​İrəvanda ABŞ-Rusiya savaşı: onlar barajı aşarsa... – ŞƏRH

Baxış sayı:
2374

Ermənistanda seçkilər gözləniləndən daha sakit şəraitdə keçdi.
Bu sözləri açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Paşinyanın Rusiya ilə, müvəqqəti də olsa belə, anlaşdığı görünür:
“Moskva müşahidə mövqeyini davam edir. Ehtimal edirəm ki, Paşinyan baş nazir seçiləcəyi təqdirdə daha uzun müddətli sürəcdə Moskvaya istədiyi vədləri verib. Ona görə də Kreml Ermənistanda olan hadisələrə aktiv, amma tamaşaçı mövqedə qalır. Paşinyan çox güman ki, qalib də gələcək. Bu baş versə, o, Sərkisyanın siyasətinə davam edəcək, lakin Rusiyadan daha müstəqil siyasət yürütməyə çalışacaq. Bu onda nə qədər alınacaq, bunu zaman göstərəcək”.
Politoloq vurğulayıb ki, Ermənistanda ABŞ durmadan Rusiyanın üstünə gəlir:
“Dünyada ABŞ-ın ən böyük səfirliklərindən biri də Ermənistandadır. Bu, əbəs yerə deyil. Ermənistanda ABŞ-ın növbəti proyekti Sasna Çrerdir. Bu radikallar parlamentə düşmək iddiasındadır. Yayılan məlumatlara görə, ABŞ-da Sasna Çrerə 3 milyon dollar yığılıb. Sasna Çrer yarı siyasi, yarı hərbi qruplaşmadır, hətta qondarma “dqr”də də fəaliyyət göstərirlər. Sasna Çrer parlamentə düşsə, ABŞ-ın əlində Ermənistanda Rusiyaya qarşı yeni, daha radikal qüvvə kimi istifadə edilə bilər. Sasna Çrer açıq anti-rus mövqeyindən çıxış edir".
Politoloq qeyd edib ki, Paşinyanın rəhbərliyi altında olan blokdan əlavə, Çarukyanın partiyası, Daşnaksütyun və Sasna Çrer parlament barajını, çox güman, keçəcək:
“Respublikaçılar Partiyasını da hələ mübarizədən silməyək. Parlament seçkilərindən sonra düşmən ölkədə Rusiya-ABŞ qarşıdurması daha miqyaslı şəkil ala bilər. Bu, rəsmi və qeyri-rəsmi müstəvidə davam edəcək”.
Qeyd edək ki, bu gün Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Nəticələr gecə yarısından sonra açıqlanmağa başlayacaq.