​İrəvan ən güclü SİLAHINDAN MƏHRUM EDİLİR: Qarabağ müharibəsində... - Bakı üçün ideal variant

Baxış sayı:
3361

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələrin noyabrın 7-də Astanada keçirdiyi sammit Ermənistan üçün uğursuzluqla nəticələndi. Sammitdə təşkilatın yeni baş katibinin seçilməsi gözlənilirdi. KTMT-nin prosedur və rotasiya qaydalarına və əlifba sırası ardıcıllığına uyğun olaraq, 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistanın nümayəndəsi daşımalı idi. Yerevan KTMT-nin ali orqanı olan kollektiv təhlükəsizlik şurasının qərarı ilə vəzifəsindən azad edilən Ermənistanın nümayəndəsi Yuriy Xaçaturovun əvəzinə başqa bir nümayəndəsinin təyin edilməsini istəyirdi, lakin Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilmədi.
KTMT-nin baş katibi postuna namizədlik haqqında qərar dekabrın 6-da Sankt-Peterburqda qəbul ediləcək. Sammitin nəticəsinə görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, növbəti birinci katib Belarusun nümayəndəsi təyin ediləcək.
Publika.az-a açıqlamasında politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib ki, Astanada verilən bu qərar Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan üçün sürpriz deyildi.
Politoloq qeyd edib ki, sammitdən öncə KİV-də KTMT-nin yeni baş katibinin Ermənistan nümayəndəsi olmayacağı barədə informasiyaları dövriyyəyə buraxması da Yerevanı Astanada nəyin gözlədiyinin siqnalı idi.
“Rusiyanın siyasi kuliarlarında bu məsələ geniş müzakirə edilmiş və mətbuata da sızdırılmışdı. Amma Paşinyan sona qədər mübarizə aparmaq qərarına gəlmişdi və konsensus hüququndan (beynəlxalq konfranslarda, müşavirələrdə və təşkilatlarda qərarın və ya müqavilənin mətninin iştirakçıların ümumi razılığı ilə formal səs vermə keçirilmədən razılığa gəlməsi – red.) istifadə edərək KTMT-nin yeni baş katibinin seçilməsini əngəllədi”, - deyib.
Qabil Hüseynli qeyd edib ki, Paşinyandan bu davranışı gözləyən Rusiya da öz planını hazırlamışdı:
“Rusiya KTMT baş katibinin müavini Valeri Semerikovun 2020-ci ilə qədər - yəni, Belarusun növbəsi çatana qədər - baş katib səlahiyyətlərini icra etməsini istəyirdi. Eyni zamanda, digər dövlətlər, o cümlədən Qırğızıstan və Qazaxıstan Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zası bu posta seçmək istəyirdilər və onun namizədliyini az qala baş tutmuş hadisə kimi qəbul edirdilər. Lakin Paşinyanın aranı qatması Rusiyanı manevr etməyə məcbur etdi və məsələnin həllini Sankt-Peterburqa daşıdı. Çox güman ki, Rusiya Xaçaturovun müavinini baş katibin səlahiyyətlərini icra edən şəxs kimi təyin edəcək”.
Müsahibimiz hesab edir ki, Paşinyan hazırda çox çətin vəziyyətdədir və seçki ilə bağlı qayğıların mövcudluğu fonunda KTMT-yə Belarusun nümayəndəsinin rəhbərlik etməsinə sona qədər müqavimət göstərə bilməyəcək. Üstəlik, Xaçaturov məsələsinin Ermənistanla Rusiyanın münasibətlərində soyuqluğu daha da artırdığını deyən politoloq bildirib ki, Paşinyan sona qədər müqavimət göstərməyə çalışsa, bu, Moskvanın işğalçı ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinə müdaxiləsinə rəcav verəcək:
“Rusiyanın əlində böyük imkanlar var və onlardan istifadə etməklə Ermənistandakı seçkilərə müxtəlif formalarda təsir göstərə bilər. Əlavə edək ki, paytaxtdan fərqli olaraq, bölgələrdə Paşinyanın populyarlığı yüksək deyil. Paşinyan Yerevanda mer seçkilərində qələbəyə rəğmən, bölgələrdə, həmçinin Dağlıq Qarabağda ciddi uğursuzluq yaşaya bilər. Rusiyanın müdaxiləsi də onun parlamentdə əksəriyyət qazanması imkanlarını xeyli azalda bilər”.
Cavabı axtarılan məsələlərdən biri Belarusun KTMT-yə rəhbərliyinin Azərbaycana nə gətirəcəyidir. Nəzərə alaq ki, Ermənistan rəhbərliyi KTMT üzərindən tez-tez Azərbaycanı hədələyir, Xaçaturova güvənərək KTMT vasitəsilə Azərbaycan əleyhinə müəyyən təxribatlar təşkil etməyə çalışırdı.
Qabil Hüseynlinin sözlərinə görə, təşkilatda rəhbərliyin əlindən alınması ilə, Yerevan özləri üçün çox əhəmiyyətli hesab etdikləri “silah”dan məhrum olacaq:
“Azərbaycan Yuriy Xaçaturov faktorundan qurtulmuş olacaq. O, çox təxribatçı xarakterə sahib, millətçi və aranı qarışdırmağa çalışan bir adam idi. Təşkilatın nüfuzuna da zərər gətirirdi. Belarus və Azərbaycan arasında isə münasibətlər ideal səviyyədədir. Dövlət başçıları – Azərbaycan Prezidenti İlham Əliyev və Belarus lideri Aleksandr Lukaşenko arasındakı dostluq münasibətlərini hamı yaxşı bilir. Bakıda təhsil almış, Stanislav Zasın Bakı ilə çox yaxşı əlaqələri var. Belarus nümayəndəsinin KTMT-nin baş katibi seçilməsi Bakı üçün ideal variant olar və Yerevanın təşkilatın adından istifadə edərək təxribat xarakterli bəyanatlarını yox səviyyəsinə endirərdi. Sadəcə olaraq, Paşinyan elə bir təəssürat yaratmaq istəyir ki, sona qədər mübarizə apardı və hətta millətçi qüvvələrə demək istəyəcək ki, Rusiyanın bu məsələdə maneəçilik törətməsi onun öz mövqelərini qorumasına imkan vermədi. Bir sözlə, Ermənistan əlini bu vəzifədən çoxdan üzüb”.