İRANLI AŞIQLARDAN MƏHƏRRƏM QASIMLIYA ETİRAZ – Anar Kərimova müraciət: “Onun Aşıqlar Birliyinə sədr təyin olunması elə İran aşıqları üçün də qara günlərin başlanğıcı oldu”

Baxış sayı:
5965

İran İslam Respublikasında fəaliyyət göstərən Aşıqlar Birliyinin qurucusu və sədri Səlcuq Şahbazi tərəfindən Muxalifet.az-ın redaksiyasına məktub daxil olub. Saytımız vasitəsilə Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini yerinə yetirən Anar Kərimova müraciət edən S.Şahbazi ilk öncə qeyd edir:
“Hörmətli redaksiya! Mən neçə illərdir ki, Azərbaycan Aşıqlar birliyinin sədri Məhərrəm Qasımlının İran Aşıqlar Birliyinə və İranda yaşayıb fəaliyyət göstərən aşıqlara qarşı qərəzli mövqeyinə görə fikirlərimi yazıb Azərbaycan mətbutına və dövlət rəsmilərinə müraciət edirəm. Amma indiyədək müraciətim mətbuatda işıqladırılsa da, heç bir nəticə görmədim. Ona görə də yeni Mədəniyyət nazirinə müraciət etdim. Ümid edirdim ki, bu dəfə müraciətim cavabsız qalmayacaq. Amma, görünür, M.Qasımlının bu nazirlikdəki himayədarları imkan verməyiblər ki məktubum nazirə çatsın. Ona görə də istəyirəm ki, sizin sayənizdə məktubum Anar Kərimova çatsın”.
Odur ki, Səlcuq Şahbazinin Anar Kərimova müraciətini olduğu kimi dərc edirik:
“Çox hörmətli Anar müəllim! Sizə İran Aşıqlar Birliyinin üzvləri adından müraciət edirəm.   
Hörmətli Anar müəllim, bu gün Azərbaycanda mədəniyyət sahəsində baş verənləri mən də diqqətlə izləyirəm. Çünki özüm də mədəniyyət işçisiyəm. Bilirəm ki, mədəniyyət elə sahədir ki, ona vurulan yara uzun illər sağalmır. Son illərdə aşıq sənətinə də Azərbaycanda böyük zərbə vurulub. 
Çox hörmətli Anar müəllim, Azərbaycan mətbuatını izləyərkən öyrəndim ki, ölkənizin Mədəniyyət nazirinin müavini və başqa rəsmiləri saxlanılıb. Nə gizlədim, Azərbaycanın mədəniyyətinin başında duran adamların belə yaramaz işlərindən bir azərbaycanlı kimi mən də məmnun olmadım. Ona görə ki, mən özüm də mədəniyyət admıyam və sovet höküməti yıxıldıqdan sonra tez-tez Azərbaycana gəlib mədəni tədbirlərdə iştirak etmişəm. 
Mən özüm aşıq, həm də İranda Aşıqlar birliyinin sədri olduğuma görə gördüklərimi, bildiklərimi sizə çatdırmaq istəyirəm ki, bəlkə işinizdə köməyinizə çatar. Azərbaycan Aşıqlar birliyinin sədri Məhərrəm Qasımlının Ə.Qarayevin etibarından istifadə etdiyini dəqiq bilirəm.
Məni sizə bu məktubu yazmağa ruhlandıran və qaldırdığım məsələlərin düzgün qiymətləndiriləcəyinə də böyük inam yaradan həm sizin bu vəzifədə layiqincə işləyəcəyinizə olan inamım, həm də hörmətli prezident cənab İlham Əliyevin son vaxtlarda etdiyi çıxışlardır. Çünki mənim deyəcəklərim də elə birbaşa Azərbaycanla və onun mədəniyyəti ilə, daha da doğrusu, mədəniyyətin başında duran bəzi yerində olmayanlarla bağlıdır.
Bilirsiniz ki, İranda 30 milyondan çox türk yaşayır. Burda öz dilimizdə yazıb-oxumasaq da, hər zaman dilimizi qoruyub, mədəniyətimizi yaşatmışıq. Burda qədim mədəniyyətimiz olan aşıq sənətini yaşadan aşıqlar Azərbaycan Respublikasında olandan qat-qat çoxdur. 2008-ci ildə Azərbaycan Aşıqlar Birliyinin başına Xalq şairi Zəlimxan Yaqubun gətirilməsi bizi çox sevindirdi. Çünki aşıqlara böyüklük etmək sazın-sözün qədrini bilən, sənət və söz sərrafı olan bir adama tapşırılırdı. Bir il sonra aşıq sənətinin UNESCO-da Azərbaycan xalqının mədəni milli sərvəti kimi qeydə alınmasına da az sevinmədik. Sevindik ki, dünya artıq aşıq sənətinin məhz bizim xalqımıza mənsub olduğunu qəbul edir. Zəlimxan Yaqubun rəhbərliyi ilə Azərbaycanda tez-tez böyük tədbirlər keçirildi və hər dəfə də İrandan aşıqlar dəvət olundu.
Azərbaycanda aşıq sənətinə göstərilən qayğı biz İran aşıqlarını da ruhlandırdı ki, bizim də özümüzün bir təşkilatımız olsun. Nəhayət çox çətinlikdən sonra buna nail olduq. 2014-cü ildə dövlətin rəsmi icazəsi və qeydiyyatı ilə İran Aşıqlar Birliyini yaratdıq və mən sədr seçildim. Bu gün İranın türklər yaşayan əksər vilayətlərində də şöbələrimiz var. Birliyimizin açılış tədbirinə Azərbaycan Mədəniyyət Nazirliyindən və Aşıqlar Birliyindən dəvət etdiyimiz qonaqlar da qatıldılar.

Bizim Azərbaycana hər gəlişimiz toy-bayrama çevrildi. Biz orda Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov, Çopur Ələsgər kimi böyük ustadlarla tanış olub sənət əlaqəsi yaratdıq, Azərbaycanın böyük alimlərindən olan, həm də saz-söz xiridarı Həsən Mirzə, Qəzənfər Paşayev, Muxtar İmanov və başqa böyük şəxsiyyətlərlə tanış olduq, Azərbaycana hər gəlişimizdə onlardan bəhrələndik. Ancaq çox təəssüf edirəm ki, bu sevincimiz çox çəkmədi. 2016-cı ildə Zəlimxan Yaqub dünyasını dəyişdi. Elə o gündən də Azərbaycanda aşıqların qara günləri başladı. Özünü üzdə aşıq sənətini sevən kimi göstərən, amma içində bu sənətin xain düşməni olan Məhərrəm Qasımlının Aşıqlar birliyinə sədr təyin olunması elə İran aşıqları üçün də qara günlərin başlanğıcı oldu. O gündən Məhərrəm Qasımlı Azərbaycanda keçirilən tədbirlərə yolumuzu bağladı.

Zəlimxan Yaqubun vaxtında Aşıqlar Birliyinin guya birinci katibi olan (ona görə guya deyirəm ki, o illərdə biz Bakıya gedəndə onu Birlikdə görməzdik) Məhərrəm Qasımlı Birliyin sədri kreslosuna sahiblənən kimi ilk işi İranda yaşayan aşıqlara müharibə elan etmək oldu. Yalnız özünə yaxın olan bir nəfərin əliylə hərdən 1-2 aşığı çağırıb telviziyada apardığı verilişinə çıxartdı. Əvəzində də hər yerdə, həm də mətbuatda dedi ki, İranda Aşıqlar Birliyi yoxdur, Şahbazi yalan danışır. Mən məcbur olub onun müsahibələrinə elə sizin ölkənin mətbuatında cavab verdim. Azərbaycanın Mədəniyyət naziri cənab Əbülfəs Qarayevə bu haqda yazdım. Nazirlikdən mənə rəsmi cavab verildi ki, Məhərrəm Qasımlının dedikləri Mədəniyyət Nazirliyinin mövqeyini əks etditrmir. O zaman soruşdum ki, əgər Məhərrəmin dedikləri nazirliyin mövqeyi deyilsə, o zaman bu adam hara qulluq edir, kimə xidmət edir. Niyə eyni xalqın iki dövlətdə yaşayan, eyni mədəniyyəti daşıyan sənətkarlarının arasında ayrı-seçkilik salır? Məqsədi nədir? Yoxsa İranda yaşayan soydaşları danmaqmı istəyir?  Bəs İranlı iş adamını necə Birliyə üzv edə bilir?
İranda yaşayıb fəaliyyət göstərən aşıqlara qarşı Məhərrəm Qasımlının qara niyyətinə dair nə qədər desəniz fakt qoyaram ortaya. Bəlkə də hardasa bunların üstündən keçmək də olardı. Amma son hərəkəti olmasaydı. Belə ki, bu yaxınlarda Azərbaycan mətbuatından və izlədyim sosial şəbəkələrdən eşitdim ki, Aşıqlar birliyi “Ozan-aşıq ensiklopediyası” adlı ikicildlik kitab buraxıb. Özü də, deyilənə görə, kitabı Prezidentin ayırdığı pul hesabına buraxıblar. Xəbəri eşidəndə əvvəlcə sevindim. Sevindim ki, hər halda sənət adına atılan addımdır. Amma sevincim çox da uzun çəkmədi. Azərbaycanda yaşayan bir sənətçi dostum məndən soruşdu ki, ensiklopediyada niyə İran Aşıqlar birliyi haqda məlumat yoxdur. Dedim ki, elə şey ola bilməz. Amma sənət dostum dedi ki, nəinki rəhbərlik etdiyin təşkilat və özün haqda, heç İrandakı bir çox görkəmli sənətkarlar haqda da məlumat yoxdur. Öyrəndim ki, yalnız özünə sərf edən bir neçə nəfər haqda ötəri məlumat yazıblar. Məndə sual yarandı və istədim soruşam ki, bir kitab ki, “mən dünyanın hər yerində yaşayan azərbaycnlıların prezidentiyəm deyən” və bu xalqın mədəniyyətinin inkişafı üçün əsirgəmədən vəsait ayrına hörmətli prezident İlham Əliyevin ayırdığı pulla çap olunur, bəs orda millətin nümayəndələri arasında niyə ayrı-seçkilik edilir?
Hələ orasını da demirəm ki, aşıq dostumun dediyinə görə, dövlətin hesabına buraxılan kitabdan heç həmin aşığa da çatmayıb. Çünki ona deyiblər ki, kitabı Bakıda “Elmlər Akademiyası” metrosunun yanındakı böyük akademiya kitab mağazasından 40 manata ala bilərsən. Düzü, mən onun sözlərinə inanmadım ki, belə şey olmaz, dövlət hesabına buraxılan kitabı necə özbaşına satmaq olar. Amma sonra həmən aşıq mağazanın vitrininə qoyulmuş kitabların şəklini çəkib mənə göndərdi. Əlbəttə, kitabın pulla niyə satılması mənim üçün elə də fərq etmir, onu siz araşdırmalısınız. Aşıq dostumun dediyinə görə, keçən il prezidentin Aşıqlara ayırdığı pulu Məhərrəm Qasımlı guya kitab buraxmaq adıyla mənimsəyib. Və bir qəzetçi dostumun da deyinə görə kitabda ensiklopediyadan əsər-əlamət yoxdur. 
Yenə deyirəm M.Qasımlının birliyə ayrılan pulları necə yeməsi məni o qədər də maraqlandırmaz. Çünki bu sizin dövlətin işidir. Amma məni maraqlandıran odur ki, bu adam sənətin inkişafı üçün ayrılan pulları özbaşına niyə talayır və niyə iki dövlət arasındakı aşıqlar arsına nifaq salır. “İranda Aşıqlar Birliyi yoxdur”, - deyən  bir adam necə olur ki, burdan ailə münaqişəsi üzündən qaçıb Bakıya gedən birisi üçün miqrasiya idarəsinə məktub yazır ki, bu adama bir illik oturum icazəsi verin, mən onun ifasını lentə yazacam. Sonra da fırıldağının üstü açılır, bundan İranda hər kəs xəbər tutur?
M.Qasımlı deyə bilər ki, İran ayrı dövlətdir, oranın aşıqlarının mənə dəxli yoxdur. O zaman mən sizə bir şəkil də göndərirəm. Şəkil 3 il əvvəl Moskvada çəkilib. Daha doğrusu, afişadır və mən bunu vaxtilə elə sizin mətbuatdan götürmüşəm. Gürcüstan vətəndaşı olan bir gənc aşığın Moskvada verdiyi konsertin afişasında özünə professor deyən və Azərbaycan Aşıqlar birliyinin sədri olan adamın şəkli nə gəzir. (axtarsanz Azərbaycan mətbuatında bu haqda var və mən elə sizin mətbuatdan götürdüyüm şəkil də sizə göndərirəm).

Baxın, aşıq gürcüstanlı, konset Rusiyada, afişada da aşıqla yanaşı Azərbaycan Aşıqlar birliyinin sədrinin şəkli. Yaxud İrandakı aşıqları yaxına buraxmayan adam Gürcüstanda yaşayan aşığa vəsiqəni hətta gürcü dilində verir.
Hörmətli Anar müəllim, sizə eyni zamanda müxtəlif vaxtlarda Azərbaycan mətbuatındakı çıxışlarımın, M.Qasımlının əməllərinə qarşı etirazlarımın yer aldığı yazıların linkini də göndərirəm.
Sizdən xahişim budur ki, bu adamın fəaliyyətini araşdırın, görün niyə İran aşıqları ilə, əslində elə İran dövləti ilə, belə qərəzli davranış qoyur ortaya. Axı aşıq sənəti ayrıca Azərbaycan Respublikasının yox, Azərbaycan millətinin mədəni sərvətidir. Bəlkə Məhərrəm Qasımlının niyyəti budur ki, biz də məcbur olub UNESCO-dan öz haqqımız tələb edək?
Və nəhayət, doğrudanmıAzərbaycanda bu təşkilata rəhbərlik edə biləcək daha münasib biri yoxdur?”

Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 
http://www.tezadlar.az/index.php?newsid=40614
https://modern.az/az/news/149344/
https://www.yeniavaz.com/az/news/index/61537/dede-edalete-gore-azerbayca...
http://www.tezadlar.az/index.php?newsid=31214
http://qlobal.az/iran-asiqlar-birliyinden-nvbeti-mektub-orxan-pasa-kimdi...