıqsız atəş açılacağı bildirilib. Yaraqlılar ultimatumu qəbul etməyib(Virtualaz.org).