İRƏVAN BAKINI TERRORLA HƏDƏLƏYİR - Şuşanın işğalı günü hakimiyyətə gələn Paşinyanın məkrli niyyəti

Baxış sayı:
11128

Bu gün - mayın 8-də Nikol Paşinyanın rəsmən “taxt-tac”a oturmasının düz 1 ili tamamlanır. Həmin gün inqilab lideri Paşinyan ovaxtkı iqtidar partiyasının - respublikaçıların üstünlükdə olduğu parlamentdə kütlənin təzyiqi ilə ikinci cəhddə baş nazir seçildi. Dekabrda isə növbədənkənar parlament seçkiləri keçirildi və Paşinyan tərəfdarlarının mütləq çoxluqda olduğu yeni parlament formalaşdı.

Lakin parlaq siyasi zəfərə rəğmən, Paşinyan bu bir ildə onu hakimiyyətə gətirmiş kütləyə verdiyi əsas vədləri tuta bilməyib. Ölkənin və əhalinin vəziyyəti ağır olaraq qalır. Azərbaycanla müharibə təhlükəsi əsla aradan qalxmayıb, hətta artıb. Blokada vəziyyəti əvvəlki kimi davam edir, çünki iki əsas qonşu dövlət - Türkiyə və Azərbaycanla əlaqələrin normallaşması üçün Paşinyan heç bir addım ata, vəziyyəti yaxşıya dəyişə bilməyib. Yalnız bunu bəyan edib ki, “İrəvan Türkiyə ilə sərhədlərin qeyd-şərtsiz açılması və münasibətlərin bərpasına hazırdır” və bir də “Qarabağ münaqişəsinin həlli Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqlarını qane etməlidir” kimi hiyləgər mövqe sərgiləyib.

***

Nəticə necə olmalı idisə, o cürdür: işğalçı ölkə hələ də Rusiyanın regionda yeganə legitim forpostu və bölgənin “tullantı” ölkəsi kimi varlığını davam etdirir. Ermənistan 1 il öncə harada idisə, yenə təxminən oralardadır, uzağa getməyib. Əhalidə, hətta Nikol Paşinyanın qatı tərəfdarı olmuş kəsimdə “məxməri inqilab”dan dolayı məyusluq güclənməkdədir.   

O da diqqətçəkicidir ki, qonşu Türkiyə ilə münasibətləri normallaşdırmaqdan dəm vuran Paşinyan mayın 5-də Ankara ilə münasibətləri daha da qəlizə salacaq addım atıb. Söhbət ABŞ-da yaşamış erməni terrorçusu Qurgen Yanikyanın nəşinin Ermənistana gətirılərək təzədən dəfn olunmasından gedir.

“Yeni Müsavat” xatırladır ki, Q.Yanikyan 27 yanvar 1973-cü ildə ABŞ-ın Los-Anceles şəhərində iki türk diplomatını - konsul Mehmet Baydarı və vitse-konsul Bahadur Demiri qətlə yetirib və buna görə ömürlük həbs alıb.

Gurgen Yanikyan ile ilgili görsel sonucu

Gözlənildiyi kimi, rəsmi Ankara cəsədin qalıqlarının İrəvana gətirilməsi və hərbi qəbiristanlıqda təntənəli şəkildə dəfn edilməsinə sərt reaksiya verib. Türkiyə XİN-in bununla bağlı dünən yaydığı bəyanatda deyilir: “Türkiyə terrorçuların qəhrəmanlaşdırılmasına yönəlik hərəkətləri qətiyyətlə pisləyir. Belə hərəkətlər terrorizm hallarının artmasına xidmət edir ki, bu da cinayət və yolverilməz addımdır”.

Beləliklə, ötən bir ildə Paşinyan Türkiyəyə qarşı nifrətini, erməni terrorçuluğuna rəğbətini ilk dəfə açıq şəkildə büruzə verib. Hətta 20 il hakimiyyətdə olmuş Qarabağ klanı, Köçəryan-Sərkisyan xunta rejimi də belə şeyə getməmiş, yalnız faşist əlaltısı, erməni Qaregin Njdeyə İrəvanda abidə ucaltmışdı.

İstənilən halda Q.Yanikyanın nəşinin İrəvana gətirilməsi o anlama gəlir ki, yeni erməni hökuməti də Türkiyə və Azərbaycana qarşı ənənəvi terror taktikasına əl ata bilər. Demək, İrəvana qarşı heç bir güzəştli mövqedən söhbət gedə bilməz. Yeri gəlmişkən, Paşinyan gərək unutmasın ki, Türkiyədə 100 minə yaxın erməni əmək miqrantı - Ermənistan vətəndaşı öz ailəsinə çörək pulu qazanır və faktiki, bununla onun hökumətinin işini yüngülləşdirir...  

***

Azərbaycana münasibətə gəlincə, Nikol Paşinyanın bu ilin fevralında İranda səfərdə olarkən Tehrandakı erməni icması ilə görüşü zamanı dediyi aşağıdakı sözləri yada salmaq pis olmaz. Sitat: “Əgər kimsə Qarabağ məsələsini hədələrlə həll etməyi düşünürsə, o, dərindən yanılır, nədən ki, o halda o, bütün dünya ermənilərinə qarşı durmalı olacaq - hansı ki, bu gün daha sıx birləşiblər və Qarabağa hər hansı təhlükə zamanı bu birlik ikiqat, üçqat güclənəcək, indikindən daha böyük gücdə olacaq”.

Nikol Paşinyanın bu ilin fevralında İranda səfərdə ile ilgili görsel sonucu

Əhalisi ac-yalavac, özü blokada şəraitində olan, ordusuna düz-əməlli çağırışçı tapmayan və silahlanma yarışında Azərbaycanla ayaqlaşma imkanından, paritet yaratmaq şansından məhrum ölkənin böyük müharibədən necə çıxacağı çox maraqlıdır. Yeganə müqavimət üsulu kimi ermənilərin yaxşı bacardığı terror üsulu ağla gəlir. Paşinyan da Tehrandakı açıqlaması ilə əslində Azərbaycanı, erməni terrorçusunun nəşinin İrəvanda təntənəli şəkildə dəfnini təşkil eləməklə isə qardaş Türkiyəni terrorla hədələyib.

Türkiyə və Azərbaycan təbii ki, bu hədələrə baş əyəcək dövlətlər deyil. Ancaq təhlükə də nəzərə alınır. Bu xüsusda prezident Ərdoğanın baş müşaviri Yalçın Topçunun İrəvana ünvanlı sərt açıqlamasını yada salmağın yeri var.

ASALA ile ilgili görsel sonucu

Topçu demişdi ki, ermənilər ilk növbədə qondarma “soyqırım” iddiasından əl çəkməli, ASALA terror qruplaşmasının cinayətlərinə və Azərbaycan şəhəri Xocalıda insanlıq əleyhinə cinayətlərə görə cavab verməli, işğal etdiyi əraziləri qeyri-şərtsiz tərk edib Azərbaycandan üzr istəməlidir. Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması imkanına toxunan Ankara rəsmisi onu da söyləmişdi ki, Türkiyə dövləti İrəvanın səmimiyyətinə inanmır: “Ermənilər məcbur qalıb Türkiyə ilə yaxınlaşmaq üçün addım ata bilərlər, lakin onlardan səmimiyyət gözləmək sadəlövhlük olar. Tarixdə yaşanan hadisələr belə bir qərara gəlməyimizə əsas verir”.

Yəni Türkiyə faktiki surətdə Bakı və Ankara ilə münasibətləri normallaşdırmaq üçün İrəvana ən optimal bir “yol xəritəsi” verib. Qərar indi Ermənistanın 1 ildir populizmlə məşğul olan rəhbərinindir. Populizm dövrü isə bitib...      

“Yeni Müsavat”ın analitik xidməti