İrəvan Qərbə Rusiyaya təsir üçün lazımdır - Markov

Rusiyanın tərəfdaşı Qərblə münasibətləri yoluna qoymağa cəhd edəndə Moskva öz maraqlarına uyğun olaraq buna səbirlə yanaşır.
 
Bunu “Moskva-Bakı” saytına açıqlamasında rusiyalı politoloq Sergey Markov söyləyib.
“Moskva Ermənistanın Qərblə münasibətlərini yoluna qoymasına səbirlə yanaşır. Belə ki, Qərb maliyyə və texnologiya mənbəyidir və bu istənilən dövlətə lazımdır. Lakin belə məsələlərdə ortaya çıxan əsas problem bu qarşılıqlı əlaqənin və əməkdaşlığın sərhədlərinin hara qədər olmasındadır. Ermənistanla Avropa Birliyi arasında hazırkı razılaşmanın mahiyyətini müəyyən etmək çətindir. Onun detallarını müəyyən edib, başa düşmək lazımdır ki, burada Ermənistanın Qərbin geosiyasi maraqlarına tabe etdirilməsi və Rusiyaya qarşı siyasi müharibəyə məcbur edilməsi üçün elementlər varmı? Ona görə də bu məsələ hələ açıq qalır. Rusiya öz tərəfdaşlarının Qərblə münasibətlərinə etiraz edə bilməz, amma bu münasibətlər Moskvanın maraqlarına zərər vursa, Rusiya etirazını bildirəcək. Avropa Birliyi üçün postsovet məkanı Rusiyaya zərər vurulması üçün vasitədir”, – deyə o bildirib.
Onun sözlərinə görə, Qərb üçün Ermənistan Rusiyaya qarşı siyasi savaş aparılacaq məkandır:
“Bu gün Qərblə Rusiya arasında geosiyasi təsir uğrunda mübarizə gedir. Bu mübarizə fonunda Rusiya postsovet ölkələri ilə münasibətlərini maksimal şəkildə yoluna qoymaq istəyir. Ermənistan indiki vəziyyətdə Qərbə təsir vasitəsi kimi lazımdır. Rusiyanın bazasının, vahid ordu birləşmələrinin olduğu, Moskva ilə Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıyla bağlı olan İrəvan çətin ki, Avropa Birliyi ilə konstruktiv dialoq qura bilsin”./axar.az